2011-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial inkışafının makroiqtisadi göstəriciləri

14.02.2011

Məhsul istehsalı və xidmət sahələrində, habelə məhsula və idxala xalis vergilər nəzərə alınmaqla yanvar ayında 3,4 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal edilmiş və keçən ilin müvafiq dövrünün səviyyəsindən 0,8 faiz yüksək olmuşdur. Əlavə dəyərin 63,2 faizi məhsul istehsalı sahələrində, 29,7 faizi xidmət sahələrində istehsal olunmuş, 7,1 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsul istehsalı 382,7 manat (479,9 ABŞ dollar) olmuşdur.
Əlavə dəyərin 41,0 faizi qeyri-neft sektorunda istehsal olunmuş və ötən ilin yanvarı ilə müqayisədə 6,6 faiz artmışdır.
2011-ci ilin yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 2,5 milyard manatlıq, yaxud 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal etmişlər.
İqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq sənaye məhsulunun 74,4 faizi mədənçıxarma bölməsində, 19,1 faizi emal bölməsində, 5,9 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Məhsul istehsalı sənayenin mədənçıxarma bölməsində 3,7 faiz, o cümlədən neft hasilatı 3,8 faiz, qaz hasilatı 10,7 faiz azalmış, 4,1 milyon ton neft və 2,0 milyard kub metr qaz hasil edilmişdir.
Sənayenin emal bölməsində məhsul istehsalı 3,0 faiz, bölmənin məhsullarından qida məhsulları istehsalı 4,3 faiz, geyim istehsalı 2,3 dəfə, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı 52,0 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatlar və tıxac istehsalı 87,4 faiz, kimya sənayesi məhsulları istehsalı 35,1 faiz, əczaçılıq məhsulları istehsalı 19,5 faiz, rezin və plasmas məmulatları istehsalı 17,5 faiz, digər qeyri-metal mineral məhsulların istehsalı 11,1 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 14,3 faiz, elektrik avadanlıqları istehsalı 5,0 dəfə, maşın və avadanlıqların istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşqular istehsalı 47,4 dəfə artmışdır.
Sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 1,9 faiz artmış, elektrik enerjisi istehsalı isə 0,6 faiz azalaraq 1,8 milyard kVt saat elektrik enerjisi istehsal edilmişdir.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 0,5 faiz azalmışdır.
Kənd təsərrüfatında yaz-tarla işlərinə hazırlıqla yanaşı yanvar ayında 33,9 min ton diri çəkidə ət, 118,3 min ton süd, 92,2 milyon ədəd yumurta və 2120 ton tərəvəz istehsal edilmişdir. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5,1 faiz, süd istehsalı 10,9 faiz, yumurta istehsalı 0,1 faiz, tərəvəz istehsalı 10,0 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,6 faiz artmışdır.
Yanvar ayında ölkənin tikinti kompleksində 432,0 milyon manat məbləğində, yaxud ötən ilin yanvar ayında olduğundan 1,7 faiz çox vəsaitdən istifadə edilmiş və onun 231,8 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 270,2 milyon manatı yerli mənbələrdən daxil olmuş, 55,3 faizi (238,9 milyon manatı) məhsul istehsalı obyektlərinin inşasına sərf olunmuşdur.
Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar ayında 82,1 min kv.metr yaşayış evlərinin tikintisi başa çatdırılaraq istifadəyə qəbul edilmişdir.
İlkin məlumatlara görə 2010-cu ildə xarici ölkələrdən və onların firmalarından ölkəmizə 8,2 milyard ABŞ dolları məbləğində xarici investisiya daxil olmuş və onun 35,8 faizi neft sektoruna yönəldilmişdir.
Nəqliyyat kompleksində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar ayında 15,4 milyon ton yük və 105,9 milyon nəfər sərnişin daşınmış, 2010-cu ilin müvafiq dövrünə nisbətən yük daşınması 4,0 faiz, sərnişin daşınması 6,1 faiz artmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 5,9 faiz, dəmir yolu nəqliyyatı ilə 3,0 faiz, dəniz nəqliyyatı ilə 3,3 faiz, hava nəqliyyatı ilə 91,2 faiz, boru kəməri ilə 2,1 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 7,6 faiz, dəniz nəqliyyatı ilə 2,0 dəfə, hava nəqliyyatı ilə 37,8 faiz artmışdır.
İnformasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi yanvar ayında ötən ilin müvafiq dövrünə nisbətən 19,4 faiz artaraq 85,6 milyon manat təşkil etmişdir.
Yanvar ayında ticarət şəbəkəsindən əhaliyə 1224,1 milyon manat məbləğində istehlak malları satılmış və xidmət müəssisələri tərəfindən 411,0 milyon manatlıq pullu xidmət göstərilmişdir. 2010-cu ilin yanvar ayı ilə müqayisədə əmtəə dövriyyəsi 8,6 faiz, pullu xidmətlərin həcmi isə 10,3 faiz artmış, ölkə sakinləri ticarət şəbəkəsindən 812,9 milyon manatlıq ərzaq məhsulları və 411,2 milyon manatlıq qeyri-ərzaq malları almışlar.
