2011-ci ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial inkışafının makroiqtisadi göstəriciləri

13.05.2011


2011-ci ilin dörd ayı ərzində ölkənin iqtisadi və sosial sahələrində baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər məhsul istehsalı və xidmət sahələrinin inkişafını və eyni zamanda sosial məsələlərin uğurla həll edildiyini göstərir.
Ümumi Daxili Məhsul. İlin əvvəlindən keçən dörd ay ərzində
13.7 milyard manatlıq əlavə dəyər istehsal edilmiş və 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 0.8 faiz artmışdır. Ümumi daxili məhsulun 64.7 faizi məhsul istehsalı, 29.0 faizi xidmət sahələrində yaradılmış, 6.3 faizi isə məhsula və idxala xalis vergilər təşkil etmişdir.
Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı qeyri-neft sektorunda 6.2 faiz artmış, neft-qaz sektorunda isə 4.0 faiz azalmışdır. Əgər neft-qaz sektorunda məhsul istehsalı 100 faiz səviyyəsində olsa idi ümumi daxili məhsul istehsalı 3.0 faiz artmış olardı.
Orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsulun həcmi 1522.5 manata və ya 1916.3 ABŞ dollara çatmışdır.
Sənaye. Fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri məhsulların dəyəri də nəzərə alınmaqla dörd ay ərzində 9.8 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 0.9 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 75.4 faizi mədənçıxarma bölməsində, 17.9 faizi emal bölməsində, 6.1 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10.7 faiz artmış, neft-qaz sektorunda isə 3.6 faiz azalmışdır. Neft-qaz sektorunda məhsul istehsalı 100 faiz təşkil etsə idi o zaman sənaye məhsulları istehsalı 2.2 faiz artmış olardı.
Mədənçıxarma bölməsində ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı 2.9 faiz azalmışdır. Dörd ay ərzində 15.9 milyon ton neft, 8.4 milyard kub metr qaz hasil olunmuşdur.
Emal bölməsində məhsul istehsalı 5.3 faiz artmış, bölməyə daxil olan məhsullardan qida məhsulları istehsalı 8.4 faiz, içki istehsalı 8.3 faiz, tütün məmulatları istehsalı 1.6 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 10.5 faiz, geyim istehsalı 14.5 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalı 34.6 faiz, ağac emalı və ağacdan məmulatlar istehsalı 48.0 faiz, kağız və karton istehsalı 39.0 faiz, kimya sənayesi məhsulları istehsalı 36.8 faiz, rezin və plastmas məmulatları istehsalı 2.5 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 81.0 faiz, elektrik avadanlıqları istehsalı 2.0 dəfə, maşın və avadanlıqlar istehsalı 11.9 faiz, avtomobil və qoşquların istehsalı 67.0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 52.5 faiz artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulları istehsalı 9.0 faiz artmış, 7.0 milyard kVt.s və ya keçən ilki səviyyədən 6.8 faiz çox elektrik enerjisi istehsal olunmuşdur.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 6.1 faiz artmışdır.
Kənd təsərrüfatı. Aprel ayında yaz-tarla işləri davam etdirilərək may ayının 1-nə kimi 260.7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 20.9 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 14.2 min hektar sahədə dən üçün qarğıdalı, 53.3 min hektar sahədə kartof, 48.6 min hektar sahədə tərəvəz, 30.2 min hektar sahədə pambiq çiyidi, 20.1 min hektar sahədə bostan bitkiləri, 4.7 min hektar sahədə şəkər çuğunduru, 6.1 min hektar sahədə dən üçün günəbaxan və 550 hektar sahədə tütün əkilmişdir.
Sahənin heyvandarlıq bölməsində ilin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 5.7 faiz artaraq 133.0 min tona, süd istehsalı 8.1 faiz artaraq 497.8 min tona çatmış, yumurta istehsalı isə 14.0 faiz azalaraq 343.7 milyon ədəd təşkil etmişdir.
Bitkiçilik məhsullarından 31.9 min ton və ya 17.0 faiz çox tərəvəz,70.0 ton kartof istehsal edilmişdir.
