2016-cı ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

24.01.2017


2016-cı ildə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 59987,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz azalması olmuşdur. Əlavə dəyərin 37,4 faizi sənayedə, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,0 faizi tikinti, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 18,0 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 6223,8 manata bərabər olmuşdur.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ildə 32,3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 0,4 faiz az sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 65,4 faizi mədənçıxarma sektorunda, 28,2 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 1,4 faiz, əmtəəlik qaz hasilatı isə 3,9 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 4,0 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,7 dəfə, geyim istehsalı 41,0 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 10,8 faiz, kağız və karton istehsalı 1,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 0,3 faiz, hazır metal məmulatlarının istehsalı 24,9 faiz, kompüter və elektron məhsulların istehsalı 7,4 faiz, elektrik avadanlıqlarının istehsalı 3,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 17,0 faiz, mebel istehsalı 9,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 10,7 faiz artmış, içkilərin istehsalı 10,0 faiz, tütün məmulatlarının istehsalı 13,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 67,9 faiz, poliqrafiya məhsullarının istehsalı 12,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 12,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,3 faiz, tikinti materiallarının istehsalı 10,6 faiz, maşın və avadanlıqların istehsalı isə 14,9 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,7 faiz azalmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,0 faiz artmış, neft sektorunda isə 1,1 faiz azalmışdır.
İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2017-ci il vəziyyətinə 374,4 milyon manatlıq hazır məhsul olmuşdur.
Kənd təsərrüfatında bitkiçilik məhsullarının yığımı başa çatmışdır. 2016-cı ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin 997,5 min hektar əkin sahəsindən 3065,1 min ton və ya 2015-ci illə müqayisədə 2,2 faiz (65,7 min ton) çox məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil etmişdir.
2016-cı ildə 902,4 min ton və ya əvvəlki ilə nisbətən 7,5 faiz çox kartof, 1269,3 min ton (0,5 faiz az) tərəvəz, 464,6 min ton (4,1 faiz az) bostan məhsulları, 883,7 min ton (0,5 faiz az) meyvə və giləmeyvə, 134,5 min ton (14,4 faiz az) üzüm, 1015,7 ton (75,4 faiz çox) yaşıl çay yarpağı, 321,3 min ton (72,7 faiz çox) şəkər çuğunduru, 17,1 min ton (9,3 faiz az) dən üçün günəbaxan, 3598,2 ton (3,8 faiz çox) tütün yarpağı yığılmışdır.
Dekabr ayının 26-na sahələrdən 87,2 min ton (2,5 dəfə çox) pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilmişdir.
2016-cı ildə 523,8 min ton, yaxud əvvəlki ilə nisbətən 1,6 faiz çox diri çəkidə ət, 2009,9 min ton (4,4 faiz çox) süd, 1609,8 milyon ədəd (3,7 faiz çox) yumurta, 16,7 min ton (2,1 faiz az) yun istehsal olunmuşdur.
2015-ci illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,6 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 faiz, bitkiçilik məhsulları istehsalı isə 2,5 faiz artmışdır.
2016-cı ildə əsas kapitala 14,9 milyard manat məbləğində, yaxud 2015-ci illə müqayisədə 26,1 faiz az vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 11889,5 milyon manatı və ya 79,8 faizi məhsul istehsalı obyektlərinin, 2330,4 milyon manatı (15,6 faizi) xidmət sahələri üzrə obyektlərin, 683,5 milyon manatı (4,6 faizi) isə ümumi sahəsi 1677,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6029,2 milyon manatını və ya 40,5 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 10832,9 milyon manatı və ya 72,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən il ərzində 222,2 milyon ton yük və 1929,6 milyon sərnişin daşınmışdır. Əvvəlki illə müqayisədə yük daşınması 0,1 faiz azalmış, sərnişin daşınması isə 2,0 faiz artmışdır. Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olmuşdur.
Yüklərin 63,6 faizi avtomobil, 26,8 faizi boru kəməri, 6,9 faizi dəmir yolu, 2,6 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınmışdır.
Sərnişinlərin 88,5 faizi avtomobil, 11,3 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınmışdır.
İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 1599,6 milyon manatlıq xidmətlərin 72,4 faizi əhali sektoruna aid olmuşdur. 2015-ci illə müqayisədə 2016-cı ildə informasiya və rabitə xidmətlərinin dəyəri 4,5 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 80,5 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2016-cı ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 30190,3 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 7809,8 milyon manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki illə müqayisədə əmtəə dövriyyəsi 1,5 faiz artmış, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 1,1 faiz azalmış, ticarət şəbəkəsində 15077,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15112,9 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 16031,6 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 8314,9 milyon dollarını və ya 51,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 7716,7 milyon dollarını (48,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 598,2 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 11,0 faiz, o cümlədən ixrac 13,1 faiz, idxal isə 8,0 faiz azalmışdır.
Ticarət dövriyyəsinin 35,6 faizi Avropa İttifaqı ölkələrinin, 15,3 faizi MDB üzvü ölkələrinin, 49,1 faizi isə digər ölkələrin payına düşmüşdür.
İdxalın ümumi dəyərinin 26,8 faizi Avropa İttifaqı ölkələrinin, 23,8 faizi MDB üzvü ölkələrinin, 49,4 faizi isə digər ölkələrin payına düşmüşdür.
İxracın ümumi dəyərinin 43,7 faizi Avropa İttifaqı ölkələrinin, 7,3 faizi MDB üzvü ölkələrinin, 49,0 faizi isə digər ölkələrin hesabına formalaşmışdır.
2016-cı ilin yanvar-noyabr aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 17,8 faiz azalaraq 1117,7 milyon dollar təşkil etmişdir.
2016-cı ildə əvvəlki ilə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 12,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,8 faiz artmışdır.
2016-cı ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,0 faiz artaraq 494,3 manat təşkil etmişdir.
2016-cı ildə əvvəlki illə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,7 faiz artaraq 45395,1 milyon manata çatmışdır. Gəlirlərin 76,3 faizi son istehlak xərclərinə, 8,4 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 12,4 faizi isə yığıma yönəldilmişdir.
Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2016-cı ildə dövlət büdcəsinə 17501,2 milyon manat vəsait daxil olmuş, büdcədən 17742,4 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 241,2 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,4 faizi səviyyəsində olmuşdur.
Mərkəzi Bankın ilkin məlumatlarına görə, 2016-cı il dekabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16275,5 milyon manat təşkil etmiş, onun 12824,5 milyon manatı uzunmüddətli kreditlər olmuşdur. Kredit portfeli 2015-ci il dekabr ayının 1-i ilə müqayisədə 13,2 faiz azalmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,9 faizini təşkil etmişdir.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il dekabr ayının 1-nə 7605,8 milyon manat təşkil etmişdir.
Dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,75 manata (ilin əvvəlindən 1,60 manata), 1 Avroya – 1,84 manata (1,77), 100 Rusiya rubluna – 2,82 manata (2,39) bərabər olmuşdur.
2016-cı ilin yanvar-noyabr aylarında əhalinin sayı 96,4 min nəfər və ya 1,0 faiz artaraq 2016-cı il dekabr ayının 1-i vəziyyətinə 9802,0 min nəfərə çatmışdır.

