AZ    EN
logo
2019-cu ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,6 faiz bahalaşmışdır. 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2418,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2666,7 min gecələmə keçirilmişdir. 2019-cu ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 22340,7 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında əsas kapitala 10146,2 milyon manat vəsait yönəldilmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində 27,6 milyard manatlıq məhsul satılmışdır. 2019-cu ilin yanvar-sentyabr aylarında 34,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə 58464,2 milyon manatlıq ümumi daxili məhsul istehsal edilmişdir. 2019-cu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 589,3 manat olmuşdur. 2019-cu il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1611,1 min nəfər təşkil etmişdir. Ölkə əhalisinin sayı 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdır. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25141,6 min ton, yük dövriyyəsi isə 5301,0 milyon ton-km olmuşdur. 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır.

2015-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

14.08.2015

Ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-iyul aylarında 32,1 milyard manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 5,6 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Əlavə dəyərin 35,0 faizi sənayedə, 12,5 faizi ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahələrində, 13,6 faizi tikinti kompleksində, 5,7 faizi nəqliyyatda, 6,0 faizi kənd təsərrüfatında, 1,9 faizi rabitədə, 17,2 faizi digər sahələrdə yaradılmışdır. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil etmişdir.
2014-cü ilin eyni dövrü ilə müqayisədə əlavə dəyər qeyri-neft sektorunda 9,0 faiz, neft-qaz sektorunda isə 1,0 faiz artmışdır.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-iyul aylarında 15,8 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Mədənçıxarma bölməsində məhsul istehsalı 2,0 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 10,6 faiz artmış, neft hasilatı isə 1,8 faiz azalmışdır.
Sənaye məhsulunun 63,8 faizi mədənçıxarmada, 28,5 faizi emal bölməsində, 6,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Emal bölməsində qida məhsullarının istehsalı 3,5 faiz, neft məhsullarının istehsalı 4,8 faiz, kimya sənayesi 2,2 dəfə, poliqrafiya fəaliyyəti 77,2 faiz, tikinti materialları istehsalı 14,8 faiz, metallurgiya sənayesi 7,8 faiz, hazır metal məmulatların istehsalı 40,7 faiz, elektrik avadanlıqlarının istehsalı 38,7 faiz artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 3,8 faiz artmışdır.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsalın həcmi 5,4 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 14,7 faiz, neft-qaz sektorunda isə 0,1 faiz artmışdır.
İstehsal edilmiş məhsulun 99,8 faizi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 avqust 2015-ci il vəziyyətinə 306,5 milyon manatlıq hazır məhsul olmuşdur.
Kənd təsərrüfatında avqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,3 faizi, yaxud 909,1 min hektarı biçilmiş və həmin sahələrdən 2768,5 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 7,7 sentner artaraq 30,5 sentner təşkil etmişdir. Bundan əlavə, məhsulu toplanmış 3,9 min hektar qarğıdalı sahəsindən 14,8 min ton məhsul götürülmüşdür.
Yığım başlanandan sahələrdən 506,8 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 40,7 min ton çox kartof, 765,4 min ton (47,6 min ton çox) tərəvəz, 356,4 min ton (31,3 min ton çox) bostan məhsulları, 179,7 min ton (3,1 min ton çox) meyvə və giləmeyvə, 3201 ton (27 ton çox) üzüm, 363,6 ton (47 ton çox) yaşıl çay yarpağı, 1495,8 ton (250 ton çox) tütün yığılmışdır.
Bu dövrdə 256,9 min ton, yaxud 2014-cü ilin yanvar-iyul aylarına nisbətən 1,8 faiz çox diri çəkidə ət, 1144,8 min ton (3,7 faiz çox) süd, 898,0 milyon ədəd (1,0 faiz cox) yumurta, 15,6 min ton (1,8 faiz çox) yun istehsal olunmuşdur.
Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 15,8 faiz, heyvandarlıq məhsulları istehsalı 2,4 faiz, kənd təsərrüfatının ümumi məhsulu 8,9 faiz artmışdır.
2015-ci ilin yanvar-iyul aylarında əsas kapitala 9368,5 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 6259,6 milyon manatı və ya 66,8 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 5494,0 milyon manatını daxili vəsaitlər təşkil etmişdir. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 2014-cü ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq 6998,2 milyon manat təşkil etmişdir.
Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar-iyul aylarında 1039,2 min kvadrat metr yaşayış evləri, növbədə 180 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 4908 şagird yerlik ümumtəhsil məktəbləri, 442 yerlik məktəbəqədər təhsil müəssisələri, 280 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdman Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, “Qafqaz Baku Sport Hotel” mehmanxana kompleksi, “Bulvar Hotel” oteli, “Dalga Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Astara rayonunda Deqədi-Pəlikəş avtomobil yolu, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, Qusar rayonunda “Park Chalet Shahdag” oteli və s. obyektlər istifadəyə verilmişdir.
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-iyul aylarında 126,4 milyon ton yük və 1041,8 milyon nəfər sərnişin daşınmış, 2014-cü ilin eyni dövrünə nisbətən yük daşınması 1,4 faiz, sərnişin daşınması 3,7 faiz artmışdır. Yük daşınması hava nəqliyyatı ilə 8,5 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı və metro ilə hər birində 3,7 faiz, hava nəqliyyatı ilə 2,8 faiz artmışdır.
İlin əvvəlindən keçən yeddi ay ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 937,2 milyon manatlıq xidmət göstərmişlər. 2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 10,7 faiz artmış, xidmətlərin 72,6 faizi əhaliyə göstərilmiş və əldə edilmiş gəlirin 81,0 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2015-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 13979,2 milyon manatlıq istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən 3814,3 milyon manatlıq pullu xidmət göstərilmişdir. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 12,5 faiz, pullu xidmətlərin həcmi isə 6,7 faiz artmış, ticarət şəbəkəsində 6943,7 milyon manatlıq qida məhsulları, içki və tütün məmulatı, 7035,5 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-iyun aylarında ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 10930,1 milyon dollar məbləğində ticarət əməliyyatları aparmışdır. Əmtəə dövriyyəsinin 57,0 faizini və ya 6231,5 milyon dollarını ölkədən ixrac olunmuş mallar, 43,0 faizini (4698,6 milyon dollarını) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 1532,9 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 4,1 faiz, o cümlədən ixrac 1,0 faiz, idxal isə 12,6 faiz artmışdır. Əmtəə mübadiləsinin 11,7 faizi və ya 1277,7 milyon dollarlığı MDB üzvü ölkələri ilə, 46,9 faizi və ya 5130,6 milyon dollarlığı Avropa İttifaqı ölkələri ilə, 41,4 faizi (4521,8 milyon dollarlığı) digər dövlətlərlə aparılmışdır.
İdxal olunmuş malların 22,0 faizi və ya 1031,9 milyon dollarlığı MDB üzvü ölkələrinin, 28,2 faizi və ya 1325,4 milyon dollarlığı Avropa İttifaqı ölkələrinin, 49,8 faizi (2341,3 milyon dollarlığı) digər dövlətlərin payına düşür.
İxrac edilmiş malların 3,9 faizi və ya 245,8 milyon dollarlığı MDB üzvü ölkələrinə, 61,1 faizi və ya 3805,2 milyon dollarlığı Avropa İttifaqı ölkələrinə, 35,0 faizi (2180,5 milyon dollarlığı) digər dövlətlərə göndərilmişdir.
Yanvar-iyun aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin eyni dövrünün göstəricisini 16,0 faiz üstələyərək 870,6 milyon dollar təşkil etmişdir.
Qeyri-neft məhsullarından kənd təsərrüfatı mallarının ixracı 6,1 faiz, sənaye mallarının ixracı isə 18,0 faiz artmışdır.
İyun ayı ilə müqayisədə iyul ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,7 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə dəyişməmişdir.
2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-iyul aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 3,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,9 faiz, xidmət tarifləri isə 1,2 faiz artmışdır.
Yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,0 faiz artaraq 457,2 manat təşkil etmişdir.
2015-ci ilin yanvar-iyul aylarında əhalinin gəlirləri 6,4 faiz artaraq 23,6 milyard manata çatmışdır. Gəlirlərin 74,1 faizi son istehlaka, 9,3 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 14,0 faizi əmanətlərin və kapitalın artırılmasına, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 7,8 milyard manat vəsait daxil olmuş, büdcədən 8,6 milyard manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 770,9 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,9 faizinə bərabər olmuşdur. Büdcə xərclərinin 4,0 milyard manatı iqtisadiyyatın inkişafına, 1,0 milyard manatı sosial müdafiə və sosial təminata, 945,4 milyon manatı isə təhsilə və səhiyyəyə yönəldilmişdir.
2015-ci il iyul ayının 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,3 milyard manat ekvivalenti məbləğində kredit ayırmışlar. Verilmiş kreditlərin həcmi 2014-cü il iyul ayının 1-i ilə müqayisədə 21,1 faiz artmış, onun 78,1 faizi və ya 15,8 milyard manatı uzunmüddətli olmuşdur. Kreditlərin 1,3 milyard manatının, yaxud 6,6 faizinin ödəmə vaxtı keçmişdir.
Əhalinin banklardakı əmanətlərinin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 2015-ci il iyul ayının 1-nə 7,7 milyard manata çatmışdır.
İyul ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 1,05 manata, 1 Avroya 1,16 manata, 100 Rusiya rubluna 1,84 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0,98 manata, 1,10 manata və 1,73 manata bərabər olmuşdur.

