Xarici ticarət əlaqələri haqqında
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 177 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 126 ölkəyə məhsul ixrac olunmuş, 170 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 43830,5 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 22642,2 milyon dollarını və ya 51,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 21188,3 milyon dollarını (48,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1453,9 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 2,4 faiz artmış, real ifadədə isə 9,2 faiz azalmışdır. İdxal real ifadədə 10,4 faiz, ixrac isə 8,3 faiz azalmışdır.
2025-ci ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 3317,0 milyon dollar təşkil etmiş və 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 7,3 faiz artmış, real ifadədə isə 17,9 faiz azalmışdır.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25,2 faizi İtaliya, 11,7 faizi Türkiyə, 10,1 faizi Rusiya, 9,5 faizi Çin, 3,1 faizi ABŞ, 2,9 faizi Almaniya, 2,3 faizi Birləşmiş Krallıq, hər biri 2,0 faiz olmaqla Avstraliya və İsveçrə, 1,8 faizi Çexiya, hər biri 1,7 faiz olmaqla Bolqarıstan, Yunanıstan və Gürcüstan, hər biri 1,5 faiz olmaqla Xorvatiya və Rumıniya, 1,4 faizi Qazaxıstan, 1,3 faizi İran, hər biri 1,1 faiz olmaqla Özbəkistan və Ukrayna, 1,0 faizi Portuqaliya, 0,9 faizi Fransa, hər biri 0,8 faiz olmaqla Belarus və Hindistan, 12,9 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 46,2 faizini İtaliyaya, 13,1 faizini Türkiyəyə, 4,6 faizini Rusiyaya, hər biri 3,2 faiz olmaqla Bolqarıstan, Yunanıstan və Çexiyaya, 2,8 faizini Xorvatiyaya, 2,7 faizini Gürcüstana, 2,5 faizini Rumıniyaya, 2,3 faizini Almaniyaya, hər biri 1,8 faiz olmaqla Portuqaliya və İsveçrəyə, 1,2 faizini Birləşmiş Krallığa, 1,1 faizini İrlandiyaya, hər biri 0,9 faiz olmaqla Ukrayna və Tunisə, 0,8 faizini Niderlanda, 0,7 faizini Fransaya, 0,6 faizini Hindistana, hər biri 0,5 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Serbiyaya, 5,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,5 faiz), Türkiyəyə (16,5 faiz), İsveçrəyə (9,5 faiz), Gürcüstana (9,2 faiz), Ukraynaya (5,7 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,2 faiz), Qazaxıstana (2,6 faiz), Belarusa (2,1 faiz), Özbəkistana (2,1 faiz), Türkmənistana (1,7 faiz), ABŞ-a (1,6 faiz), Almaniyaya (1,2 faiz), İtaliyaya (1,2 faiz), Çinə (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,5 faizi Çin, 16,1 faizi Rusiya, 10,0 faizi Türkiyə, 6,2 faizi ABŞ, 4,2 faizi Avstraliya, hər biri 3,6 faiz olmaqla Birləşmiş Krallıq və Almaniya, 2,6 faizi İran, 2,5 faizi Qazaxıstan, 2,3 faizi İsveçrə, hər biri 2,1 faiz olmaqla İtaliya və Özbəkistan, 1,5 faizi Yaponiya, hər biri 1,4 faiz olmaqla Belarus, Braziliya, Meksika və Koreya, hər biri 1,3 faiz olmaqla Kanada və Cənubi Afrika Respublikası, 1,2 faizi Ukrayna, 1,1 faizi Fransa, 1,0 faizi Hindistan, 12,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2025-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 23,2 faiz, təzə tərəvəz – 18,9 faiz, şəkər – 61,7 faiz, siqaretlər – 39,1 faiz, kartof – 47,3 faiz, bitki yağları – 12,8 faiz, mineral gübrələr – 1,8 faiz, polietilen – 7,7 faiz, emal olunmamış alüminium – 77,8 faiz, sement klinkerləri – 11,4 faiz, pambıq ipliyi – 23,4 faiz artmış, meyvə və tərəvəz şirələri ixracı isə 3,6 faiz, tütün – 38,5 faiz, meyvə və tərəvəz konservləri – 16,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 26,7 faiz, çay – 0,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 20,0 faiz, pambıq lifi – 9,9 faiz, polipropilen – 2,2 faiz, elektrik enerjisi – 30,1 faiz, qara metallardan borular – 8,7 faiz, qara metallardan çubuqlar – 40,9 faiz, bentonit gili – 19,2 faiz azalmışdır.
2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 2025-ci ilin yanvar-noyabr aylarında buğda idxalı 1,3 faiz, xam şəkər – 29,3 faiz, kartof – 3,2 faiz, mal əti – 4,7 faiz, təzə tərəvəz – 33,4 faiz, siqaretlər – 2,6 dəfə, minik avtomobilləri – 29,2 faiz, avtobuslar – 2,1 dəfə, mineral gübrələr – 4,4 faiz, məişət kondisionerləri – 10,6 faiz, polietilen – 20,0 faiz, polipropilen – 6,8 faiz, qara metallardan künclüklər – 2,2 faiz, məişət soyuducuları – 12,1 faiz artmış, bitki yağları idxalı isə 7,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 12,7 faiz, təzə meyvə – 13,9 faiz, şokolad və şokolad məhsulları – 4,5 faiz, unlu qənnadı məmulatları – 2,0 faiz, çay – 0,9 faiz, quş əti və onun əlavə məhsulları – 29,2 faiz, dərman vasitələri – 15,7 faiz, polad prokatı – 2,7 faiz, qara metallardan borular – 10,1 faiz, hesablama maşınları, blok və qurğuları – 11,3 faiz, ayaqqabılar – 3,6 faiz, rezin şinlər – 3,6 faiz, sintetik yuyucu vasitələr – 7,9 faiz, mebellər – 2,5 faiz, yük avtomobilləri – 6,9 faiz, qara metallardan çubuqlar – 13,9 faiz, paltaryuyan maşınlar – 10,0 faiz, sement – 18,9 faiz azalmışdır.
Əlaqə telefonu: 377 10 70 (22-60)
