Dövlət Statistika Komitəsinin yeni vəzifəyə təyin edilmiş sədri Komitənin kollektivinə təqdim olunub
Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2026-cı il tarixli Sərəncamına əsasən Dövlət Statistika Komitəsinin sədri təyin edilən Azər Mursaqulovu Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov fevralın 11-də Komitənin kollektivinə təqdim edib.
Təqdimat zamanı çıxış edən Xalid Əhədov cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında aparılan genişmiqyaslı islahatların bütün sahələri əhatə etdiyini, statistika sahəsinin isə xüsusi əhəmiyyət daşıdığını bildirib.
Dövlət Statistika Komitəsinin fəaliyyətinin dövlət başçısının daim diqqətində olduğunu vurğulayan Xalid Əhədov, dünyada baş verən proseslərin, rəqəmsallaşmanın ölkənin sosial-iqtisadi və digər sahələrinə təsiri fonunda dövlət qurumlarının, eyni zamanda Komitənin də qarşısında duran yeni vəzifələrdən bəhs edib. Xalid Əhədov bu vəzifələrin uğurla icra olunacağına əminliyini ifadə edib və yeni təyin olunmuş sədrə, eləcə də kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.
Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov çıxışında ona göstərilən etimada görə cənab Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib. O qeyd edib ki, Komitə qarşısında qoyulan hədəflərin layiqincə icrası, innovativ yanaşmaların tətbiqi, data əsaslı qərarların qəbulu üçün statistika sahəsinin davamlı inkişafı və ölkənin sosial-iqtisadi tərəqqisinə töhfə verəcək islahatların ardıcıl şəkildə həyata keçirilməsi istiqamətində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bilik, təcrübə və səylərini səfərbər edərək əzmlə çalışacaqlar.

