8 Mart Beynəlxalq Qadınlar Günüdür

07.03.2016

2016-cı ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini və ya 4 milyon 870,0 min nəfərini qadınlar təşkil etmişdir. Ötən il doğulmuş 166,2 min körpənin 46,8 faizini qız uşaqları təşkil etmişdir. Qadınların 54,8 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 21 uşaq gətirir.
Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 20 doğum evi, 138 qadın məsləhətxanası, 251 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,5 faizdir.
Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 78,5 faizi, orta ixtisas təhsil müəssisələrində 78,6 faizi, ali təhsil müəssisələrində 52,0 faizi, həkimlərin isə 65,0 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,0 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,7 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,8 faizi qızlardır.
Elmin inkişafında da qadınların müstəsna rolu vardır. Elmi işçilərin 53,5 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı 2,3 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 5-i, müxbir üzvlərindən isə 14-ü qadındır.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,9 faiz, sahibkarlar arasında isə 19,7 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,6 faizi qadınlardır.
Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 16,9 faizə çatmışdır.
İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35,0 faiz olmuşdur. Bu göstərici ilk bələdiyyə seçkilərində 4,0 faiz təşkil etmişdir.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2008-ci ildə onların sayı 6187 nəfər olduğu halda, 2015-ci ildə 8521 nəfərə çatmışdır.
Beləliklə, Azərbaycan qadınları cəmiyyətimizin tam hüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Tel: 538 51 43