Taxıl biçininin gedişi barədə

07.08.2019, 11:18

Dənlilərin və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. 2019-cu il avqust ayının  5-nə olan məlumata əsasən payızlıq və yazlıq dənlilər və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 1039,5 min hektar sahənin 1026,5 min hektarı və yaxud 98,7 faizi biçilərək məhsulu yığılmışdır. Toplanmış məhsul 3218,0 min ton təşkil etmiş və məhsuldarlıq 31,4 sentnerə bərabər olmuşdur. Yığılmış məhsulun 2167,1 min tonu və yaxud 67,4 faizi buğda, 1014,9 min tonu (31,5 faizi) arpa, 36,0 min tonu (1,1 faizi) digər dənlilər və dənli paxlalı bitkilərdir.

Respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 33 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilmiş, digərlərində isə biçinin aparılma səviyyəsi 90,0 faizdən aşağı olmuşdur.

Ölkənin 25 rayonunda dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarı olmuşdur. Ən yüksək məhsuldarlıq Bərdə  (1 hektardan 43,1 sentner), Saatlı (müvafiq olaraq 41,4), Sabirabad (39,8), Tərtər (38,8), Ağdam (38,4), Salyan (38,0), İmişli (37,2),  Ağcabədi (36,1), Cəlilabad (35,0) və İsmayıllı (34,8) rayonlarında olmuşdur.     

Dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin digər rayonlara nisbətən daha yüksək istehsalı Şəki şəhərində (235,9 min ton), Cəlilabad (237,7 min ton), Kürdəmir (162,0 min ton), Ağsu (116,7 min ton), Füzuli (115,0 min ton), Neftçala (112,1 min ton), Ağcabədi (105,3 min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (109,8 min ton) müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-73-57