logo
image

Qəbələdə əhalinin sınaq siyahıyaalınmasına start verilib

01.10.2018, 13:14

"2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli 1040 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarına uyğun olaraq əhalinin siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi üçün Qəbələ rayonunda əhalinin sınaq siyahıyaalınmasına başlanılıb. 2018-ci ilin 1-10 oktyabr tarixlərində aparılacaq siyahıyaalınma 2019-cu ildə keçiriləcək respublika siyahıyaalınması üçün hazırlıq xarakteri daşıyır və sınaq zamanı əldə edilən təcrübədən əsas siyahıyaalınmanın daha yüksək səviyyədə təşkili üçün istifadə olunacaq, eyni zamanda aşkar ediləcək   nöqsan və çatışmazlıqların gələcəkdə baş verməməsi üçün müvafiq qabaqlayıcı tədbirlər görüləcəkdir.  

Oktyabrın 1-də Qəbələ Rayon İcra Hakimiyyətində əhalinin siyahıyaalınmasına yardım komissiyasının üzvləri, idarə, müəsissə və təşkilat rəhbərlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq işlərinin gedişi haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarına uyğun olaraq siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasında Naxçıvan MR Ali Məclisi Sədrinin birinci müavininin, ölkənin digər regionları üzrə isə şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının müavinlərinin sədrliyi ilə əhalinin siyahıyaalınmasına yardım komissiyaları yaradılıb. Dövlət Statistika Komitəsi tərəfindən siyahıyaalma ilə bağlı təşkilati işləri, siyahıyaalma materiallarının hazırlanması və çapı, kadr təminatı, kütləvi izahat işlərinin təşkili, texniki təminat məsələlərini, siyahıyaalmanın keçirilməsi və sənədlərin qəbulu, siyahıyaalma məlumatlarının işlənilməsi, yekunlarının dərc edilməsi və yayılması, siyahıyaalma materiallarının arxivləşdirilməsi və beynəlxalq əməkdaşlıq istiqamətləri ilə bağlı görüləcək işləri özündə əks etdirən “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının hazırlanıb keçirilməsi üzrə təqvim planı” hazırlanıb və 2017-ci il 17 yanvar tarixli 01/05s nömrəli sərəncamla təsdiq edilib. Təqvim planında nəzərdə tutulmuş tədbirlərin uğurla icra olunduğunu qeyd edən Tahir Budaqov bildirib ki, Komitə tərəfindən sınaq siyahıyaalınmasının keçirilməsi üçün bütün zəruri metodoloji və digər materiallar, o cümlədən siyahıyaalma və sorğu vərəqələri, təşkilati plan və ona dair məlumat formaları, onların doldurulmasına dair göstərişlər hazırlanaraq təsdiq edilib, zəruri sayda çap etdirilərək aidiyyəti üzrə çatdırılıb.

Qəbələ Rayon İcra Hakimiyyətinin başcısı Səbuhi Abdullayev Nazirlər Kabinetinin sözügedən qərarına uyğun olaraq əhalinin sınaq siyahıyaalınması çərçivəsində Qəbələ rayonunda həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Görüşdə Qəbələ Rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərovun məruzəsi dinlənilib. 

Qeyd olunub ki, sınaq siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasını təmin etmək məqsədi ilə Qəbələ Rayon İcra Hakimiyyətində yaradılan əhalinin siyahıyaalınmasına yardım komissiyası gücləndirilmış iş rejimində fəaliyyət göstərir. Sınaq siyahıyaalmaya hazırlıqla bağlı rayon üzrə 60 (1 şəhər, 3 qəsəbə, 56 kənd) inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən 1-şəhər nömrəli forma, 2-kənd nömrəli forma və ona əlavə üzrə məlumatlar doldurularaq Qəbələ Rayon Statistika İdarəsinə təhvil verilib, sxematik plan və xəritələr əsasında yaşayış məntəqələrinin ərazilərinin siyahıyaalma, təlimatçı və sayıcı məntəqələri üzrə bolgüsü aparılıb. Rayon üzrə yaradılmış 8 siyahıyaalma, 70 təlimatçı və 359 sayıcı məntəqəsi üzrə sıyahıyaalınmada iştirak edəcək 445 nəfərlə mülki-hüquqi müqavilələr bağlanıb, siyahıyaalma məntəqələri üzrə təlimatlandırma planına uyğun olaraq siyahıyaalma məntəqələrinin müdirləri, onların müavinləri, təlimatçı-nəzarətçilər və sayıcılar üçün təlimlər keçirilib, onlara siyahıyaalmanın məqsəd və vəzifələri, siyahıyaalmanın keçirilməsi və siyahıyaalma sənədlərinin tərtib edilməsi qaydaları ətraflı izah olunub.

Siyahıyaalma ilə bağlı Dövlət Statistika Komitəsi və Qəbələ Rayon İcra Hakmiyyəti tərəfindən rayon əhalisi arasında geniş izahat və maarifləndirmə işləri həyata keçirilib, bu məqsədlə ictimaiyyət nümayəndələri ilə görüşlər təşkil edilib, yerli KİV-lərdə müsahibələr və mətbu materiallar yayımlanıb.

Qeyd edək ki, tətbiq olunacaq siyahıyaalma vərəqi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcəkdir. Sorğu vərəqində isə siyahıya alınacaq hər bir şəxsin  cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. mühüm göstəricilər üzrə suallar öz əksini tapmışdır.

Görüşdə tədbir iştirakçılarını və KİV nümayəndələrini maraqlandıran suallar da cavablandırılıb.

Dövlət Statistika Komitəsi bir daha Qəbələ sakinlərini 1-10 oktyabr tarixlərində keçiriləcək əhalinin sınaq sıyahıyaalınmasında fəal iştirak etməyə çağırır.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim