Dövlət Statistika Komitəsinin təmsilçiləri Kiyevdə keçirilən yüksək səviyyəli seminarda iştirak edirlər

25.10.2018, 11:01

23-25 oktyabr 2018-ci il tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində Avropa İttifaqının Statistika Bürosunun (Avrostat) təşkilatçılığı ilə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin statistika təşkilatlarının rəhbərliyi üçün “Rəsmi statistikanın müasirləşdirilməsi” mövzusunda yüksək səviyyəli seminar keçirilir. Seminarda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov və Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev iştirak edirlər.

Tədbir Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində strateji əməkdaşlıq, keyfiyyət, İSO 9001:2015 çərçivəsində yeni səmərəli idarəetmənin təşkili, statistik məlumatların istehsalı, yeni statistik metodologiyalar, statistik biznes prosesin modeli, rəsmi statistika məlumatlarının istehsalında inzibati məlumatların rolu, əhalinin siyahıyaalınması, innovativ statistika, statistik məlumatların yayılması və müəssisələrin işgüzar fəallığının öyrənilməsi məsələlərinin müzakirəsinə həsr edilib.

Yüksək səviyyəli seminarda Dövlət Statistika Komitəsinin nümayəndələri “Əməkdaşlıq əlaqələrinin qurulması: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təcrübəsi” mövzusunda geniş təqdimatla çıxış ediblər və mövzu ətrafında beynəlxalq ekspertlərin də iştirakı ilə fikir mübadiləsi aparılıb.