image

Dövlət Statistika Komitəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

25.05.2018

Mayın 25-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə Xalq Cümhuriyyəti qurucularının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 1918-ci  il  mayın  28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan  Xalq  Cümhuriyyətinin  qurulmasının  xalqımızın  həyatına şanlı  və  tarixi  hadisə  kimi  daxil  olduğunu bildirib. Qeyd edib ki, müstəqil, azad, demokratik  respublika  qurulmasını  qarşısına  məqsəd  qoyan  Azərbaycan  Xalq  Cümhuriyyəti  cəmi  23  aylıq  fəaliyyəti  dövründə  xalqımızın  milli  mənlik  şüurunu  özünə  qaytarmış, onun  öz  müqəddəratını  təyin  etməyə  qadir  olduğunu  bəyan etmişdir. Ölkəmiz XX əsrdə ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra məhz ümummilli lider Heydər Əliyev 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik və müstəqillik ənənələrini davam etdirmişdir. Bu parlaq dühanın təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Azərbaycanın ictimai-siyasi həyatına təsir edən taleyüklü tarixi qərarlar qəbul edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq olunmuş, milli atributun qəbul olunması barədə Azərbaycan Ali Soveti qarşısında məsələ qaldırılmışdır. Yeni  tarixi  şəraitdə  Azərbaycan  ulu  öndər  Heydər  Əliyevin  1993-cü  ildə  siyasi  hakimiyyətə  qayıdışından sonra  beynəlxalq  birliyin  suveren  üzvü  kimi  dünya  dövlətləri  arasında  öz  layiqli  yerini  tutmağa  başlayıb. Ölkəmizin  bu  mürəkkəb  dövrdə  üzləşdiyi  bəlalardan  xilas  olması, dövlət  müstəqilliyimizin möhkəmləndirilməsi, demokratik  dəyərlərin  bərqərar  olması  məhz  ümummilli  lider  Heydər  Əliyevin  adı  ilə  bağlıdır. Ulu  öndər  Heydər  Əliyev  fenomeni  xalqı  vahid  milli  ideya – azərbaycançılıq  məfkurəsi  ətrafında birləşdirib, ölkəni  parçalamağa çalışan  separatçı  qüvvələri  zərərsizləşdirib, respublikada  sabitlik  yaradıb. Müasir müstəqil  Azərbaycanın  nicatı və  bir  dövlət  kimi  formalaşması  məhz  bu  böyük  qayıdış  sayəsində  mümkün  olub.

Tahir Budaqov xüsusi vurğulayıb ki, müstəqil  dövlətçilik  və  demokratik  amallar  uğrunda  mübarizə  aparan  Azərbaycan  Xalq  Cümhuriyyətinin  tarixi  ənənələri  bu  gün  də  yaşayır, qətiyyətlə  inkişaf  etdirilir. Ümummilli liderimizin mükəmməl dövlətçilik yolunu yeni müstəvidə peşəkarcasına davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müasir və müstəqil ölkəmizin bu gün Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi dünya dövlətləri sırasında öz layiqli yerini tutması böyük müdrilik və uzaqgörənliklə təmin edilir, yeni-yeni zəfərlərə imza atılır.

Digər çıxış edənlər XX əsrin sonunda xalqımızın yenidən öz müstəqilliyinə qovuşduğunu bildirmiş, dövlətçiliyimizin müqəddəratı təhlükə ilə üzləşdiyi bir vaxtda xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdığını, məhz Ulu Öndərin polad iradəsi və siyasi uzaqgörənliyi sayəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxladığını, dünya dövlətləri arasında layiqli yer tutduğunu qeyd etmişlər. Vurğulanıb ki, Prezident İlham  Əliyev  Heydər  Əliyevin  siyasi  kursunun  layiqli  varisi  və  davamçısı  olmaqla  yanaşı  həm  də  Azərbaycan  istiqlalı  və  dövlətçiliyinin  qurucusu  kimi  şanlı  müstəqillik  yolunun, şərəfli  istiqlal  irsinin  varisidir. Əminliklə qeyd etmək yerinə düşər ki, xalqımız Dövlət Başçımızın  ətrafında  bundan  sonra  da  sıx  birləşərək  fundamental  nailiyyətlər  qazanacaq, öz  müstəqilliyini  daim  qoruyub  saxlayacaq, öz  dövlətini  zaman-zaman möhkəmləndirəcəkdir.

Tədbirin sonunda Arzu Əliyevanın baş prodüsserliyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan, Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris sülh konfransına ezamiyyətə gedən Azərbaycan nümayəndə heyətinin çətin və şərəfli taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olunub.