Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜDÜR
2012-ci ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,4 faizini və ya 4 milyon 661,7 min nəfərini qadınlar təşkil etmişdir.
Qadınların 58,8 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 24 uşaq gətirir. Ötən il doğulmuş 176,1 min körpənin 46,2 faizini qızlar təşkil etmişdir.
Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 25 doğum evi, 214 qadın məsləhətxanası, 258 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,3 yaş yüksək olaraq 76,2 yaşa bərabərdir.
Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,5 faizdir. Ümumtəhsil müəssisələrində müəllimlərin 76,0 faizi, orta ixtisas təhsil müəssisələrində 73,0 faizi, ali təhsil müəssisələrində 48,0 faizi, həkimlərin isə 63,0 faizi qadınlardır. Ümumtəhsil məktəblərində şagirdlərin 46,0 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,0 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 47,0 faizi qızlardır.
Elmin inkişafında da qadınların müstəsna rolu vardır. Doktorantların 35,1 faizini, bütün elmi işçilərin isə 55,3 faizini qadınlar təşkil edir. Son 5 ildə elmlər doktoru dərəcəsi olan qadınların sayı 31,7 faiz, fəlsəfə elmləri doktoru dərəcəsi olan qadınların sayı isə 14,0 faiz artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i, akademiklərdən 3-ü qadındır.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,3 faiz, sahibkarlar arasında isə 16,2 faizdir. İdmançılarımızın 28,0 faizini qadınlar təşkil edir.
Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 16,0 faizə çatmışdır.
Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 5 dəfə artaraq 4194 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,1 faiz olmuşdur. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4,0 faiz təşkil etmişdir.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2005-ci ildə onların sayı 2285 nəfər olduğu halda, 2011-ci ildə 6445 nəfərə çatmışdır.
Beləliklə, Azərbaycan qadınları cəmiyyətimizin tam hüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edirlər.