Dövlət Statistika Komitəsində 2025-ci ilin yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib
Fevralın 13-də Komitənin aparatının struktur bölmələrinin, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin, şəhər və rayon statistika idarələrinin rəhbərlərinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində 2025-ci ildə ölkənin statistika orqanlarının fəaliyyəti və 2026-cı ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
İclasda 2025-ci ildə Dövlət Statistika Komitəsi tərəfindən rəsmi statistika sisteminin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat verilərək qeyd edilib ki, görülmüş işlər çərçivəsində metodoloji baza beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirilmiş, statistik istehsal prosesində rəqəmsal və innovativ həllərin tətbiqi genişləndirilmişdir. Bundan başqa, kənd təsərrüfatının siyahıyaalınması ilk dəfə olaraq ölkədə CAPI üsulu ilə həyata keçirilmiş, elektron xidmətlər modernləşdirilmiş və məlumatların əlçatanlığı artırılmışdır. Dayanıqlı İnkişaf Məqsədləri üzrə statistik baza genişləndirilərək məlumat istehsalı təmin olunan göstəricilərin sayı 153-ə çatdırılmışdır.
Daha sonra ölkədə milli statistika sisteminin inkişafını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 dekabr tarixli 860 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edildiyi vurğulanıb. Dövlət Proqramının icrasının rəsmi statistika məlumatlarının keyfiyyətinin, operativliyinin və beynəlxalq müqayisəliliyinin daha da yüksəldilməsinə xidmət edəcəyi qeyd edilib.
Komitənin sədri Azər Mursaqulov bildirib ki, Komitədə rəsmi statistika məlumatlarının keyfiyyətinin, operativliyinin və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi istiqamətində bir sıra mühüm nəticələr əldə edilmişdir. Bununla yanaşı sədr, statistikanın yalnız rəqəmlər toplusu deyil, dövlətin mühüm qərarlarının qəbulunda əsas informasiya bazası olduğunu və bu baxımdan məlumatların etibarlılığı, obyektivliyi, dəqiqliyi və vaxtında təqdim olunmasının prinsipial əhəmiyyət daşıdığını nəzərə çatdırıb, həmçinin tövsiyə və tapşırıqlarını bildirib.
Komitə sədri çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” ilə bağlı müşavirədə müəyyən etdiyi strateji yanaşmanın xüsusi əhəmiyyətini vurğulayaraq, proseslərin avtomatlaşdırılması, süni intellekt və digər rəqəmsal həllərin tətbiqinin statistika sisteminin gələcək inkişaf modelini müəyyən edən əsas istiqamətlərdən biri olacağını və kadr potensialının daha yüksək əlavə dəyər yaradan fəaliyyətə yönəldilməsinə şərait yaradacağını, rəqəmsal transformasiyanın statistikanın gələcək inkişaf prioritetlərindən biri olmaqla, milli statistika sisteminin dayanıqlı və müasir əsaslarla inkişafına xidmət edəcəyini bildirib.






.jpeg)