Meşəbərpa tədbirlərinin aparılması haqqında
Ölkədə meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyasının və təbii biosenozların yoxa çıxması təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 2025-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən 7381,3 hektar sahədə yaxud əvvəlki illə müqayisədə 1,8 faiz az meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilmişdir. Görülmüş tədbirlər çərçivəsində 682,4 hektar sahədə meşə əkinləri, 502,6 hektar sahədə meşə səpinləri aparılmış, 2,0 hektar sahədə meşə-bağlar, 8,3 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınmış və 6186,0 hektar sahədə təbii bərpaya kömək məqsədilə tədbirlər görülmüşdür. Ümumilikdə xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 17249,4 hektar təşkil etmişdir.
Bundan başqa, toxmacar və cavan bitki şitilləri yetişdirmək məqsədilə 16,5 hektar sahəyə toxum səpilmiş, çilik kökləndirməsi məqsədilə 2,0 hektar sahəyə 127,0 min ədəd çilik basdırılmışdır.
2025-ci ildə meşə fondu sahələrindən 105,5 ton yaxud əvvəlki illə müqayisədə 2,7 faiz az meyvə, meşə-ağac və kol cinslərinin toxumları tədarük edilmişdir. Bunların 102,2 tonu meşə-ağac və kol cinsləri toxumlarının, 3,3 tonu isə meyvə ağacları toxumlarının payına düşmüşdür.
Əlaqə nömrəsi: 377 10 70 (22-40)
