Əsas kapitala yönəldilmiş vəsait haqqında

14.12.2018, 12:01

2018-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12899,4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz az vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 69,9 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olmuş, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 21,2 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 22,6 faiz artmışdır. Ümumi sərmayənin 68,4 faizi məhsul istehsalı sahələrinin, 23,5 faizi xidmət sahələrinin, 8,1 faizi isə ümumi sahəsi 1844,3 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 63,1 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 50,4 faiz, bank kreditləri 12,6 faiz, büdcə vəsaitləri 27,2 faiz, əhalinin şəxsi vəsaitləri 7,1 faiz, büdcədənkənar fondların vəsaitləri 2,0 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil etmişdir.

2018-ci ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, Bakı şəhərində Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, “Dinamo” oteli, Respublika Narkoloji Mərkəzi, Abşeron Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkında polipropilen zavodu, tütün məmulatları istehsalı fabriki, əlvan metallar və ferroərintilər zavodu, inşaat kimyəviləri zavodu, Sumqayıt Dəmiryol Vağzalı, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Naftalan şəhərində Naftalan şəhər Mərkəzi Xəstəxanası, Lənkəran şəhərində “Azərxalça” ASC-nin Lənkəran filialı, “Lənkəran-2” yarımstansiyası, Goranboy rayonunda “Region Aqropark”, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, 110/35/10 kilovoltluq “Dəliməmmədli” elektrik yarımstansiyası, Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu, Xaçmaz rayonunda “Azərxalça” ASC-nin Xaçmaz filialı, İsmayıllı rayonunda Heyvandarlıq Kompleksi, Aqropark, “İsmayıllı” elektrik yarımstansiyası, “Azərxalça” ASC-nin İsmayıllı filialı, Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolu, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu, Şamaxı rayonunda Üzümçülük və şərabçılıq kompleksi, Dəmirçi Arxeologiya Muzeyi, Dəmirçi-Lahıc avtomobil yolu, Biləsuvar rayonunda Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu, Masallı rayonunda Sənaye məhəlləsi, Çəltik emalı müəssisəsi, Qax rayonunda Aqropark, “Yurd hotel” mehmanxanası, Lerik rayonunda Elektrik stansiyası, Xızı rayonunda “Yeni Yaşma” Külək Elektrik Parkı, Quba rayonunda meyvə emalı zavodu, “ABAD Factory” İstehsalat Kompleksi, Mərkəzi Xəstəxana, İmişli rayonunda Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, Ağdam rayonunda Qarabağ Atçılıq Kompleksi, “Azərxalça” ASC-nin Ağdam filialı, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında bir növbədə gəlişlərin sayı 45 nəfər olan 3 ambulatoriya-poliklinika müəssisəsi, 1726 şagird yerlik 6, Bakı və Şəki şəhərlərində, Abşeron, Balakən, Şamaxı, Tovuz rayonlarında 5948 şagird yerlik 6 ümumitəhsil məktəb binası, Bakı şəhəri və Zərdab rayonunda 260 yerlik 2 məktəbəqədər təhsil müəssisəsi və s. obyektlər istifadəyə verilmişdir.

Əlaqə telefonu:  539-87-17