Dövlət Statistika Komitəsi ilə sahibkarlıq subyektləri arasında qarşılıqlı münasibətlərə dair sorğunun nəticələri

22.01.2014

Statistik hesabatların təqdim edilməsi sahəsində sahibkarlıq subyektləri ilə qarşılıqlı münasibətlərin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə Dövlət Statistika Komitəsi sorğu keçirmişdir. 7 sualdan ibarət “Ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə Dövlət Statistika Komitəsi arasında qarşılıqlı münasibətlərə dair” elektron sorğu vərəqi Komitənin veb səhifəsində yerləşdirilmiş və könüllülük prinsipi əsasında sahibkarlıq subyektləri tərəfindən suallar cavablandırılmışdır.
Sorğuda 400-dən çox sahibkar iştirak etmişdir. Sorğunun nəticələrinə görə sahibkarların 70,7 faizi Dövlət Statistika Komitəsi və onun yerli orqanları ilə qarşılıqlı münasibətlərin onları qane etdiyini, 16,2 faizi qismən qane etdiyini, 13,2 faizi isə qane etmədiyini bildirmişdir.
Respondentlərin 89,0 faizi Dövlət Statistika Komitəsinin elektron xidmətlərindən istifadə etdiyini, 11,0 faizi isə etmədiyini qeyd etmişdir. “Veb səhifədən istifadə etməklə hesabatların elektron şəkildə təqdim olunması işinizə necə təsir etmişdir?” sualına sahibkarların 74,0 faizi “yaxşı”, 6,0 faizi “qismən yaxşı”, 19,0 faizi “pis” təsir etdiyini bildirmiş, 1,0 faizi isə cavablandırmamışdır.
Hesabatların elektron təqdimatı xidmətinin mövcud vəziyyətini qiymətləndirmək üçün verilmiş “Hesabatların onlayn rejimində təqdim edilməsi zamanı problemlərlə qarşılaşırsınızmı?” sualına respondentlərin 23,0 faizi “bəli”, 29,0 faizi “xeyr”, 46,0 faizi “bəzi hallarda” cavabını vermiş, 2,0 faizi isə sualı cavabsız buraxmışdır.
“Dövlət statistika orqanlarının daha hansı xidmətlərinin elektron formaya keçirilməsini istəyərdiniz?” sualına respondentlər “bütün hesabatların elektron formaya keçirilməsi”, “sahibkarlıqla bağlı bütün xidmətlərin”, “vakansiyaların”, “hər bir hesabatın hazırlanması haqqında elektron məlumatların”, ”2013-cü il üzrə rəqəmlərin saytda daha qısa zamanda əks olunması”, “müraciətlərin, məktubların göndərilməsi, işimizə aid maraqlandırılan sualların cavablandırılması”, “sığorta, bank sahələri üzrə məlumatlar”, “ölkəyə hansı məhsulun və hansı qiymətə daxil olduğu”, “məlumatların yoxlanması və vahid bazanın yaradılması”, “fiziki və hüquqi şəxslərin VÖEN-nə görə statistik kodunun tapılması”, “işləməyən müəssisələr ücün veb səhifəsində arayış formasının olması” və “onlayn ilkin qeydiyyatın təşkili” kimi məlumatların saytda yerləşdirilməsi haqqında öz təkliflərini vermişlər.
Respondentlərin 58,0 faizi Dövlət Statistika Komitəsinin internet səhifəsindən lazım olan məlumatları əldə edə bildiklərini, 9,0 faizi qismən əldə edə bildiklərini, 31,0 faizi isə tampadıqlarını bildirmişlər.
Uçot vahidləri ilə münasibətlərin daha da inkişafı məqsədilə Dövlət Statistika Komitəsi tərəfindən müxtəlif istiqamətlər üzrə elektron sorğuların təşkil edilməsi işi davam etdiriləcəkdir.