2015-ci ildə avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

22.02.2016

2015-ci ildə ölkənin avtomobil yollarında 2220 yol-nəqliyyat hadisəsi baş vermiş və bu hadisələr nəticəsində 3159 nəfər zərər çəkmişdir. 2014-cü ilə nisbətən hadisələrin sayı 15,7 faiz, zərərçəkənlərin sayı isə 16,9 faiz azalmışdır. Zərərçəkənlərin 2265 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti almış, 894 nəfəri isə həlak olmuşdur.
Qəzaların əsas hissəsi (1934-ü) yaşayış məntəqələrində baş vermiş, nəticədə 2710 nəfər zərər çəkmiş, onlardan 587 nəfər həlak olmuş, 2123 nəfər isə yaralanmışdır. 2014-cü illə müqayisədə ölənlərin sayı 25,7 faiz, yaralananların sayı isə 13,6 faiz azalmışdır.
Bütün yol-nəqliyyat hadisələrinin 41,6 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 22,5 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 35,9 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş və 2014-cü ilə nisbətən hadisələrin sayı müvafiq olaraq, 6,6 faiz, 23,6 faiz və 19,7 faiz azalmışdır.
Yol-nəqliyyat hadisələrinin 43,4 faizi gündüz, 38,0 faizi gecə, 18,6 faizi isə toran vaxtı baş vermişdir. Hadisələrin 30,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
İl ərzində sərxoş sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə olunması zamanı ölümlə və ya bədən xəsarətinin alınması ilə nəticələnən 55 hadisə baş vermiş, nəticədə 97 nəfər zərər çəkmişdir. Belə hadisələrin 92,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir. Dövr ərzində yol-hərəkəti qaydaları əleyhinə 2,5 milyon və ya 2014-cü illə müqayisədə 7,5 faiz çox inzibati xəta aşkarlanmışdır. Xətaların 32,3 faizi yolda müəyyən edilmiş hərəkət sürətinin aşılması, 17,4 faizi dayanma, durma və ya parklanma qaydalarının pozulması, 8,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 6,0 faizi yol ayrıcını keçmə, 5,4 faizi piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması, 4,5 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 88,5 milyon manat məbləğində cərimələr ödənilmişdir.

Telefon: 538 62 96