image

Dövlət Statistika Komitəsinin nümayəndəsi Cenevrədə keçirilən tədbirdə iştirak edir

02.10.2019, 10:00

2019-cu il 30 sentyabr – 2 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT AİK, Avrostat və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə təşkil etdiyi Biznes reyestrləri üzrə ekspert qrupunun iclası keçirilir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev iştirak edir.

Ekspert qrupunun iclasının təşkilində əsas məqsəd statistik biznes reyestrlərin inkişafı, onların fəaliyyətinin təmin olunması üzrə qabaqcıl təcrübələrin bölüşülməsindən, eyni zamanda müxtəlif mənbələrdən toplanan məlumatların inteqrasiyası və beynəlxalq əməkdaşlıq vasitəsilə iqtisadi statistikanın istehsalı üçün statistik biznes reyestrlərin keyfiyyətinin təkmilləşdirməsi məsələlərinin müzakirə etməkdən ibarətdir.   

Tədbir zamanı ölkələrdə statistik istehsalın təkmilləşdirilməsində statistik biznes reyestrin rolu, inzibati məlumat mənbələrindən istifadə, böyük həcmli məlumatlardan və digər yeni məlumat mənbələrindən istifadə, müəssisələr üçün veb-portallar, statistik biznes reyestrlərdən istifadə etməklə biznes demoqrafiyası və sahibkarlıq statistikasının istehsalı və s. mövzular müzakirə edilir.