Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair statistik müayinənin nəticələri haqqında

05.04.2011

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli, 2583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı"na uyğun olaraq, Dövlət Statistika Komitəsi 2010-cu ilin oktyabr ayında ölkə ərazisində "Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair" statistik müayinə keçirmişdir.
Müayinə 2009-cu ildə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən erkən nikaha daxil olma və rəsmi nikahdan kənar doğum halları qeyd olunan ev təsərrüfatlarında aparılmış və sorğu ilə 50 yaşadək 19711 qadın əhatə olunmuşdur. Sorğu olunan qadınların 37 faizi 18 yaşa çatmamış, 29 faizi 18-19 yaşlarında, 25 faizi 20-24 yaşlarında, 6 faizi 25-29 yaşlarında, 3 faizi isə 30 yaşdan yuxarı nikaha daxil olmuşlar. Erkən yaşda ərə gedən qadınların təxminən üçdə biri 2009-cu ildə, qalanları isə əvvəlki illərdə nikaha daxil olmuşlar.
Erkən yaşda ailə qurmuş qadınların 39 faizi şəhər, 61 faizi kənd sakinləridir. 18 yaşınadək ərə gedən qadınların 37 faizi öz istəyi ilə, 26 faizi valideynlərinin təzyiqi altında, 11 faizi ailənin maddi vəziyyətinin çətin olduğundan, 8 faizi ərinin maddi cəhətdən imkanlı olmasına görə, 6 faizi qaçırıldığına, 2 faizi hamilə olduğuna görə, qalan 10 faizi isə digər səbəblərdən erkən nikaha daxil olmuşlar.
Səbəblər üzrə erkən nikaha daxil olma halları şəhər yerlərində ərinin maddi cəhətdən imkanlı olmasına və hamilə olduğuna görə, digər səbəblərdən isə kənd yerlərində üstünlük təşkil etmişdir.
Erkən yaşda ərə gedən qadınların atalarının 22 faizi, analarının 13 faizi ali və orta ixtisas təhsilə, üçdə ikisi ilk peşə-ixtisas və tam orta təhsilə, müvafiq olaraq 12 və 19 faizi ümumi orta təhsilə malik olmuşdur.
Evlənən zaman belə qadınların ərlərinin 3 faizinin yaşı 18-19, 69 faizinin 20-24, 26 faizinin 25-29 və 2 faizinin yaşı 30-dan yuxarı olmuşdur. Eyni zamanda onların 22 faizinin ali və orta ixtisas, 68 faizinin ilk peşə ixtisas və tam orta, 10 faizinin ümumi orta təhsili olmuşdur.
Erkən nikaha daxil olan qadınların atalarının əksəriyyəti kənd təsərrüfatı, nəqliyyat işçisi, fəhlə, analarının - evdar qadın və kənd təsərrüfatı işçisi, ərləri isə - kənd təsərrüfatı, ticarət, nəqliyyat və tikinti sahələrində məşğul olmuş, eləcə də fəhlə, fermer və işsiz olmuşdur.
Müayinə zamanı sorğu olunan qadınların rəsmi nikahda olmamasının səbəbləri araşdırılaraq müəyyən olunmuşdur ki, onların 41 faizinin müvafiq sənədləri qaydasında olmadığından, üçdə birinin vaxtı ilə yaşı nikah yaşına çatmadığından, 26 faizinin isə digər səbəblərdən Ədliyyə Nazirliyinin müvafiq qurumlarında qeydiyyata alınmamışlar. Kənd yerlərində yaşı nikah yaşına çatmayanların sayı daha çox olmuşdur.
Müayinənin nəticələrinə əsasən sorğu olan qadınların 90 faizinin uşaqları olmuş və onların 97 faizi stasionar, 3 faizi isə ev şəraitində dünyaya gəlmişdir. Ev şəraitində doğan qadınların 54 faizi bunun səbəbini maddi çətinlik, 28 faizi isə doğum evinin uzaqda yerləşməsi ilə izah edirlər.
18 yaşa çatmayan və nikahda olan qadınların yarısından bir qədər çoxu ilk peşə-ixtisas və ya tam orta, 45 faizi isə ümumi orta təhsili olmuşdur. İbtidai təhsili olan 2 faiz qadının üçdə biri təhsilini davam etdirmək niyyətində olmamışdır. Bununla belə, müayinə ilə əhatə olunan bütün qadınların 47 faizi, eləcə də 18 yaşadək qadınların 39 faizi hesab edir ki, qadınların mütləq ali və ya orta ixtisas təhsili olmalıdır.
Müayinənin məlumatlarına əsasən qadınların 89 faizi hesab edir ki, qızların qaçırılma halları öz razılığı ilə baş verir, 11 faizi isə zorakılıq yolu ilə həyata keçirilir. Sorğu olunanların 46 faizi qaçırma hallarının əsas səbəbini qızın valideynlərinin nikaha narazılığında, 39 faizi qızın ailəsində maddi çətinliklərdə, 15 faizi qızlar arasında maarifləndirmə səviyyəsinin aşağı olmasında görürlər. Respondentlərin yarısı hesab edir ki, qızlar ərə 20-24 yaşlarında getməlidir, 41 faizi - 18-19 yaşında, 6 faizi - 18 yaşa qədər. Qadınların 67 faizi hesab edir ki, ailədə nikah haqqında qərarı nikaha daxil olanların özləri qəbul etməli, 30 faizinin fikrincə isə qızların ərə getmə məsələsini valideynlər həll etməlidirlər.
Qadınların 68 faizinin, o cümlədən 18 yaşa qədər olanların 56 faizinin erkən nikahın qadınların sağlamlığına ziyanı olmasından xəbərləri vardır.
Zorla erkən nikah bağlanması problemi ilə üzləşəndə qadınların hara müraciət edilməsi barədə sualına cavabında onların üçdə iki hissəsi hüquq-mühafizə orqanlarını, 18 faizi qohumlarını, 14 faizi bələdiyyə və icra hakimiyyətlərini göstərmişlər.