AZ    EN
logo
image

Dövlət Statistika Komitəsində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

26.02.2026, 15:16

Fevralın 26-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirin açılışında Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə qeyd edildi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, insan hüquqlarına və beynəlxalq hüquq normalarına qarşı törədilmiş bir cinayət idi. Eyni zamanda, bu faciə Sovet imperiyasının son dövrlərində mərkəzi hakimiyyətin ədalətsiz və qərəzli siyasətinin, ikili standartlarının acı nəticəsi, uzun illər davam edən erməni millətçi-şovinist siyasətinin və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzkar planların qanlı təzahürü idi.

Bildirilib ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması və haqq səsimizin dünyaya çatdırılması üçün Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə məqsədyönlü fəaliyyət başlamış, möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına uyğun olaraq “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə davam etdirilmişdir. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində beynəlxalq tədbirlər, sərgilər, konfranslar keçirilmiş, Xocalı qurbanlarının xatirəsinə abidələr ucaldılmışdır.

Qeyd olunub ki, bugün torpaqlarımızın işğaldan azad olunmasından sonra həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təhlükəsiz, dayanıqlı və müasir yaşayış mühiti formalaşdırılır ki, Xocalı rayonu da bu prosesin mühüm istiqamətlərindəndir. Xocalının dirçəldilməsi təkcə sosial layihə deyil – bu, tarixi ədalətin bərpasıdır.

Sonda Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilib.

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim