Bakıda “İqlim dəyişikliliyi təsirlərinin azaldılması üzrə tədbirlərinin işlənib hazırlanması və Milli Şəraitə Uyğun Təsirazaltma Tədbirləri (MŞUTT)” mövzusunda seminar keçirilmişdir

05.02.2014

Dövlət Statistika Komitəsinin nümayəndələri Sənaye və tikinti statistika şöbəsi müdirinin müavini Əbülfəz Kərimov və Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin sektor müdiri Rəna Lazımova 2014-cü ilin 27-28 yanvar tarixlərində Bakı şəhərində Asiya İnkişaf Bankının (AİB) dəstəklədiyi “Mərkəzi və Qərbi Asiyada İqlim Dəyişikliklərinin İqtisadiyatı; Mənfi azaldılması komponenti” layihəsi çərçivəsində “İqlim dəyişikliliyi təsirlərinin azaldılması üzrə tədbirlərinin işlənib hazırlanması və Milli Şəraitə Uyğun Təsirazaltma Tədbirləri (MŞUTT)” mövzusunda keçirilmiş seminarda iştirak etmişlər.
Seminarda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə yanaşı Ekologiya və Təbii Sərvətlər, Energetika, Maliyyə, Nəqliyyat, İqtisadiyyat və Sənaye nazirliklərinin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, ARDNŞ-nin, “Azerenerji” ASC-nin, Neft, Qaz və Kimya Geo-Texnoloji Problemlər Elmi-İqtisadi İnstitutunun, Radiasiya Problemləri İnstitutunun (MEA), iki qeyri-hökumət təşkilatı - Davamlı İnkişaf Uğrunda və Yaşıllar Hərəkatı, həmçinin Asiya və İnkişaf Bankının və Qazaxıstanın müvafiq nazirlik və təşkilatlarının nümayəndələri və ekspertləri iştirak edirdilər.
Seminarda “İqlim dəyişiklikləri təsirlərinin azaldılması və maliyələşdirilməsi üzrə AİB-nin strategiyası”, “Mərkəzi və Qərbi Asiyada İqlim Dəyişikliklərinin İqtisadiyatı; Mənfi azaldılması komponenti” layihəsi çərçivəsində Azərbaycanda və Qazaxıstanda keçirilmiş milli təşəbbüs seminarlarının nəticələri, Milli şəraitə uyğun təsirazaltma tədbirləri (MŞUTT-lar) və onların milli və beynəlxalq səviyyədə iqlim dəyişikliyinin mənfi nəticələrinin aradan qaldırılmasında rolu, Azərbaycanda və Qazaxıstanda iqlim dəyişikliyinin mənfi nəticələrinin aradan qaldırılmasına dair qısa və uzunmüddətli fəaliyyət planları, iqlim dəyişikliyi təsirlərinin azaldılmasına dair maliyyə dəstəyi və milli şəraitə uyğun təsirazaltma tədbirləri çərçivəsində regional fəaliyyət barəsində məlumat verilmişdir.
“Energetika və nəqliyyat sektorlarında inkişaf etməkdə olan meyarlar və MŞUTT-lara dair nümunələr”lə bağlı təqdimatlarla çıxış edən ekspertlər Azərbaycanda və Qazaxıstanda MŞUTT-lara dəstək göstərmək üçün institusional bazanın inkişaf etdirilməsi, o cümlədən tələblərin ölçülməsi və izlənməsi istiqamətlərində irəli sürülən tövsiyələr haqqında məlumat vermişlər.
Sonuncu təqdimat “İqlim dəyişikliyi təsirlərinin azaldılması tədbirlərinin beynəlxalq səviyyədə maliyyələşdirilməsinin qiymətləndirilməsi üçün MŞUTT-lardan istifadəyə dair” məsələlərlə bağlı olmuşdur.
Təqdimatlardan sonra tədbir iştirakçıları arasında diskussiya aparılmışdır.