Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin Parisdə keçirilmiş "Avropa Statistikləri Konfransının 60-cı plenar sessiyası"nda iştirakı haqqında

20.06.2012

         Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev və Əmək statistikası şöbəsi müdirinin müavini Nemət Xuduzadə 2012-ci il iyun ayının 6-8-də Parisdə keçirilmiş İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və BMT-nin Avropa İqtisadi Komissiyasının birgə təşkil etdiyi "Avropa Statistikləri Konfransının 60-cı plenar sessiyası"nda iştirak etmişlər.
      İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının mərkəzi qərargahında təşkil edilmiş sessiyada 55 Avropa və digər dünya ölkələrinin milli statistika idarələrinin, eyni zamanda Avropa İttifaqının Avropa Statistika Bürosu, Avropa Azad Ticarət İttifaqı, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Valyuta Fondu, MDB Dövlətlərarası Statistika Komitəsi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, BMT-nin Statistika İdarəsi və Sənaye İnkişaf Təşkilatının nümayəndələri iştirak etmişlər.
      Üç gün davam edən tədbirdə BMT-nin Statistika Komissiyasının cari ilin fevral ayında keçirilmiş sessiyasının nəticələri ilə bağlı məlumat verilmiş və Avropa Statistikləri Konfransı Bürosunun tövsiyəsinə uyğun olaraq, BMT-nin 5 regional komissiyasının fəaliyyətini əks etdirən ümumi təqdimat olmuşdur.
      Konfrans tərəfindən siyahıyaalmalara dair ümumi problemlərin öyrənilməsi və onların həlli üçün təcrübə mübadiləsinin və müzakirələrin təşkili, tələb olunan keyfiyyətin növbəti 10 ildə keçiriləcək siyahıyaalmalar zamanı əldə olunması məqsədilə xüsusi komissiyanın yaradılması qəbul edilmiş, eyni zamanda, "Rəsmi statistikanın fundamental prinsipləri"nin yerinə yetirilməsi və milli statistika sistemlərinin əlaqələndirilməsi ilə bağlı məsələlərə dair müzakirələr aparılmışdır. Fundamental prinsiplərin vacibliyinə xüsusi əhəmiyyət verilməsi məqsədilə BMT-nin AİK İcraiyyə Katibliyi adından AİK üzv dövlətlərinin hökumətlərinə rəsmi məktub göndərilməsi qərara alınmışdır.
      Konfrans tərəfindən 2011-2012-illər ərzində Statistik Proqramın yerinə yetirilməsində AİK-nin üzərinə götürdüyü öhdəliklər bəyənilmiş və 2013-cü ildə keçirilməsi nəzərdə tutulan tədbirlərin siyahısı da daxil olmaqla, 2012-ci il üçün plan, eyni zamanda, 2012-2013-cü il üçün İkiillik Qiymətləndirmə Planı da daxil olmaqla, bu dövrlər üzrə proqram layihəsi və 2010-2011-ci illər üzrə Statistik altproqramlarının İkiillik Qiymətləndirmə hesabatı təsdiq edilmişdir.
      Konfransın 2013-cü il plenar sessiyasına mövzulara dair təkliflərin verilməsi ilə əlaqədar sorğuya uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi "Dayanıqlı inkişafın ölçülməsi" və "İnkişafın əsas göstəriciləri" mövzuları ilə bağlı öz təkliflərini AİK-in Statistika şöbəsinə göndərmiş və bu mövzular üzrə hesabatın hazırlanaraq təqdim edilməsi bəyənilmişdir.
      Aparılan ümumi müzakirələrdən sonra konfrans tərəfindən Avropa Statistikləri Konfransının 2013-cü ildə keçirilməsi nəzərdə tutulan plenar sessiyası üçün statistika sisteminə aid əsas məsələlərə dair mövzular və iştirakçıların irad və təklifləri nəzərə alınmaqla, 60-cı plenar sessiyanın yekunları haqqında hesabat təsdiq olunmuşdur.
      Dövlət Statistika Komitəsinin sədri "Rəsmi statistikanın fundamental prinsiplərinin Azərbaycanın rəsmi statistika sistemində rolu"na dair məruzəni sessiyaya təqdim etmiş və gündəlikdə olan məsələlərin müzakirəsində iştirak etmişdir.