2020-ci ilin yanvar-mart aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

18.05.2020, 12:00

2020-ci ilin yanvar-mart aylarında 421 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 15,5 faiz artaraq 559 nəfər olmuşdur. Onlardan 181-i həlak olmuş, 378-i isə yaralanmışdır. Hadisələrin 35,4 faizi gündüz, 39,4 faizi gecə, 25,2 faizi isə toran vaxtı baş vermiş, 30,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 88,8 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 33,0 faiz artaraq 133 nəfər, yaralananların sayı 5,4 faiz artaraq 350 nəfər olmuşdur.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı

Göstəricinin adı 2020-ci ilin yanvar-mart aylarında 2019-cu ilin yanvar-mart aylarına nisbətən, faizlə
     
Bütün yol-nəqliyyat hadisələri – cəmi 421 112,6
Məkanına görə:    
           magistral avtomobil yollarında 47 117,5
           yaşayış məntəqələrində 374 112
İşıqlılıq vəziyyətinə görə:    
           gündüz vaxtı 149 92
           toran vaxtı 106 143,2
           gecə vaxtı 166 120,3
Yol örtüyünün vəziyyətinə görə:    
          quru yol örtüyü 390 112,1
          digər (yaş, buz və s.) 31 119,2
Zərərçəkənlərin sayı, nəfər 559 115,5
           həlak olanlar 181 127,5
           yaralananlar 378 110,5

 

Bütün yol-nəqliyyat hadisələrinin 47,3 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 18,0 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 80,1 faizini, yaralananların isə 70,6 faizini kişilər təşkil etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 6 hadisə baş vermiş, nəticədə 1 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır. Hadisələrin 50,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

2020-ci ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 841,7 min olmuşdur. Xətaların 39,6 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 21,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 11,0 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,9 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 25,4 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.

 

Əlaqə telefonu: 538-93-98