home envelope sitemap
logo
image

Dövlət Statistika Komitəsində ötən ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib

2018-02-02

Fevralın 2-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası, Dövlət Statistika Komitəsinin ötən ildəki fəaliyyəti və 2018-ci ildə qarşıda duran vəzifələrlə bağlı mərkəzi aparatın, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin, şəhər və rayon statistika idarələrinin rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib. 

İclasda çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, artıq bir neçə ildir dünyada davam edən dərin geosiyasi, iqtisadi böhran və hərbi münaqişələr fonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının dayanıqlılığı ötən il də təmin edilib. Komitə sədri 2017-ci ildə ölkəmizin əldə etdiyi mühüm uğurlar sırasında Azərbaycanın Davos Ümumdünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda reytinqdə daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşması, eyni zamanda, həmin təşkilatın ənənəvi inklüziv inkişaf indeksində ölkəmizin dünyada inkişaf edən dövlətlər arasında üçüncü yerə layiq görülməsi, “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilədək uzadılması, Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yolun - Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, idmançılarımızın mötəbər beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etməsini və digər nailiyyətləri diqqətə çatdırıb. İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı və Şıxarx qəsəbəsində yeni şəhərciyin salınması ilə “Böyük Qayıdış” prosesinə start verilməsinin və dövlətçilik irsimizə ehtiramın müstəsna nümunəsi kimi 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin ölkəmizin həyatında önəmini xüsusi vurğulayıb.

Tahir Budaqov dövlət başçısı cənab İlham Əliyevin ölkə statistikasının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Komitə tərəfindən həyata keçirilən islahatlardan danışıb. Qeyd edib ki, bu islahatlar çərçivəsində Dövlət Statistika Komitəsi aparatının və yerli statistika orqanlarının strukturu təkmilləşdirilib, statistik istehsal prosesinin səmərəliliyi yüksəldilib, milli və beynəlxalq tələblər nəzərə alınmaqla hesabat formalarına və metodoloji tövsiyələrə yenidən baxılıb, statistik vahidlərlə və istifadəçilərlə işlərin təşkilində mühüm addımlar atılıb.

Qeyd olunanlarla yanaşı Komitə sədri onu da diqqətə çatdırıb ki, müasir dövrdə, xüsusilə ötən illərlə müqayisədə daha intensiv şəkildə davam edən qloballaşmanın və ölkələrarası siyasi-iqtisadi əməkdaşlığın, rəqabətin hazırki mərhələsində ən yeni statistik metod və üsulların, konsepsiya və təsnifatların əsasında etibarlı, tam, vax­tlı-vaxtında və müntəzəm şəkildə məlumatların hazırlanması həm milli, həm də beynəlxalq səviyyədə resursların düzgün müəyyənləşdirilməsini və səmərəli idarə olunmasını tələb edir. Bu baxımdan mövcud vəziyyətin, xüsusilə statistika sisteminin idarə olunması üçün tətbiq olunan hüquqi və institusional alətlərin qiymətləndirilməsi, statistik məlumatların toplanması, emalı və yayılmasında istifadə edilən metod və prosedurların beynəlxalq standartlara uyğunluq səviyyəsinin ölçülməsi üçün müxtəlif vasitələrdən istifadə edilir ki, onlardan ən səmərəlisi statistika sisteminin xarici ekspertlər tərəfindən həyata keçirilən qlobal qiymətləndirilməsidir. Nüfuzlu və müstəqil beynəlxalq ekspertlərin cəlb olunduğu bu audit statistika sisteminin cari inkişaf səviyyəsini qiymətləndirməklə yanaşı, bütövlükdə sistemin fəaliyyətində, habelə statistikanın ayrı-ayrı sahə­lərində olan çatışmazlıqları aşkar etməyə, inkişaf perspektivlərini və prioritetlərini düzgün müəyyən etməyə imkan verir.

