image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Çexiyanın sabiq Baş naziri ilə görüşüb

05.10.2017

Oktyabrın 5-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Çexiya Respublikasının sabiq Baş naziri, Statistika İdarəsinin sabiq prezidenti Jan Fişerlə görüşüb.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov əvvəlcə qonaqları salamlayıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda bütün sahələrdə, xüsusi ilə qeyri-neft sektorunda əldə olunan nəaliyyətlər, statistika sisteminin daha da təkmilləşdirilməsi sahəsində qazanılmış uğurlar barədə qonağa ətraflı məlumat verib. Strateji hədəflərin reallaşdırılması və ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığının nəticəsidir ki, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan dünya reytinqində daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Azərbaycan və Çex respublikaları arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini xatırladan Tahir Budaqov əməkdaşlığın inkişafı üçün daha geniş imkanlar olduğunu, ölkələrimizin potensialından istifadə edərək mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Jan Fişer səmimi görüşə görə təşəkkürünü bildirib. Ötən il Bakıda keçirilən ənənəvi IV Qlobal Bakı Forumununda iştirak etdiyini və forum çərçivəsində yüksək səviyyəli qonaqlar sırasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildiyini  böyük məmnunluqla xatırlayıb.

Jan Fişer öz həmkarları ilə birgə yaratdığı və Çexiya Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş statistikaya dair magistr pilləsi üzrə yeni proqramı təqdim edərək, qeyd edib ki, proqramın əsas məqsədi milli və Avropa səviyyəsində tələbələrin və statistiklərin bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

Görüşdə statsitika sahəsində kadr hazırlığının prespektivləri müzakirə edilib.