image

Statistika Komitəsində Coğrafi İnformasiya Sisteminin yaradılması istiqamətində tədbirlər həyata keçirilir

25.11.2016

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində (DSK) Avropa İttifaqının (Aİ) dəstəyi ilə reallaşan "Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək" Tvinninq layihəsi çərçivəsində Coğrafi İnformasiya Sisteminin (CİS) yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Bu sistem tvinninq layihəsini əhatə edən 4 kompomentdən biridir. Məqsəd sözügedən sistem vasitəsi ilə statistik məlumatların Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasıdır.  

Bolqarıstan, Almaniya və Sloveniyadan olan mütəxəssislərlə birgə DSK nümayəndələrinin 21-25 noyabr tarixlərində Coğrafi İnformasiya Sisteminin yaradılmasında müxtəlif təqdimatları olub. Sayca keçirilən 2-ci iclasda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Əmlak Məsələləri Dövlət Komitəsi, Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutundan da nümayəndələr iştirak ediblər. Coğrafi İnformasiya Sisteminin əsas komponenti olan veb-xəritələrin hazırlanması və statistik məlumatların bu xəritələr vasitəsilə yayılması barədə müzakirələr aparılıb. Nəticədə işçi qrupunun yaradılması, CİS üzrə məlumatların yayılması üçün mütəxəssislərin cəlb olunması qərara alınıb. İclasda qarşlıqlı maraq doğuran suallar da cavablandırılıb.

Qeyd edək ki, Coğrafi İnformasiya Sistemi vasitəsi ilə istənilən internet istifadəçisi coğrafi-statistik məlumatlarla  tanış olmaq imkanı əldə edəcək.