Dövlət Statistika Komitəsi Yüksək Səviyyəli Seminarda təmsil olunub
2024-cü ilin 11-13 sentyabr tarixlərində Avropa İttifaqının Statistika İdarəsi (Avrostat) tərəfindən Avropa Azad Ticarət Assosiasiyası və BMT-nin Avropa İqtisadi Komissiyası ilə əməkdaşlıq çərçivəsində Serbiyanın Belqrad şəhərində “Yeni məlumat ekosistemində statistika idarəçiliyi: məlumat sahibləri, rəsmi statistikanın digər istehsalçıları və istifadəçilər arasında əlaqələrin qurulması və idarə olunması”na dair Yüksək Səviyyəli Seminar keçirilib. Tədbirdə Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov və aparatın Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev iştirak edib.
Tədbir zamanı Avropa Qonşuluq Siyasətinin Şərq regionu, habelə Mərkəzi Asiya ölkələrində son illərdə statistika sahəsində əldə edilmiş nailiyyətlər, inzibati və fərdi məlumat sahibləri və istifadəçilərlə əlaqələrin idarə edilməsi, milli statistika sistemində əlaqələndirmə, statistik əməkdaşlıq, statistika sistemlərinin və sahələrinin qiymətləndirmələri və s. məsələlərə dair sessiyalar təşkil olunub və iştirak edən ölkələrin milli statistika qurumlarının yüksək vəzifəli şəxsləri tərəfindən mövzulara dair təqdimatlar edilib.