2011-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

14.03.2011

Fevral ayında ölkənin iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri əks etdirən əsas makroiqtisadi göstəricilər üzrə artım əldə olunmuş, əhalinin sosial vəziyyətini əks etdirən indikatorlarda yüksəliş müşahidə edilmişdir.
Ümumi Daxili Məhsul istehsalı 2010-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 1.4 faiz artaraq 6.7 milyard manat təşkil etmişdir. Əlavə dəyərin 56.6 faizi sənaye sahələrində, 4.7 faizi tikinti kompleksində, 8.8 fazi ticarət və pullu xidmət sahələrində, 6.6 faizi nəqliyyatda, 1.8 faizi rabitə müəssisələrində, 2.8 faizi aqrar bölmədə, 11.1 faizi digər sahələrdə yaradılmışdır. Adambaşına orta hesabla 745.8 manat məbləğində (936.4 ABŞ dolları) əlavə dəyər istehsal olunmuş və 0.2 faiz artmışdır.
Əlavə dəyərin 40.9 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 3.8 faiz artmış, 51.5 faizə malik olan neft-qaz sektorunda isə 0.7 faiz azalmışdır.
2011-ci ilin yanvar-fevral aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 4.9 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.2 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Məhsulun 3.6 milyard manatı və ya 74.3 faizi sənayenin mədənçıxarma bölməsində istehsal olunmuş, 7.9 milyon ton neft və 4.1 milyard kub.metr qaz hasil edilmişdir.
Sənayenin emal bölməsində iki ay ərzində 926.7 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Bölmədə qida məhsulları istehsalı 2.6 faiz, geyim məhsulları istehsalı 2.4 dəfə, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalı 42.8 faiz, ağac emalı və ağacdan məmulatlar istehsalı 68.3 faiz, kağız və karton istehsalı 12.3 faiz, poliqrafiya fəaliyyəti 8.1 faiz, kimya sənayesi məhsulları istehsalı 88.0 faiz, rezin və plastmas məmulatları istehsalı 15.7 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 68.7 faiz, elektrik avadanlıqları istehsalı 2.6 dəfə, maşın və avadanlıqların istehsalı 11.5 faiz, avtomobil və qoşquların istehsalı 27.2 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 10.5 faiz artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsullarının 6.1 faizi və ya 296.1 milyon manatı istehsal olunmuşdur. İstehsal olunmuş 3.5 milyard kvt.saat elertrik enerjisi ötən ilki səviyyədən 2.4 faiz çox olmuşdur.
Su təchizatı; tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 0.6 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8.9 faiz artmış, neft-qaz sektorunda isə 1.6 faiz azalmışdır.
İki ay ərzində istehsal olunmuş məhsulun 99.9 faizi istehlakçılara göndərilmişdir. Bununla belə, əvvəlki dövrlərdə yaranmış qalıqlar də nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında (kiçik müəssisələr istisna olmaqla) 213.1 milyon manatlıq hazır məhsul olmuş və əvvəlki ayla müqayisədə 9.2 milyon manat azalmışdır.
Aqrar bölmənin fəaliyyətini əks etdirən məlumatlar göstərir ki, sahənin əməkçiləri mal-qaranı qışlamadan uğurla çıxarmış və bitkiçilik məhsullarının əkininə başlamışlar. Mart ayının 1-nə kimi 37.0 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 1.8 min hektar sahədə dənli və dənli paxlalılar, 11.4 min hektar sahədə kartof, 5.6 min hektar sahədə tərəvəz, 11 hektar sahədə bostan bitkiləri əkilmişdir.
Heyvandarlıq məhsullarından keçən ilə nisbətən diri çəkidə ət istehsalı 3.5 min ton, yaxud 5.5 faiz artaraq 66.2 min ton, süd istehsalı 24.0 min ton və ya 11.3 faiz artaraq 237.4 min ton, yumurta istehsalı 29.5 milyon ədəd, yaxud 14.8 faiz azalaraq 169.8 milyon ədəd, bitkiçilik məhsullarından 2677 ton (2010-cu ildəkindən 15.6 faiz çox) tərəvəz istehsal edilmişdir. Qeyd olunan məhsulların istehsalının artması kənd təsərrüfatının ümumi məhsulunun ötən ilki səviyyədən 5.8 faiz yüksək olmasını təmin etmişdir.
Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1120.3 milyon manatlıq, yaxud 2010-cu ilin müvafiq dövründəkindən 1.7 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala cəlb olunmuş vəsaitin 623.1 milyon manatından tikinti-quraşdırma işlərində istifadə olunmuş və müqayisə olunan dövrdə 20.9 faiz azalmışdır. Əsaslı vəsaitin 53.6 faizi və ya 600.6 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuş, 71.7 faizini (802.9 milyon manatını) daxili vəsaitlər təşkil etmişdir. Vəsaitin əsas etibarilə məhsul istehsalı sahələrinin obyektlərinin tikintisinə sərf olunmusına baxmayaraq iki ay ərzində ümumi sahəsi 149.4 min kv.metr yeni yaşayış evləri, 180 şagird yerlik ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdir.
Yanvar-fevral aylarında Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzi, Samux rayonunda Meyvə qurudulması və emalı müəssisəsi, Tovuz rayonunda Süd emalı zavodu və Olimpiya İdman Kompleksi, Abşeron rayonunda Mebel fabriki və AZMDF zavodu, Naftalan şəhərində "Çinar Hotel" kompleksi və "Qaşaltı" Sanatoriyası istifadəyə verilmiş, Qazax-Gürcüstan Dövlət Sərhədi avtomobil yolunun, Kürdəmir-Ucar avtomobil yolunun və Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun yenidən qurulması başa çatdırılmışdır.