Kənd əməkçilərinin səyi nəticəsində 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 10.5 faiz, heyvandarlıq məhsulları istehsalı 5.0 faiz, kənd təsərrüfatının ümumi məhsulu 5.2 faiz artmışdır.
Tikinti. Ölkədə inşaat işlərinin aparılması üçün maliyyələşmənin bütün mənbələrindən yanvar-aprel ayları ərzində əsas kapitala 2.6 milyard manat, yaxud 2010-cu ilin yanvar-aprel aylarında olduğundan 12.0 faiz çox vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 1.3 milyard manatı və ya 50.1 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 1.9 milyard manatını və ya 75.2 faizini daxili vəsaitlər təşkil etmiş və ötən ilki səviyyədən 9.3 faiz yüksək olmuş, xarici mənbələrdən istifadə olunmuş vəsaitin həcmi isə 21.2 faiz artmışdır. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait ötən illə müqayisədə 5.1 faiz azalaraq 1.5 milyard manat təşkil etmişdir.
Cari ildə tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 3400.0 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulmuş və ilin əvvəlindən ötən dörd ay ərzində həmin vəsaitin 683.4 milyon manatından istifadə edilmişdir.
Tikinti kömpleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilmişdir. Dörd ay ərzində ümumi sahəsi 419.8 min kv.metr yaşayış evləri, 496 şagird yerlik ümumtəhsil məktəbi, 140 yerlik klub, Gəncədə fiziki qüsurlu uşaqlar üçün Regional İnformasiya Mərkəzi, Samux rayonunda Meyvə qurudulması və emalı müəssisəsi, Göyçay rayonunda Meyvə-tərəvəz soyuducu anbarı, Tovuz rayonunda Süd emalı zavodu və Olimpiya İdman Kompleksi, Abşeron rayonunda Mebel fabriki və AZMDF zavodu, Astara rayonunda Qaz-Kompressor stansiyası, Naftalan şəhərində "Çinar Hotel" kompleksi və "Qaşaltı" Sanatoriyası tikilib istifadəyə verilmiş, Qazax-Gürcüstan Dövlət sərhədi avtomobil yolunun, Kürdəmir-Ucar avtomobil yolunun, Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun və Astara-Bala Şahağac avtomobil yolunun yenidən qurulması başa çatdırılmış, digər obyektlər istifadəyə verilmişdir.
Nəqliyyat müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən ilin əvvəlindən keçən vaxt ərzində 62.8 milyon ton yük və 452.7 milyon nəfər sərnişin daşınaraq 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 5.4 və 6.1 faiz artmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 7.3 faiz, hava nəqliyyatı ilə 39.1 faiz, dəniz nəqliyyatı ilə 11.6 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 7.9 faiz artmışdır.
Rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara faktiki qiymətlərlə 383.1 milyon manatlıq, yaxud 2010-cu ilin müvafiq dövründəkindən 18.7 faiz çox rabitə xidməti göstərmişlər. Rabitə xidmətinin 74.1 faizi bilavasitə əhaliyə göstərilmişdir.
Əhalinin gəlirləri. 2011-ci ilin dörd ayı ərzində əhalinin adambaşına gəlirləri 14.5 faiz artaraq 983.4 manata çatmış və onun 67.9 faizi son istehlaka, 8.1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 22.4 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Əmək haqqı. Muzdla işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 12.5 faiz artaraq 348.6 manat təşkil etmişdir. Bununla belə, digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, tikintidə orta aylıq əmək haqqı daha yüksək olmuşdur.
Ticarət və pullu xidmət. İlin əvvəlindən əhaliyə 4.9 milyard manatlıq istehlak malları satılmış və 1.5 milyard manatlıq pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 8.3 faiz, pullu xidmətlərin həcmi isə 9.4 faiz artmışdır. Əhalinin istehlak bazarından aldığı əmtəənin 63.3 faizini ərzaq məhsulları təşkil etmiş və keçən illə müqayisədə 1.6 faiz, qeyri-ərzaq mallarının satışı isə 25.5 faiz artmışdır.
Xarici ticarət. 2011-ci ilin birinci rübündə xarici ölkələrlə 7.3 milyard ABŞ dolları məbləğində əmtəə mübadiləsi aparılmış, onun 5.8 milyard dolları və ya 80.0 faizi uzaq xarici dövlətlərin, 1.5 milyard dolları MDB üzvü ölkələrinin payına düşmüşdür. Keçən ilin birinci rübü ilə müqayisədə əmtəə dövriyyəsi müqayisəli qiymətlərlə 16.4 faiz, o cümlədən uzaq xarici ölkələrlə 5.3 faiz, MDB üzvü dövlətləri ilə isə 2.0 dəfə artmışdır.
Bu dövrdə ölkəmizdən 5.4 milyard dollar məbləğində və yaxud keçən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 0.8 faiz çox mal göndərilmişdir. İxrac olunmuş məhsulların 4.6 milyard dollarlığı (84.3 faizi) uzaq xarici ölkələrə, 856.9 milyon dollarlığı isə MDB üzvü dövlətlərinə göndərilmiş və müqayisəli qiymətlərlə müvafiq olaraq 4.2 faiz azalmış və 2.6 dəfə artmışdır.
Rüb ərzində ölkəmizə 1.9 milyard dollar məbləğində, o cümlədən uzaq xarici dövlətlərdən 1.3 milyard dollar, MDB üzvü ölkələrindən 614.0 milyon dollar həcmində mal idxal olunmuşdur. Keçən ilin birinci rübü ilə müqayisədə uzaq xarici ölkələrdən daxil olmuş əmtəənin məbləği müqayisəli qiymətlərlə 63.3 faiz, MDB üzvü dövlətlərindən gətirilmiş malların həcmi isə 55.3 faiz artmışdır.
İxracın idxalı üstələməsi nəticəsində 3.6 milyard dollar məbləğində, o cümlədən uzaq xarici ölkələrlə əlaqələrdə 3.3 milyard dollarlıq, MDB üzvü dövlətləri ilə isə 242.9 milyon dollarlıq müsbət saldo yaranmışdır.
Xarici ticarət əlaqələrinin 48.5 faizi Avropa Birliyi ölkələri, 20.0 faizi MDB üzvü dövlətləri, 31.5 faizi digər ölkələrlə aparılmışdır.
Birinci rübdə ölkəmizə 7.2 milyon dollar həcmində humanitar və texniki yardım daxil olmuşdur.
İnflyasiya. Aprel ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri mart ayına nisbətən 0.3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.7 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri 0.1 faiz bahalaşmışdır. İlin əvvəlindən keçən vaxt ərzində istehlak mallarının qiymətləri və xidmət tarifləri 9.0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13.1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2.8 faiz, xidmət tarifləri 3.7 faiz bahalaşmışdır.
Büdcə. Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-mart aylarında dövlət büdcəsinə 2.8 milyard manat vəsait daxil olmuş, büdcədən 2.1 milyard manat xərclənmiş, nəticədə ümumi daxili məhsulun 6.5 faizi qədər və ya 681.0 milyon manat məbləğində profisit yaranmışdır. Büdcə xərclərinin 682.8 milyon manatı (32.7 faizi) iqtisadiyyatın inkişafına, 407.8 milyon manatı (19.5 faizi) sosial müdafiə və sosial təminata, 343.5 milyon manatı (16.4 faizi) təhsilə və səhiyyəyə yönəldilmişdir.
Əmanətlər. Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 37.3 faiz artaraq aprel ayının 1-nə 3.3 milyard manata çatmışdır. Milli valyuta ilə vəsait qoyuluşu 1.5 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1.8 milyard manat olmuşdur.
Kredit. Ölkənin maliyyə-kredit təşkilatları aprel ayının 1-nə kimi hüquqi və fiziki şəxslərə ötən ilin müvafiq dövründə olduğundan 9.5 faiz çox və ya 8.4 milyard manat məbləğində kredit ayırmışlar. Verilmiş kreditlərin 68.5 faizi uzunmüddətli xarakter daşımış, 6.5 faizinin ödəmə vaxtı keçmişdir.
Məzənnə. Aprel ayında manatın 1 ABŞ dollarına orta məzənnəsi 0.79 manat, 1 Avroya 1.14 manat, 100 Rusiya rubluna 2.82 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0.79, 1.10 və 2.75 manat olmuşdur.