2018-ci ildə avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

07.02.2019, 14:21

2018-ci ildə ölkənin avtomobil yollarında 1817 və ya 2017-ci illə müqayisədə 0,9 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,5 faiz azalaraq 2433 nəfər olmuşdur. Onlardan 722-si həlak olmuş, 1711-i isə yaralanmışdır. Hadisələrin 40,9 faizi gündüz, 38,7 faizi gecə, 20,4 faizi isə toran vaxtı baş vermiş, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 90,0 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı 2017-ci ilə nisbətən 7,3 faiz artaraq 556 nəfər, yaralananların sayı isə 0,9 faiz artaraq 1628 nəfər olmuşdur.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı

Göstəricinin adı 2018-ci il, vahid 2017-ci ilə nisbətən, faizlə
Bütün yol-nəqliyyat hadisələri – cəmi 1817 99,1
Məkanına görə:
magistral avtomobil yollarında 182 80,9
yaşayış məntəqələrində 1635 101,7
İşıqlılıq vəziyyətinə görə:
gündüz vaxtı 744 93,4
toran vaxtı 370 108,8
gecə vaxtı 703 101,0
Yol örtüyünün vəziyyətinə görə
quru yol örtüyü 1701 97,1
digər (yaş, buz və s.) 116 141,5
Zərərçəkənlərin sayı, nəfər 2433 98,5
həlak olanlar 722 96,3
yaralananlar 1711 99,5

Bütün yol-nəqliyyat hadisələrinin 47,5 faizi (əvvəlki illə müqayisədə 8,0 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 32,4 faizi (4,3 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 20,1 faizi (10,6 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,5 faizini, yaralananların isə 74,1 faizini kişilər təşkil etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 49 hadisə baş vermiş, nəticədə 27 nəfər ölmüş, 36 nəfər yaralanmışdır. Belə hadisələrin 63,3 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

İl ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilə nisbətən 1,3 faiz artaraq 3409,7 min olmuşdur. Xətaların 49,6 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən illə müqayisədə 4,3 faiz az), 14,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (57,6 faiz çox), 10,9 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (9,7 faiz çox), 9,1 faizi dayanma və ya durma qaydalarının pozulması (7,3 faiz az), 4,0 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (23,9 faiz az), 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (12,0 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 85,6 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.

Əlaqə telefonu: 538-93-98