21.10.5015

"Ümumdünya statistika günü"nə həsr olunmuş təntənəli iclas keçirilmişdir

2015-ci il oktyabrın 20-də "Ümumdünya statistika günü"nə həsr olunmuş təntənəli iclas keçirilmişdir.
Dövlət Statistika Komitəsinin əməkdaşları ilk öncə Fəxri xiyabana gedərək ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuş, görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzmüşlər. Həmçinin, ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı da ziyarət edilmişdir.
Tədbirdə mərkəzi icra orqanlarının rəhbərləri, Milli Məclisin deputatları, Azərbaycan Milli Elmlər Akademıyasının, ali təhsil ocaqlarının nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı ofislərinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov "Ümumdünya Statistika Günü" ilə əlaqədar tədbir iştirakçılarına geniş məlumat verdi. Komitə sədri qeyd etdi ki, Azərbaycan Respublikası "Ümumdünya Statistika Günü"nün qeyd olunmasına xüsusi önəm verərək BMT-nin Baş Assambleyasının qəbul etdiyi qətnaməyə həm-müəllif kimi qoşulmuşdur. Azərbaycanın statistika işçiləri üçün bu il həm də ölkəmizdə rəsmi statistikanın 95 yaşının tamam olması ilə əlamətdardır. Azərbaycanın statistika orqanları bugünki səviyyəyə çatmaq üçün 95 illik çətin yol keşmiş, yalnız Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq layiq olduğu dəyərə malik dövlət qurumuna çevrilmişdir.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə milli kadrların yetişdirilməsi sahəsində uzaqgörənliklə həyata keçirdiyi kadr siyasəti statistika sistemini də əhatə etmişdir. Bu dövrdə gənc milli kadrların statistika orqanlarında rəhbər vəzifəyə təyin olunması kütləvi xarakter almışdır. Onun göstərişi ilə 40-dan çox rayon və şəhər statistika idarələri üçün yerli inzibati binalar tikilmişdir.
Ulu öndərin həyata keçirdiyi islahatlar çərçivəsində 18 fevral 1994-cü ildə imzalanmış "Statistika haqqında" Azərbaycan Respublikasının Qanunu statistika sahəsində yeni dövrün başlanmasına təkan vermişdir. Bundan başqa, həmin dövrdə dövlət statistika sistemində islahatların aparılmasına dair ardıcıl olaraq iki beşillik dövlət proqramları həyata keçirilmişdir.
Prezident İlham Əliyevin ölkə rəhbəri seçildiyi gündən respublikamızda vüsət almış sürətli sosial-iqtisadi inkişaf statistika sistemi qarşısında da yeni vəzifələr müəyyən etmişdir. Bu sahənin inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarının icrası Azərbaycan statistikasının dünya statistika sisteminə inteqrasiyasını sürətləndirmiş, 13 ölkənin statistika оrqanları ilə statistika sahəsində əməkdaşlığa dair sazişlər imzalanmışdır.
Tədbirdə "Ümumdünya statistika günü" ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirildi və videoçarx tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Sonra Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov Azərbaycanda rəsmi statistikanın bu günü və inkişaf perspektivləri barədə geniş məlumat verdi.
Tədbirdə "Statistika xəbərləri" elmi-praktik jurnalının təqdimatı oldu. Jurnalın baş redaktoru Sakit Yaqubov statistika elminin nailiyyətlərinin, iqtisadi-statistik təhlillərin, mühüm statistik göstəricilərin və onların hesablanma metodologiyalarının, statistikaya dair beynəlxalq aləmdə baş verən yeniliklərin geniş ictimaiyyətə çatdırılması məqsədilə təsis edilmiş "Statistika xəbərləri" elmi-praktiki jurnalının geniş oxucu kütləsi üçün maraqlı, həmçinin statistikanın nəzəri və praktiki məsələlərinin həlli üçün dəyərli mənbə olacağına ümid etdiyini bildirdi. Sakit Yaqubov onu da əlavə etdi ki, jurnalın rüblük dərc edilməsi nəzərdə tutulub. Azərbaycan və rus dillərində dərc olunan dərgidə, gələcəkdə ingilis dilində məqalələrə yer veriləcəyi də bildirildi. "Statistika xəbərləri" elmi-praktiki jurnalının işıq üzü görmüş ilk nömrəsi tədbir iştirakçılarına təqdim olundu.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkələrin iqtisadi, sosial, demoqrafik, ekoloji və digər sahələrdə hərtərəfli təhlillərin aparılmasında statistikanın müstəsna əhəmiyyətə malik olduğunu bildirdi. Eyni zamanda, ölkənin dayanıqlı sosial-iqtisadi inkişafını təmin edən Dövlət Proqramlarının hazırlanmasında, icrasının qiymətləndirilməsində statistik göstəricilərin əhəmiyyətindən danışdı.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd etdi ki, statistika sahəsindəki yeniliklər və beynəlxalq standartlara uyğunlaşma çox uğurla həyata keçirilir. Son illər Mədəniyyət və Turizm Nazirliyi Dövlət Statistika Komitəsi ilə birgə Ümumdünya Turizm Təşkilatının tövsiyəsi ilə statistik hesabatların hazırlanması istiqamətində apardığı iş ənənəyə çevrilmişdir.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Antonius Bruk qeyd etdi ki, BMT-nin müxtəlif təşkilatları etibarlı və vaxtlı vaxtında məlumat və göstəricilərin istehsal olunmasına kömək etmək və beynəlxalq səviyyədə tanınmış qabaqçıl yanaşmaların istifadəsini stimullaşdırmaq məqsədilə Dövlət Statistika Komitəsi ilə sıx əməkdaşlıq edir. Etibarlı statistika çox mühümdür və təsadüfi deyildir ki, bu il "Daha təkmil statistika, daha yaxşı həyat" adı altında müşahidə olunur.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, statistika olmasa Azərbaycan iqtisadiyyatının təhlili aparıla bilməz. Son iyirmi ildə Azərbaycan özünün milli statistikasını yaradıb və hazırda Azərbaycanda dünyəvi standartlara cavab verən statistik məcmuələr hazırlanır.
Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşenko statistika orqanlarında həyata keçirilən vahid təcrübədən danışdı.
Tədbirdə Prezident Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin sektor müdiri Mehman Tağıyev, Nazirlər Kabinetinin İqtisadiyyat şöbəsinin müdiri Şahin Sadıqov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və digərləri statistika orqanları ilə əməkdaşlıq və məlumat mübadiləsinin vacibliyini qeyd etdilər.
Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 oktyabr 2015-ci il tarixli sərəncamı ilə təltif edilən komitə əməkdaşlarına orden və medallar təqdim olundu. Təltif olunan əməkdaşlar belə mötəbər mükafata layiq görüldüklərinə görə dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər. Daha sonra ayrı-ayrı dövlət orqanlarında statistika ilə məşğul olan şəxslərə Dövlət Statistika Komitəsinin fəxri fərmanları verildi.
Cənab Tahir Budaqov təltif olunmuş şəxsləri təbrik etdi və gələcək fəaliyyətlərində onlara uğurlar arzuladı
Sonda tədbir iştirakçıları adından ölkə prezidentinə müraciət qəbul olundu.

Fotoşəkillər