Sankt-Peterburqda Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunan beynəlxalq tədbirlər keçirilir
12-15 sentyabr tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Rusiya Dövlət Statistika Federal Xidməti və Dünya Bankının birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) monitorinqi üçün statistik potensialın artırılması” mövzusunda beynəlxalq seminar və Dayanıqlı İnkişaf Məqsədləri Statistikası üzrə BMT-nin Avropa İqtisadi Komissiyasının Avropa Statistikləri Konfransının İdarəetmə Qrupunun iclası keçirilir. Tədbirlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri Rasim Səfərov iştirak edir.
Üç gün davam edən beynəlxalq seminar və iclasda qlobal, regional və milli səviyyədə DİM göstəricilərinin monitorinqi sahəsində əldə olunun son nailiyyətlər, göstəricilər üzrə milli məlumatların toplanması, işlənməsi, yayılması, beynəlxalq təşkilatlara ötürülməsi və onların doğru-dürüstlüyü sahəsində mövcud problemlər, DİM göstəriciləri üzrə milli hesabatlıq platformalarının hazırlanmasına dair ölkə təcrübələri, habelə BMT-nin DİM göstəriciləri üzrə Təşkilatlararası və Ekspert Qrupu (İAEG-SDG) tərəfindən hazırlanmış qlobal göstəricilər sisteminin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslər, DİM-in monitorinqi üçün statistik potensialın artırılması, Statistik Məlumatların və Metaməlumatların Mübadiləsi Standartının (SDMX) DİM göstəricilərinə milli səviyyədə tətbiqi məsələləri, DİM-in monitorinqində peyk təsvirlərindən istifadə imkanları, BMT-nin Avropa İqtisadi Komissiyasının DİM üzrə yol xəritəsinin növbəti mərhələləri və İdarəetmə Qrupunun 2019-cu ildə keçiriləcək iclasının gündəliyi müzakirə edilib.
Seminarda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi də təqdimatla çıxış edərək DİM-in monitorinqi üçün statistik potensialın artırılması istiqamətində ölkəmizdə həyata keçirilən təşəbbüslər, DİM-ə milli səviyyədə nail olunmasına dair milli göstəricilərin müəyyən edilməsi, göstəricilər üzrə statistik məlumatların toplanması, işlənməsi və müvafiq hesabatın hazırlanması prosesinin əlaqələndirilməsinə yüksək siyasi töhvə verən Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə məsul qurumlar qarşısında qoyulmuş konkret vəzifələr və "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı" çərçivəsində hazırlanan Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli məlumatlandırma portalı barədə ətraflı məlumat verib.