Tahir Budaqov Dövlət Statistika Komitəsinin təşəbbüsü və Avropa İttifaqının Statistika Bürosuna (Avrostat) rəsmi müraciəti əsasında baş tutan və Avrostat, BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən keçirilmiş Azərbaycanın Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin nəticələri haqqında ətraflı məlumat verib. Bildirib ki, Qlobal Qiymətləndirmədə Avrostatın Statistik Əməkdaşlıq Bölməsinin rəhbəri Klaudiya Yunker və baş ekspert qismində İrlandiya Statistika İdarəsinin keçmiş rəhbəri Gerard O’Hanlon, eləcə də ekspertlər qismində BMT-nin Avropa İqtisadi Komissiyasından, Avropa Azad Ticarət Assosiasiyasından və Litvadan olan mütəxəssislər, eyni zamanda müşahidəçi qismində Belarus Respublikasının Dövlət Statistika Komitəsi sədrinin birinci müavini və Moldova Milli Statistika Bürosunun Baş direktor müavini iştirak ediblər. Qiymətləndirmə ilə bağlı ilkin missiya 2016-cı ilin 12-16 sentyabr tarixlərində, ikinci missiya isə 2017-ci ilin 6-9 fevral tarixlərində həyata keçirilib, bununla yanaşı, missiyadan əvvəl özünüqiymətləndirmə anketləri tərtib edilərək Avrostata göndərilib, missiya dövründə isə ekspertlər mövcud vəziyyəti yerində yoxlayıb, eləcə də tələb olunan təsdiqedici sənədlər Komitə tərəfindən onlara təqdim edilib. Ekspertlər Maliyyə, İqtisadiyyat, Vergilər, Səhiyyə, Nəqliyyat, Təhsil, Rabitə və Yüksək Texnologiyalar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Mərkəzi Bank,Dövlət Gömrük Komitəsi, elmi cəmiyyətlər, beynəlxalq təşkilatların təmsilçiləri, QHT və KİV nümayəndələri, habelə Statistika Şurasının üzvləri ilə görüşlər keçiriblər.

Qiymətləndirmənin nəticələrində Azərbaycanın milli statistika sisteminin beynəlxalq və Avropa standartlarına əsasən uyğun olduğu rəsmən təsdiq edilib, eyni zamanda qiymətləndirmə qrupu tərəfindən ölkə statistikasının həmin standartlara tam uyğunlaşdırılması məqsədilə Dövlət Statistika Komitəsinə və rəsmi statistika məlumatlarının digər istehsalçılarına bir sıra tövsiyələr verilib. Hesabatın ingilis dilində olan versiyası Avrostatın, habelə həm ingilis, həm də Azərbaycan dilinə tərcümə edilmiş versiyaları da Dövlət Statistika Komitəsinin internet səhifələrində yerləşdirilib.

Kollegiya iclasında qeyd edilib ki, Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılaraq təsdiq edilmiş 2017-ci il üçün statistik işlər proqramı, habelə yerli statistika orqanları üçün statistik işlər proqramı, metodoloji və məlumat istifadəçiləri ilə iş planı, iqtisadi təhlil üzrə rüblük iş planları, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri, “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında”, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”, “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” və “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları üzrə qarşıya qoyulmuş vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirib.

2017-ci ildə statistika sistemində aparılmış islahatlar, hesabat intizamı, metodologiyaların hazırlanması, statistik vahidlər və istifadəçilərlə işlərin təşkili, inzibati məlumatlardan istifadə, statistika məlumatlarının toplanmasında, emalında və yayılmasında informasiya texnologiyalarının tətbiqi, məlumatların keyfiyyətinin artırılması,  Dayanıqlı İnkişaf Məqsədlərinin və Strateji Yol Xəritələrində nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində statistika orqanları tərəfindən görülmüş əsas işlər barədə hesabat müzakirə edilib, əldə olunan nailiyyətlərlə, həmçinin yol verilmiş nöqsan və çatışmazlıqlarla bağlı Dövlət Statistika Komitəsi aparatının şöbə müdirləri və yerli statistika orqanlarının rəhbərləri çıxış ediblər. 

Sonda iclasa yekun vuran Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının çıxışından irəli gələn və Dövlət Statistika Komitəsi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün qurumun müvafiq strukturlarına konkret tapşırıqlar verib.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim