image

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi ilə görüşüb

18.11.2016

Noyabrın 18-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Furio de Angelis ilə görüşüb.

Görüşdə Azərbaycanda qaçqın, məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərlə bağlı statistik məlumatlar, həmçinin 2019-cu ildə ölkəmizdə keçiriləcək əhalinin siyahıyaalınması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio de Angelisi salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlardan danışıb. Dövlət başcısının uğurlu xarici siyasəti nəticəsində Azərbaycan hökuməti ilə BMT QAK arasındakı əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, bunun məntiqi nəticəsi kimi Azərbaycanın Ali Komissarlığının İcraiyyə Komitəsinin tam hüquqlu üzvü seçildiyini xatırladıb. Beynəlxalq və daxili miqrasiya proseslərinin bilavasitə qaçqın və məcburi köçkünlərlə sıx bağlı olduğunu deyən Komitə sədri bildirib ki, miqrasiya statistikasının təşkilində qaçqınlar, habelə ölkə daxilində öz daimi yaşayış yerlərini məcburən dəyişmiş əhaliyə dair məlumatlar nəzərə alınmalıdır. Əhalinin bu qrupuna dair sosial-iqtisadi və digər statistik göstəricilərin işlənməsinə tələbat Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin başlanmasından sonra yaranıb. Rəsmi statistikaya görə Azərbaycan Respublikası əhalisinin 1,2 milyonu və ya 12,4%-i qaçqın və məcburi köçkünlərdir. Dünyada hər 122 nəfərdən biri qaçqın və məcburi köçkün olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və məcburi köçkün həyatı yaşayır. Tahir Budaqov Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz tarixi torpaqlarından didərgin düşən soydaşlarımızın daim dövlət qayğısı ilə əhatə olunduğunu, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və problemlərinin həlli istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdırıb. Bununla yanaşı Azərbaycan Hökumətinin digər ölkələrə humanitar dəstək sahəsində fəal iştirak etdiyini vurğulayıb.

Azərbaycanda qaçqın və məcburi köçkünlərlə, vətəndaşlığı olmayan şəxslərlə bağlı statistik məlumatlar barədə məlumat verilib. Qeyd olunub ki, qaçqın və məcburi köçkünlər haqqında statistika Dövlət Statistika Komitəsi tərəfindən 1990-cı ildən etibarən əldə edilir. İnzibati məlumatlardan əlavə bu statistik məlumatlar əhalinin siyahıyaalınması zamanı da əldə olunur. Əhalinin bu kateqoriyasına aid olan suallar ilk dəfə 2009-cu il əhalinin siyahıyaalınması zamanı sorğu vərəqəsinə daxil edilib. Vətəndaşlığı olmayan şəxslərə dair statistik göstəricilər Dövlət Miqrasiya Xidmətindən “Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında” rəsmi statistika hesabatı forması vasitəsilə real vaxt rejimində əldə olunur.

Səmimi görüşə görə məmnunluğunu ifadə edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio de Angelisi bildirib ki, qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 1950-ci ilin 14 dekabr tarixində yaradılıb. Qurumun əsas məqsədi dövlətlərin tələbi və ya BMT-nin öz təşəbbüsü ilə qaçqınları himayə etmək və dəstəkləmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin etməkdir. Furio de Angelis onu da deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə, məcburi köçkünlərin düşdüyü ağır vəziyyətə baxmayaraq, humanitar nöqteyi-nəzərdən görülən işlər baxımından Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində çox böyük işlər həyata keçirilib.

2019-cu il əhalinin siyahıyaalınması sahəsində əməkdaşlıq məsələlərindən də söhbət açılıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəliyinin 2019-cu il əhalinin siyahıyaalınmasının uğurla həyata keçirilməsi üçün öz texniki yardımları və xüsusi bilik və təcrübələri ilə bu işə yardımçı olmaq niyyəti bildirilib.

Görüşdə Dövlət Statistika Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.