BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun (SİAP) İdarəetmə Şurasının 21-ci sessiyası, Asiya və Sakit okean ölkələrinin milli statistika qurumlarının rəhbərləri üçün 20-ci idarəetmə seminarı keçirilib
2025-ci ilin 1-4 dekabr tarixlərində Yaponiyanın Çiba və Tokio şəhərlərində SIAP-ın İdarəetmə Şurasının 21-ci sessiyası, Asiya və Sakit okean ölkələrinin milli statistika qurumlarının rəhbərləri üçün 20-ci İdarəetmə seminarı, həmçinin Yaponiya Statistika Bürosunun SIAP-la birgə Əməkdaşlıq seminarı və Ümumdünya Statistika Günü ilə bağlı Forum keçirilib.
Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov iştirak edib.
İdarəetmə Şurasının sessiyasında SIAP-ın 2025-ci ildəki fəaliyyətinə dair hesabat, maliyyə planı, 2026-cı il üzrə iş planının layihəsi və digər cari məsələlər müzakirə edilib. Qeyd edilib ki, 2025-ci ildə əsas diqqət iqlim dəyişikliyi, milli hesablar sistemi və sosial statistikaya, süni intellekt və maşın öyrənməsinə dair təlimlərə yönəldilib, yanvar-sentyabr aylarında SİAP tərəfindən təşkil edilmiş 27, o cümlədən 16 əyani və 11 onlayn təlim kursunda 4650 nəfərin iştirakı təmin olunub. 2026-ci ilin iş və maliyyə planı barədə məlumat verilərək bildirilib ki, UNESCAP-ın və BMT-nin Statistika Komissiyasının prioritetləri, üzv dövlətlər üzrə təlim ehtiyaclarının qiymətləndirilməsinə dair sorğunun nəticələri və müasir statistik meyllər nəzərə alınmaqla, SIAP-ın iş planına reyestrə əsaslanan əhali siyahıyaalınması, yoxsulluq, ətraf mühit, iqlim dəyişikliyi, milli hesablar, qiymət, enerji, fəlakətlərə dair statistika, dayanıqlı inkişaf məqsədləri üçün irihəcmli məlumatlar, maşın öyrənməsi və süni intellekt, məlumatların vizualizasiyası, statistikada keyfiyyətin, məlumatların idarə edilməsi, statistikanın inkişafı üzrə milli strategiya, statistik liderlik və savadlılığa dair mövzular daxil edilib. Şura üzvləri SIAP-ın gördüyü işləri yüksək qiymətləndirib, 2026-cı il üzrə iş və maliyyə planını təsdiq edib.
Sessiyadan sonra Asiya və Sakit okean ölkələrinin milli statistika qurumlarının rəhbərləri üçün 20-ci İdarəetmə seminarı baş tutub. Seminarın əsas mövzusu statistik məlumat istifadəçiləri ilə əlaqələrin təşkilində liderlik və idarəetmə bacarıqlarının gücləndirilməsi olmuşdur. Seminarda dövlət qurumlarının, sahibkarların, qeyri-hökumət təşkilatlarının və digər statistik məlumat istifadəçilərinin məlumatlara olan tələbatının ödənilməsi, bu məqsədlə istehsal olunan statistik məhsulların, yaradılan infrastrukturun səmərəli idarə olunması və strateji hədəflərin müəyyən olunması sahəsində ölkə təcrübələri bölüşülüb, müxtəlif ssenarilər üzrə təqdimatlar həyata keçirilib.
Yaponiya Statistika Bürosunun SIAP-la birgə təşkil etdiyi əməkdaşlıq seminarı məlumatların toplanması və yayılmasının təkmilləşdirilməsinə həsr olunub. Seminarın əsas məqsədi bu sahədə təcrübələrin bölüşülməsi yolu ilə milli statistika qurumlarının rəsmi statistika məlumatlarının istifadəçiləri ilə qarşılıqlı əlaqəsinin gücləndirilməsinə töhfə verməkdən ibarət olmuşdur.
Sessiya və seminarlardan sonra Yaponiya Hökumətinin Daxili İşlər və Kommunikasiyalar Nazirliyinin təşkilatçılığı ilə Ümumdünya Statistika Günü ilə əlaqədar Forum da keçirilib.


.jpeg)
.jpeg)