Yük və sərnişin daşınması ilə məşğul olan nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən iki ay ərzində 29.9 milyon ton yük daşınmış və 218.3 milyon nəfər sərnişinə xidmət göstərilmişdir. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 5.6 faiz çox yük, 6.1 faiz çox sərnişin daşınmışdır.
Ötən ildə olduğu kimi cari ildə də sürətlə inkişaf edən sahələrdən biri rabitə sahəsidir. İlin əvvəlindən keçən iki ay ərzində rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 178.1 milyon manatlıq rabitə xidməti göstərmişlər. 2010-cu ilin yanvar-fevralına nisbətən rabitə xidmətlərinin həcmi 20.2 faiz artmış, onun 74.5 faizi bilavasitə əhaliyə göstərilmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən yanvar ayında xarici ölkələrlə 2165.8 milyon ABŞ dolları məbləğində ticarət, o cümlədən 593.0 milyon dollarlıq idxal və 1572.8 milyon dollarlıq ixrac əməliyyatları aparılmış, 979.8 milyon dollarlıq müsbət saldo yaranmışdır.
2010-cu ilin yanvarına nisbətən əmtəə mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 9.8 faiz, o cümlədən idxalın həcmi 60.5 faiz artmış, ixracın həcmi isə 1.9 faiz azalmışdır. Ticarət əlaqələrinin 85.1 faizi və ya 1843.3 milyon dolları uzaq xarici ölkələrlə, 14.9 faizi, yaxud 322.5 milyon dolları MDB üzvü dövlətləri ilə həyata keçirilmiş və bu regionlarla ticarət əməliyyatlarının həcmi müqayisəli qiymətlərlə müvafiq olaraq 5.7 faiz və 39.6 faiz artmışdır.
2010-cu ilin yanvar ayına nisbətən ölkədən uzaq xarici dövlətlərə ixrac olunmuş malların dəyəri müqayisəli qiymətlərlə 3.5 faiz azalmış və 1445.2 milyon dollar həcmində məhsul göndərilmişdir. Eyni zamanda MDB üzvü ölkələrinə ixrac olunmuş malların həcmi 19.9 faiz artaraq 127.6 milyon dollar təşkil etmişdir.
Yanvar ayında ölkəmizə idxal olunmuş malların 398.1 milyon dollarlığı uzaq xarici ölkələrdən, 194.9 milyon dollarlığı isə MDB üzvü dövlətlərindən daxil olmuş, müvafiq olaraq 62.4 faiz və 56.3 faiz artmışdır.
2011-ci ilin ilk iki ayı ərzində ölkə əhalisinin orta hesabla hər bir nəfərinin gəlirləri 13.0 faiz artaraq 462.1 manata çatmışdır. Gəlirlərin 71.7 faizi son istehlaka, 8.3 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18.5 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Gəlirlərin artmasında məşğul əhalinin əmək haqqının artması mühüm əhəmiyyət kəsb edir. Yanvar-fevral ayları ərzində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 11.4 faiz artaraq 332.3 manat təşkil etmişdir.
Gəlirlərin artması ilə yanaşı əhalinin istehlak mallarına olan tələbatı da yüksəlir və bu onların istehlak bazarından aldıqları əmtəənin həcminin durmadan artmasında özünü büruzə verir. İki ay ərzində əhali istehlak bazarından 2381.0 milyon manatlıq istehlak malları almış və göstərilmiş xidmətlərin müqabilində 760.0 milyon manat ödəmişlər. 2010-cu ilin yanvar-fevral ayları ilə müqayisədə əmtəə dövriyyəsi 7.8 faiz, o cümlədən ərzaq məhsullarının satışı 3.5 faiz, qeyri-ərzaq mallarının satışı 19.8 faiz, pullu xidmətlərin həcmi 9.9 faiz artmışdır.
Fevral ayında yanvarla müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 2.2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.1 faiz, xidmət tarifləri isə 4.3 faiz bahalaşmışdır. 2010-cu ilin müvafiq dövrünə nisbətən yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 8.9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13.7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2.8 faiz, xidmət tarifləri 2.0 faiz bahalaşmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar ayında dövlət büdcəsinə 1121.5 milyon manat vəsait daxil olmuş, büdcədən 382.9 milyon manat xərclənmiş, ayrılmış vəsaitin 31.1 milyon manatı iqtisadiyyatın inkişafına, 144.8 milyon manatı sosial müdafiə və sosial təminata, 25.9 milyon manatı təhsil və səhiyyəyə yönəldilmişdir.
Maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə 9.1 milyard manat məbləğində və ya ötən ilin yanvar ayı ilə müqayisədə 8.5 faiz çox kredit vəsaiti verilmişdir. Kreditlərin 72.1 faizi uzun müddətə verilmişdir.
Fevral ayının 1-nə kimi banklara ölkə əhalisi tərəfindən 3.1 milyard manat məbləğində əmanət qoyulmuş və onun həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 28.8 faiz artmışdır. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 41.0 faiz artaraq 1388.7 milyon manata, xarici valyuta ilə qoyulmuş əmanətlərin həcmi isə 20.2 faiz artaraq 1683.4 milyon manata çatmışdır.
Fevral ayında 1 ABŞ dolları 0.80 manata, 1 Avro 1.09 manata, 100 Rusiya rublu 2.72 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0.80, 1.08 və 2.69 manata bərabər olmuşdur.