Makroiqtisadi göstəricilər

Göstəricilər 2016-cı ildə, faktiki 2016-cı il 2015-сi ilə nisbətən, faizlə Məlumat üçün:
2015-ci il 2014-сü ilə nisbətən, faizlə
Ümumi daxili məhsul, milyon manat 59 987,7 96,2 101,1
o cümlədən qeyri-neft ÜDM 39 403,1 94,6 101,1
Əhalinin hər nəfərinə düşən ÜDM, manat 6 223,8 95,1 99,9
Sənaye məhsulu, milyon manat 32 290,6 99,6 102,4
o cümlədən qeyri-neft sənayesi 8 584,4 105,0 108,4
Əsas kapitala yönəldilmiş vəsaitlər, milyon manat 14 903,4 73,9 88,9
o cümlədən tikinti-quraşdırma işlərinə 10 832,9 72,4 86,6
Kənd təsərrüfatı məhsulu, milyon manat 5 632,1 102,6 106,6
o cümlədən: bitkiçilik 2 576,9 102,5 111,3
heyvandarlıq 3 055,2 102,8 102,5
Nəqliyyat sektorunda yük daşınması, milyon ton 222,2 99,9 100,2
Nəqliyyat sektorunda sərnişin daşınması, milyon sərnişin 1 929,6 102,0 103,5
İnformasiya və rabitə xidmətləri, milyon manat 1 599,6 104,5 106,8
Pərakəndə ticarət dövriyyəsi, milyon manat 30 190,3 101,5 110,9
Əhaliyə göstərilən ödənişli xidmətlər, milyon manat 7 809,8 98,9 105,1
Dövlət büdcəsinin gəlirləri, milyon manat 17 501,2 100,0 95,1
Dövlət büdcəsinin xərcləri milyon manat 17 742,4 99,8 95,1
Dövlət büdcəsinin kəsiri, milyon manat 241,2 - -
Əhalinin gəlirləri, milyon manat 45 395,1 108,7 105,8
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 4 709,8 107,5 104,5
Əhalinin banklardakı əmanətləri, 2016-cı il 01 dekabr vəziyyətinə, milyon manat 7 605,8 107,3 100,0
Kredit qoyuluşları, 2016-cı il 01 dekabr vəziyyətinə, milyon manat 16 275,5 86,8 103,3
o cümlədən vaxtı keçmiş kreditlər 1 442,3 117,3 125,3
Orta aylıq əmək haqqı, manat 494,3x) 107,0 xx) 104,5xxx)
İstehlak qiymətlərinin indeksi - 112,4 104,0
Əhalinin sayı, 2016-cı il 01 dekabr vəziyyətinə, min nəfər 9 802,0 101,1 101,2
Statistika məlumatı1)
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 19 606,2x) 94,3xx) 99,9xxx)
o cümlədən: ixrac 11 889,5x) 95,5xx) 99,7 xxx)
idxal 7 716,7x) 92,0xx) 100,4xxx)
Gömrük məlumatı2)
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 16 031,6x) 89,0xx) 96,0xxx)
o cümlədən: ixrac 8 314,9x) 86,9xx) 94,3xxx)
ondan qeyri-neft ixracı 1 117,7x) 82,2xx) 103,6xxx)
idxal 7 716,7x) 92,0xx) 100,4xxx)
Qeyd:
x) 2016-cı ilin yanvar-noyabr ayları.
xx) 2016-cı ilin yanvar- noyabr ayları 2015-ci ilin yanvar- noyabr aylarına nisbətən (orta aylıq əmək haqqına münasibətdə nominal ifadədə, xarici ticarət dövriyyəsinə münasibətdə isə müqayisəli qiymətlərlə).
xxx) 2015-ci ilin yanvar - noyabr ayları 2014-cü ilin yanvar - noyabr aylarına nisbətən (orta aylıq əmək haqqına münasibətdə nominal ifadədə, xarici ticarət dövriyyəsinə münasibətdə isə müqayisəli qiymətlərlə).
1) Hesabat dövründə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyərinə dair məlumatlar nəzərə alınmaqla.
2) Hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmaqla.