Elmi kadrların hazırlanması haqqında

20.06.2019, 11:30

Dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri də ölkənin elmi-texniki potensialının inkişafı, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılmasından ibarətdir.

Cari ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 119 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərmiş və onlarda 54,8 faizi qadın olmaqla 2626 nəfər təhsil almışdır. Təhsil alanların 78,6 faizi fəlsəfə, 21,4 faizi isə elmlər doktoru proqramları üzrə təhsil almışlar.

Təhsil alanların 36,1 faizi elmi müəssisə və təşkilatlarda, 63,9 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil almışdır. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 32,6 və 67,4 faiz, elmlər doktoru proqramı üzrə isə 49,1 və 50,9 faiz təşkil etmişdir.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 50,3 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 23,7 faizi 40 yaşadək olan şəxslərdir.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2064 nəfərin 341-i iqtisad, 285-i filologiya, 230-u texnika, 171-i riyaziyyat, 167-si aqrar, 130-u tibb, 88-i siyasi, 82-si biologiya, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.

Doktorantlardan 88 nəfər aqrar, 85 nəfər filologiya, 66 nəfər iqtisad, 64 nəfər texnika, 53 nəfər kimya, 49 nəfər biologiya, 24 nəfər tarix, 20 nəfər yer elmləri, 17 nəfər sənətşünaslıq, hər birində 16 nəfər olmaqla tibb və fizika, 64 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.

2017-ci illə müqayisədə 2018-ci ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 14,4 faiz artaraq 605 nəfər, elmlər doktoru proqramı üzrə isə 26,1 faiz artaraq 87 nəfər təşkil etmişdir. Fəlsəfə doktoru proqramı üzrə qəbul olanların sayı 46,2 faiz, elmlər doktoru proqramı üzrə qəbul olanların sayı isə 27,9 faiz artmış və müvafiq olaraq 665 və 165 nəfər təşkil etmişdir.

Bununla yanaşı, 2018-ci ildə fəlsəfə doktoru proqramı üzrə 808 dissertant təhkim olunmuşdur ki, onların da 66,7 faizini qadınlar təşkil etmişdir. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı isə 139 nəfəri qadın olmaqla 286 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi tibb, iqtisad, filologiya, tarix, texnika və yer elmləri sahəsində təhkim olunmuşdur.

Əlaqə telefonu: 538-63-61