Ölkə daxilində əmtəə dövriyyəsinin sürətlə artması ilə yanaşı xarici ticarət əlaqələri də genişlənir. Yola saldığımız 2010-cu ildə ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 27,9 milyard dollar məbləğində ticarət əməliyyatları aparmışlar. Əmtəə dövriyyəsinin 76,4 faizini və ya 21,3 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 23,6 faizini (6,6 milyard dollarını) isə idxal məhsulları təşkil etmiş, 14,7 milyard dollar məbləğində müsbət saldo yaranmışdır. Əmtəə mübadiləsinin 85,6 faizi və ya 23,9 milyard dollarlığı uzaq xarici dövlətlərlə, 14,4 faizi (4,0 milyard dolları) MDB üzvü ölkələri ilə aparılmışdır.
Ölkəmizə idxal olunmuş malların 68,9 faizi və ya 4,6 milyard dolları uzaq xarici dövlətlərdən, 31,1 faizi (2,0 milyard dolları) MDB üzvü ölkələrindən daxil olmuşdur. Ölkəmizə gətirilmiş malların 28,8 faizini maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparaturalar, 12,1 faizini quru yol nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyatı vasitələri, 14,0 faizini azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, 9,3 faizini hazır ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, sirkə, tütün, 6,6 faizini kimya sənayesi məhsulları, 6,6 faizini bitki mənşəli məhsullar və s. təşkil etmişdir.
Ölkədən ixrac edilmiş malların 90,7 faizi, yaxud 19,3 milyard dolları uzaq xarici dövlətlərə, 9,3 faizi (2,0 milyard dolları) isə MDB üzvü ölkələrinə göndərilmişdir. Xarici ölkələrə göndərilmiş malların içərisində mineral məhsullar üstünlük təşkil etmişdir. Bundan başqa, ölkədən bitki mənşəli məhsullar, ərzaq, kimya məhsulları, azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, quru yol nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyat vasitələri və s. ixrac olunmuşdur.
Əmtəə mübadiləsinin 58,0 faizi Avropa, 32,0 faizi Asiya, 8,6 faizi Amerika, 1,2 faizi Afrika ölkələri, 0,2 faizi Okeaniya ilə aparılmışdır. İtaliya, Fransa, Rusiya, İsrail, ABŞ, Ukrayna, Türkiyə, Çin, Xorvatiya, İndoneziya, Malayziya, Sinqapur, Almaniya, və Gürcüstan ilə ticarət əlaqələri daha geniş olmuşdur.
2010-cu ildə ölkəmizə 32,8 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
İstehlak mallarının qiymətləri və xidmət tarifləri yanvar ayında 2010-cu ilin dekabr ayı ilə müqayisədə 0,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,5 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri dekabr ayının səviyyəsinda qalmış, xidmət tarifləri 0,4 faiz ucuzlaşmışdır. 2010-cu ilin yanvarına nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 8,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,8 faiz bahalaşmış, xidmət tarifləri 0,5 faiz ucuzlaşmışdır. Yanvar ayında ərzaq məhsullarından makaronun, vermişelin, toyuq budunun, pendirin, yumurtanın, dondurulmuş balığın, kələmin və s. qiymətləri ucuzlaşmışdır.
Qeyri-ərzaq mallarından qadın üçün dəridən plaş və gödəkçənin, uzunqol köynəyin, nitro boyaların, kərpicin, sementin və s. qiymətləri ucuzlaşmışdır.
Ölkədə muzdla işləyənlərin orta aylıq əmək haqqı 2010-cu ilin yanvar ayına nisbətən 9,5 faiz yüksələrək 325,1 manat, əhalinin hər nəfərinə düşən gəlirləri isə 12,8 faiz artaraq 212,4 manat olmuşdur.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2010-cu ildə dövlət büdcəsinə 11,4 milyard manat vəsait daxil olmuş, büdcədən 11,8 milyard manat vəsait xərclənmişdir. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 363,5 milyon manatlıq defisit ümumi daxili məhsulun 0,9 faizinə bərabər olmuşdur.
2011-ci il yanvarın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 9,2 milyard manat məbləğində kredit ayırmışlar. Verilmiş kreditlərin həcmi 2010-cu ilin yanvarı ilə müqayisədə 9,0 faiz artmış, onun 72,0 faizi və ya 6,6 milyard manatı uzunmüddətli olmuşdur. Kreditlərin 492,9 milyon manatının, yaxud 5,4 faizinin ödəmə vaxtı keçmişdir.
Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 29,8 faiz artaraq yanvar ayının 1-i vəziyyətinə 3,0 milyard manata çatmışdır.
Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 0,80 manata, 1 Avroya 1,06 manata və 100 Rusiya rubluna 2,65 manata bərabər olmuşdur.