image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Misirin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

05.06.2018

İyunun 5-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Misir Ərəb Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb.

Adel İbrahimi salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov onu ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik edərək, Azərbaycandakı dilomatik fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayıb. Komitə sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dünyada baş verən siyasi-iqtisadi proseslər fonunda ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verib, Azərbaycanla Misir arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin daima inkişaf etdiyini vurğulayıb. Tahir Budaqov Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi tədbirlər, milli statistika sisteminin təkmilləşdirilməsi ilə bağlı islahatlar barədə məlumat verib, fəal beynəlxalq əməkdaşlıq məsələləri və statistika sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb.

Misir Ərəb Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim öz növbəsində səmimi görüşə və təbrikə görə təşəkkür edib. Səfir Azərbaycanda həyata keçirilən quruculuq işləri və inkişaf templərinin onda xoş təəssürat yaratdığını vurğulayıb. O, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin dinamik inkişafının yüksək qiymətləndirildiyini, iqtisadi əlaqələrin genişləndirilməsinə səy göstərəcəyini bildirib.

Görüşdə hər iki ölkənin statistika qurumları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.