2011-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkışafının makroiqtisadi göstəriciləri

14.06.2011


Ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfindən 2011-ci ilin ötən beş ayı ərzində 17.6 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 0.8 faiz çox Ümumi Daxili Məhsul istehsal edilmişdir. Ümumi daxili məhsulun 65.0 faizi məhsul istehsalı sahələrində, 28.7 faizi xidmət sahələrində yaradılmış, 6.3 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Hər nəfərə düşən ümumi daxili məhsul istehsalı 1952.4 manat (2459.9 ABŞ dolları) təşkil etmişdir.
Əlavə dəyərin 52.3 faizi neft sektorunda istehsal olunaraq müqayisə edilən dövrdə 4.3 faiz azalmış, qeyri-neft sektorunda isə 6.6 faiz artmışdır.
Ev təsərrüfatlarının və hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri sənaye məhsulu da nəzərə alınmaqla yanvar-may aylarında 12.4 milyard manatlıq və ya 2010-cu ilin müvafiq dövründəkindən 1.1 faiz az sənaye məhsulu istehsal edilmişdir. Məhsulun 75.2 faizi mədənçıxarma bölməsində, 18.4 faizi emal bölməsində, 5.8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10.6 faiz artmış, neft sektorunda isə 3.8 faiz azalmışdır.
Mədənçıxarma bölməsində məhsul istehsalı ötən ilin beş ayının göstəricisi ilə müqayisədə 3.6 faiz azalmış, 20.0 milyon ton neft, 10.7 milyard kub metr qaz hasil olunmuşdur.
Emal bölməsində məhsul buraxılışı 7.3 faiz artmış, o cümlədən qida məhsulları istehsalı 8.5 faiz, içki istehsalı 27.9 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 23.9 faiz, geyim istehsalı 18.6 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalı 18.3 faiz, ağac emalı və ağacdan məmulatlar istehsalı 41.3 faiz, kağız və karton istehsalı 45.2 faiz, poliqrafiya fəaliyyəti 2.2 faiz, neft məhsulları istehsalı 4.4 faiz, kimya sənayesi məhsulları istehsalı 27.5 faiz, rezin və plastmas məmulatların istehsalı 0.7 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 66.7 faiz, elektrik avadanlıqları istehsalı 63.9 faiz, maşın və avadanlıqların istehsalı 21.5 faiz, avtomobil və qoşquların istehsalı 56.7 faiz artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulu istehsalı 8.5 faiz artmış, istehsal edilmiş 8.3 milyard kv.saat elektrik enerjisi ötən ilki səviyyədən 6.2 faiz yüksək olmuşdur.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 9.5 faiz artmışdır.
İyun ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 296.5 milyon manatlıq hazır məhsul olmuş və bir ay əvvəlki durumla müqayisədə 70.1 milyon manat artmışdır.
Aqrar bölmədə yaz-tarla işləri başa çatmaq üzrədir. İyun ayının 1-nə kimi 376.3 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmış, o cümlədən 28.3 min hektar sahədə dənli və dənli paxlalılar, 31.9 min hektar sahədə dən üçün qarğıdalı, 64.0 min hektar sahədə kartof, 77.3 min hektar sahədə tərəvəz, 41.9 min hektar sahədə pambıq, 31.0 min hektar sahədə bostan bitkiləri, 7.2 min hektar sahədə şəkər çuğunduru, 10.2 min hektar sahədə dən üçün günəbaxan, 1339 hektar sahədə tütün əkilmişdir.
Yaz-tarla işlərinin aparılması ilə yanaşı kənd əməkçiləri yetişdirdikləri məhsulları toplamağa başlamışlar. İyun ayının 1-nə kimi tarlalardan 196 ton taxıl, 48.7 min ton kartof, 65.1 min ton tərəvəz, 4.8 min ton meyvə və giləmeyvə, 276.0 ton yaşıl çay yarpağı toplanmışdır.
İlin əvvəlindən keçən vaxt ərzində 167.5 min ton diri çəkidə ət, 652.5 min ton süd, 441.2 milyon ədəd yumurta, 12.0 min ton yun istehsal olunmuş, 2010-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 5.6 faiz, süd istehsalı 8.4 faiz, yun istehsalı 11.8 faiz artmş, yumurta istehsalı 13.3 faiz azalmışdır.
Beləliklə, beş ay ərzində ötən illə müqayisədə 5.3 faiz çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.
Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən beş ay ərzində əsas kapitala 3.4 milyard manat məbləğində vəsait yönəldilmiş, 2.0 milyard manat məbləğində tikinti-quraşdırma işləri görülmüşdür. Vəsait qoyuluşu 2010-cu ilin müvafiq dövrünə nisbətən 12.1 faiz, tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsaitin həcmi isə 0.1 faiz artmışdır.
Əsas kapitala yönəldilmiş vəsaitin 2.6 milyard manatını və ya 75.9 faizini daxili vəsaitlər təşkil etmiş və ötən ilki səviyyədən 9.6 faiz, xarici investisiya 20.7 faiz yüksək olmuşdur.
Yanvar-may aylarında ümumi sahəsi 521.1 min kv.metr yaşayış evləri, 1516 şagird yerlik ümumtəhsil məktəbləri, 140 yerlik klub, Gəncədə fiziki qüsurlu uşaqlar üçün Regional İnformasiya Mərkəzi, Samux rayonunda Meyvə qurudulması və emalı müəssisəsi, Göyçay rayonunda Meyvə-tərəvəz soyuducu anbarı, Tovuz rayonunda Süd emalı zavodu və Olimpiya İdman Kompleksi, Abşeron rayonunda Mebel fabriki və AZMDF zavodu, Astara rayonunda Qaz-Kompressor stansiyası, Naftalan şəhərində "Cinar Hotel" kompleksi və "Qaşaltı" Sanatoriyası, Ağcabədi rayonunda Süd emalı zavodu və Süd məhsulları kombinatı, Şahmat məktəbi, İmişli rayonunda Yem fabriki, Bitki yağları fabriki və Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmiş, Qazax-Gürcüstan Dövlət sərhədi avtomobil yolunun, Kürdəmir-Ucar avtomobil yolunun, Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun və Astara-Bala Şahağac avtomobil yolunun, Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun və İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidən qurulması başa çatdırılmış, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verimişdir.
Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 3475.5 milyon manat vəsaitin 964.4 milyon manatından istifadə olunmuşdur.
Nəqliyyat kompleksinin əməkçiləri tərəfindən beş ay ərzində daşınmış yüklərin həcmi ötən illə müqayisədə 5.5 faiz artaraq 80.6 milyon tona, daşınmış sərnişinlərin sayı isə 6.2 faiz artaraq 570.7 milyon nəfərə bərabər olmuşdur.
İnformasiya və rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara faktiki qiymətlərlə 472.6 milyon manatlıq, yaxud 2010-cu ilin müvafiq dövründəkindən 17.7 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 73.5 faizi bilavasitə əhaliyə göstərilmiş və 22.1 faiz artmışdır.
İlin əvvəlindən ötən vaxt ərzində istehlak və xidmət bazarlarında əhaliyə 8.1 milyard manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 9.6 faiz artaraq 6.2 milyard manata, pullu xidmətlərin həcmi isə 8.8 faiz artaraq 1.9 milyard manata çatmışdır. İstehlak mallarının 14.5 faizi hüquqi şəxslər, 40.5 faizi yarmarkalar və bazarlar, 45.0 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunmuşdur.
Yanvar-aprel aylarında 127 xarici ölkə ilə 10.7 milyard dollar məbləğində ticarət əməliyyatları həyata keçirilmişdir. Ticarət əlaqələrinin 74.7 faizi və ya 8.7 milyard dollarlığı uzaq xarici ölkələrlə, 25.3 faizi, yaxud 2.0 milyard dollarlığı MDB üzvü dövlətləri ilə aparılmışdır.
Xarici ticarət dövriyyəsinin 68.2 faizi Avropa, 21.2 faizi Asiya, 9.7 faizi Amerika, 0.8 faizi Afrika qitələrinin ölkələri və 0.1 faizi Okeaniya ilə aparılmışdır.
Dörd ay ərzində 8.0 milyard dollarlıq məhsul ixrac olunmuş, 85.7 faizi və ya 6.8 milyard dolları uzaq xarici ölkələrin alıcılarının payına düşmüş, MDB üzvü dövlətlərinə göndərilmiş malların məbləği isə 1.2 milyard dollar olmuşdur.
Bu dövrdə ölkəmizə idxal edilmiş məhsulların həcmi 2.7 milyard dollar təşkil etmişdir. Uzaq xarici dövlətlərdən idxal olunmuş malların dəyəri 1.9 milyard dollar, MDB üzvü ölkələrindən isə 825.5 milyon dollar təşkil etmişdir.
Beləliklə, dörd ay ərzində ölkəmizdən ixrac olunmuş malların həcmi ölkəyə gətirilmiş malların dəyərindən 5.3 milyard dollar çox olmuş və bir o qədər müsbət saldo yaranmışdır.
Yanvar-aprel aylarında ölkəyə 10.3 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
İqtisadi və sosial sahələrdə muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-aprel aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.4 faiz artaraq 349.6 manata, hər bir nəfərə düşən gəlirlər isə yanvar-may aylarında 15.0 faiz çoxalaraq 1241.8 manata çatmışdır.
May ayında əvvəlki ayla müqayisədə istehlak mallarının qiymətlərixidmət tarifləri 0.4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.9 faiz ucuzlaşmış, xidmət tarifləri və qeyri-ərzaq mallarının qiymətləri isə əvvəlki ayın səviyyəsində qalmışdır. Yanvar-may ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 8.9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12.7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2.9 faiz, xidmət tarifləri 4.1 faiz bahalaşmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-aprel aylarında dövlət büdcəsinə 4.0 milyard manat vəsait daxil olmuş, büdcədən 2.8 milyard manat vəsait xərclənmiş və 1.2 milyard manat məbləğində və ya ümumi daxili məhsulun 8.9 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 973.3 milyon manatı və ya 34.5 faizi iqtisadiyyatın inkişafına, 452.9 milyon manatı (16.1 faizi) sosial müdafiə və sosial təminata, 465.3 milyon manatı (16.5 faizi) təhsilə və səhiyyəyə yönəldilmişdir. Əmək haqlarının, təqaüd və müavinətlərin ödənilməsinə büdcə xərclərinin 41.4 faizi və ya 1.2 milyard manatı sərf olunmuşdur.
Maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin məbləği may ayının 1-nə 8.6 milyard manata çataraq ötən ilin may ayının 1-nə nisbətən 11.2 faiz artmışdır. Verilmiş kreditlərin 5.8 milyard manatı uzunmüddətli olmuş, 553.2 milyon manatının ödəmə vaxtı keçmişdir.
Əhalinin banklardakı əmanətlərinin həcmi keçən illə müqayisədə 35.7 faiz artaraq may ayının 1-nə 3.4 milyard manata çatmışdır. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 1.6 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlər isə 1.8 milyard manat olmuşdur.
May ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 0.79 manat, 1 Avroya 1.14 manat, 100 Rusiya rubluna 2.83 manat, yanvar-may aylarında isə müvafiq olaraq 0.79, 1.11 və 2.76 manat olmuşdur.