Makroiqtisadi göstəricilər

Göstəricilər 2015-ci ilin yanvar-iyul ayları faktiki, milyon manat 2015-ci ilin yanvar-iyul ayları 2014-сü ilin yanvar-iyul aylarına nisbətən, faizlə Məlumat üçün:
2014-cü ilin yanvar-iyul ayları 2013-сü ilin yanvar-iyul aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul 32 057,5 105,6 102,4
o cümlədən qeyri-neft ÜDM-si 21 800,1 109,0 106,8
Sənaye məhsulu 15 771,2 103,5 98,3
o cümlədən qeyri-neft sənayesi 4 377,0 114,7 104,4
Əsas kapitala yönəldilmiş vəsaitlər 9 368,5 103,5 103,0
o cümlədən tikinti-quraşdırma işlərinə 6 998,2 111,6 113,0
Kənd təsərrüfatı məhsulu 3 497,0 108,9 95,8
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton 126,4 101,4 102,5
o cümlədən qeyri-neft yüklərinin daşınması 89,6 102,3 103,6
İnformasiya və rabitə xidmətləri 937,2 110,7 112,4
Pərakəndə ticarət dövriyyəsi 13 979,2 112,5 109,1
Əhaliyə göstərilən pullu xidmətlər 3 814,3 106,7 106,6
Dövlət büdcəsinin gəlirləri 7 806,9 x) 83,6 xx) 98,1 xxx)
Dövlət büdcəsinin xərcləri 8 577,8 x) 98,3 xx) 99,9 xxx)
Dövlət büdcəsinin kəsiri 770,9 - -
Əhalinin gəlirləri 23 606,1 106,4 104,2
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 2 484,1 105,1 102,8
Orta aylıq əmək haqqı, manat 457,2 x) 104,0 xx) 106,3 xxx)
İstehlak qiymətlərinin indeksi x 103,7 101,5
Statistika məlumatı1):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 13 891,6 x) 104,2 3) x
o cümlədən:
ixrac 9 193,0 x) 102,1 3) x
idxal 4 698,6 x) 112,6 3) 79,6 4)
Gömrük məlumatı2):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 10 930,1 x) 104,1 3) 88,4 4)
o cümlədən:
ixrac 6 231,5 x) 101,0 3) 92,2 4)
ondan qeyri-neft məhsulu ixracı 870,6 x) 116,0 3) 93,4 4)
idxal 4 698,6 x) 112,6 3) 79,6 4)
Qeyd:
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla.
2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3) 2015-ci ilin yanvar-iyun ayları 2014-cü ilin yanvar-iyun aylarına nisbətən, müqayisəli qiymətlərlə;
4) 2014-cü ilin yanvar-iyun ayları 2013-cü ilin yanvar-iyun aylarına nisbətən, müqayisəli qiymətlərlə;
x) 2015-cü ilin yanvar-iyun ayları;
xx) 2015-ci ilin yanvar-iyun ayları 2014-cü ilin yanvar-iyun aylarına nisbətən;
xxx) 2014-cü ilin yanvar-iyun ayları 2013-cü ilin yanvar-iyun aylarına nisbətən.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim