Dövlət Statistika Komitəsi nümayəndəsinin Statistik informasiya sisteminin idarə olunmasına
dair görüşdə iştirakı haqqında

06.06.2012

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Yusif Yusifov 21-23 may 2012-ci il tarixində Beynəlxalq Valyuta Fondunun (BVF) BMT-nin Avropa İqtisadi Komissiyası (AİK), Avropa Statistika Bürosu (Avrostat) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ilə birlikdə ABŞ-ın Vaşinqton şəhərində, Statistik informasiya sisteminin idarə olunması mövzusunda təşkil etdiyi görüşdə iştirak etmişdir. Tədbirin əsas məqsədi statistika proseslərinin idarə olunması üçün informasiya sistemlərinin arxitekturasının modelləşdirilməsində, statistika məhsulunun hazırlanması prosesinin ardıcıllığı, innovasiya və əməkdaşlıq sahəsində tətbiq olunan əsas standartlarla ölkə mütəxəssislərinin tanış edilməsi və yaxşı təcrübələrin verilməsi olmuşdur.
Tədbirdə 23 ölkənin statistika təşkilatlarından və 7 beynəlxalq təşkilatdan ümumilikdə 80-ə yaxın mütəxəssis iştirak etmişdir. Tədbir BVF-in inzibati binasında keçirilmişdir.
Tədbir gündəliyə uyğun olaraq sessiyalara bölünmüşdür. İlkin sessiya statistika informasiya sisteminin arxitekturasına (məlumatların toplanması, işlənilməsi, yayılması üçün tətbiq olunan metod və üsullar, proqram vasitələri) həsr olunmuşdur. Tədbirin ikinci sessiyasında statistika məhsulunun ardıcıl mərhələlər üzrə nizamlanması, başqa sözlə informasiya axınının avtomatlaşdırılması ilə bağlı məruzələr edilmiş və məlumatların daxil edilməsi, işlənilməsi, yoxlanılması və nəşri mərhələləri üçün standartlaşdırılmış modellər haqqında məlumat verilmişdir. Mövzu ilə bağlı BVF, Avrostat, ABŞ, Yaponiya və Beynəlxalq Əmək Təşkilatının nümayəndələri çıxış etmişlər. Vurğulanmışdır ki, statistika orqanları üçün məlumatların idarə olunmasında əsas şərtlərdən biri məlumatların identifikləşdirilməsidir.
Üçüncü sessiya innovasiya ilə bağlı olmuşdur. Bu sessiyada Avstaliya, ABŞ, İtaliya və BVF-in nümayəndələri çıxış etmişlər. Bildirilmişdir ki, innovasiyanın statistikada tətbiqi ilkin mərhələdə əsasən yeni texnologiyaların yaranması ilə bağlı olmuş, növbəti dövrlərdə isə bu özünü proseslərin yeni metodlarla idarə olunmasında göstərmişdir.
Sonuncu sessiyada Veb səhifələrin təkmilləşdirilməsi, istifadəçilər üçün maksimum açıq və interaktiv veb səhifələrin hazırlanması müzakirə olunmuşdur. Avrostat, Avstraliya, İƏİT, BMT, İtaliya və Niderlandın nümayəndələri çıxış etmişlər. Qeyd olunmuşdur ki, statistik məlumatların aktiv rejimdə yayılması, mətn xarakterli məlumatların daha çox "html" formatında verilməsi, habelə rəqəmlə ifadə olunan göstəricilərin qrafiklərlə müşaiyət olunması veb səhifənin interaktivliyinə müsbət təsir edir. Statistikanın əməkdaşlığı mövzusunda olan sessiyada həmçinin Avrostatın "Google" informasiya axtarış sistemi ilə əməkdaşlığına dair təcrübəsi haqqında məlumat verilmişdir.
Görüşdə beynəlxalq təşkilatların SDMX-lə bağlı ayrı-ayrı ölkələrin statistika orqanları ilə əməkdaşlığın istiqamətləri, qarşıda duran vəzifələr və təcrübələrin bölüşdürülməsi ilə bağlı məsələlər haqqında məruzələr edilmişdir. Statistik informasiya sisteminin idarə olunması ilə bağlı yaradılmış məsələhət şurası və işçi qrupun fəaliyyəti haqqında məlumatlar verilmişdir. Qeyd olunmuşdur ki, məsləhət şurasının üzvləri tərəfindən veb səhifə yaradılmış və burada üzv ölkələrin təcrübələri verilmişdir. Tədbirin sonunda bu istiqamətdə əsas prioritetlər müəyyən olunmuşdur. Maraqların öyrənilməsi və onun registrinin yaradılması, qiymətləndirmələr, təcrübələrin bölüşdürülməsi mexanizmi, proqram platformalarının yaradılması üçün kommersiya təşkilatlarına dəstək, qlobal SDMX registrinin hazırlanması və s. məsələlərin diqqətdə saxlanılması nəzərə alınmışdır.