logo
image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Əhali Fondunun regional direktoru ilə görüşüb

25.09.2018

Sentyabrın 25-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ölkəmizdə səfərdə olan BMT-nin Əhali Fondunun Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Alanna Armitajın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

BMT-nin Əhali Fondunun Şərqi Avropa və Orta Asiya üzrə regional direktorunun müavini Yan MakFarleynin, Azərbaycan üzrə ölkə direktoru Karl Kulessanın və Azərbaycan nümayəndələyinin Baş müşaviri Fərid Babayevin də iştirak etdiyi görüşdə Dövlət Statistika Komitəsi ilə BMT-nin Əhali Fondu arasında əməkdaşlığın inkişaf etdirilməsi, reproduktiv sağlamlıq, gender bərabərliyi və əhali sakinliyinin inkişafı məsələləri müzakirə olunub.

BMT-nin Əhali Fondunun nümayəndə heyətini salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov xanım Alanna Armitajı Fondun Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən islahatlar nəticəsində bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, statistika işinin təşkili istiqamətində də ciddi nailiyyətlər əldə olunub. Dövlət Statistika Komitəsi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə müəyyən edilmiş məqsəd və hədəflər üzrə irəliləyişin milli səviyyədə monitorinqinin aparılması üçün tələb olunan yüksək keyfiyyətli məlumatların təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir. BMT-nin Əhali Fondunun ölkəmizdə çoxillik və səmərəli fəaliyyətindən bəhs edərək qeyd edib ki, Fond 2019-cu ildə keçiriləcək əhalinin siyahıyaalınmasının hazırlanması və keçirilməsi prosesində yaxından iştirak edir. Əhalinin siyahıyaalınması sahəsində görülən işlərdən danışan Tahir Budaqov siyahıyaalmanın keçirilməsi, yekunlarının işlənməsi, nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədi ilə Dövlət Statistika Komitəsində Siyahıyaalma qrupunun yaradıldığını, ölkəmizdə akkreditə olunmuş beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin müvafiq qurumlarının nümayəndələri ilə görüşlər keçirildiyini, beynəlxalq təşkilatların metodoloji tövsiyələri və digər ölkələrin bu sahədəki təcrübələrinin öyrənildiyini qonaqların nəzərinə çatdırıb. Hazırda sınaq siyahıyaalınmasına hazırlıq işlərinin yekunlaşma mərhələsində olduğunu bildirən Komitə sədri əsas siyahıyaalmaya hazırlıq zamanı da bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.

BMT-nin Əhali Fondunun Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Alanna Armitaj səmimi görüşə görə minnətdarlığını bildirib. Ölkədə demoqrafiya və əhali sakinliyi sahəsində müsbət meyllərin nəzərə çarpdığını, demoqrafik vəziyyətin və əhalinin orta illik artım göstəricilərinin yaxşılaşdığını, eləcə də əhali sahəsində digər göstəricilərin müsbət tendensiyasına  nail olunduğunu qeyd edən qonaq respublikanın müsbət demoqrafik göstəricilərindən məmnunluğunu ifadə edib. Dayanıqlı inkişaf məqsədlərinin milli səviyyədə həyata keçirilməsi istiqamətində Azərbaycan Hökümətinin, o cümlədən Dövlət Statistika Komitəsinin fəaliyyətini və gələn il ölkəmizdə keçiriləcək növbəti əhalinin siyahıyaalınması ilə bağlı görülən işləri yüksək qiymətləndirən qonaq Dövlət Statistika Komitəsi ilə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə Dövlət Statistika Komitəsi ilə BMT-nin Əhali Fondu arasında gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim