Ölkədə sosial təminat haqqında

12.05.2011


2011-ci il aprel ayının 1-i vəziyyətinə qeydiyyatda olan 1286 min nəfər pensiyaçının 64 faizi yaşa görə, 25 faizi əlilliyə görə, 11 faizi ailə başçısının itirilməsinə görə pensiya alır.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 114,35 manat olmuş və orta aylıq əmək haqqının 34 faizini təşkil etmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına görə, cari ilin birinci rübündə 298,3 min nəfərə sosial müavinətlər təyin olunmuşdur. Yaşa görə müavinət alanların sayı 16,9 min nəfər, əlilliyə görə - 98,1 min nəfər, ailə başçısının itirilməsinə görə - 36,1 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 58 min nəfər təşkil etmişdir.
Əmək pensiyası almaq hüququ olmayan 56,5 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə müavinət, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 802 nəfər qəyyumlarına, eləcə də 10,6 min ailəyə 21 min uşaq üçün aylıq müavinət verilmişdir. Bu müavinətləri şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup
Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları almışlar. Əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 539 zərərçəkənə kompensasiya verilmişdir.
Bundan əlavə, 33,8 min nəfərə, o cümlədən 28,8 min nəfərə uşağın doğulmasına görə, 3,9 min nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 517 nəfərə penitensiar xidmətdən azad olanlara və həyatını itirmiş 532 nəfərin dəfni üçün birdəfəlik müavinət verilmişdir.
2011-ci ilin birinci rübündə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 34,2 min nəfər aylıq təqaüd almışdır.
Cari il aprel ayının 1-i vəziyyətinə ölkədə 121,7 min ailənin 542,2 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almış və hər bir nəfərə əlavə olaraq 24,11 manat ödənilmişdir.