image

Minskdə “Rəsmi statistikada keyfiyyət: çağırışlar və imkanlar” mövzusunda yüksək səviyyəli seminar keçirilir

15.09.2017

13-15 sentyabr tarixlərində Belarus Respublikasının paytaxtı Minsk şəhərində Avropa İttifaqının Statistika Bürosunun (Avrostat) təşkilatçılığı ilə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (ŞAQMA) ölkələrinin və Monqolustanın statistika təşkilatlarının rəhbərliyi üçün “Rəsmi statistikada keyfiyyət: çağırışlar və imkanlar” mövzusunda yüksək səviyyəli seminar keçirilir. Seminarda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov və Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev iştirak edirlər.

3 gün davam edəcək seminar Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (ŞAQMA) ölkələrində və Monqolustanda son illər keyfiyyət məsələləri ilə əlaqədar həyata keçirilmiş fəaliyyətlərin, milli statistika təşkilatlarında aparılmış kollegial və qlobal qiymətləndirmələrin nəticələrinin, verilmiş tövsiyələrin icrasının, dayanıqlı inkişaf məqsədləri göstəricilərinin toplanması üçün aparılmış institusional tədbirlərin, o cümlədən göstəricilərin digər təşkilatlardan toplanması üçün keçirilmiş monitorinqlərin, milli statistika təşkilatlarında rəsmi statistikanın əlaqələndirilməsinin, rəsmi statistik məlumatların istehsalı üçün inzibati mənbələrdən toplanan məlumatların keyfiyyətinin, inzibati məlumatlardan siyahıyaalmaların keçirilməsində istifadə olunmasının, rəsmi statistika haqqında yeni model qanunun, kadr potensialının inkişafının statistik istehsala təsirinin, statistik hesabatların elektron qəbulu təcrübələrinin, Avropa İttifaqı çərçivəsində rəsmi statistika sahəsində əməkdaşlıq məsələlərinin, TAİEX texniki yardım aləti, tvinninq layihələri və ondan istifadə məsələlərinin müzakirəsinə  həsr edilib.

Yüksək səviyyəli seminarda Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədovun “Azərbaycan Respublikası milli statistika sisteminin qlobal qiymətləndirilməsi (məqsədlər və nəticələr)” mövzusunda geniş təqdimatı dinlənilib və mövzu ətrafında beynəlxalq ekspertlərin də iştirakı ilə fikir mübadiləsi aparılıb.   

15.09.2017