Bişkek şəhərində “MDB-yə üzv ölkələrin milli statistika idarələrinin rəhbərləri Şurasının 53-cü iclası” və “Əhalinin siyahıyaalınması və İşçi qüvvəsinə dair statistika müşahidəsi əsasında əmək bazarı və əmək miqrasiyasına dair əldə edilən əsas göstəricilərin qiymətləndirilməsində problemlər” ilə bağlı görüş keçirilmişdir.

12.08.2015

MDB Dövlətlərarası Statistika Komitəsi və Qırğızıstan Respublikasının Milli Statistika Komitəsinin birgə təşkilatçılığı ilə “MDB məkanında əmək statistikasının inkişaf etdirilməsi” layihəsi çərçivəsində 2015-ci il avqust ayının 4-6-da Qırğızıstan Respublikasının Bişkek şəhərində “Əhalinin siyahıyaalınması və İşçi qüvvəsinə dair statistika müşahidəsi əsasında əmək bazarı və əmək miqrasiyasına dair əldə edilən əsas göstəricilərin qiymətləndirilməsində problemlər” ilə bağlı görüş keçirilmişdir. Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsi müdirinin müavini Nemət Xuduzadə və Əhali və gender statistikası şöbəsi müdirinin müavini Xalıq Nəsibov bu görüşdə iştirak etmişdir.
Tədbirdə MDB-yə üzv ölkələrin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ukrayna, Belarus, Moldova, Ermənistan və Rusiya) milli statistika idarələrinin rəhbərləri, əmək statistikası və əhalinin siyahıyaalınması sahəsində mütəxəssisləri, eləcə də Qırğızıstan Respublikasının Prezident və Hökumət Aparatlarının, Əmək, Miqrasiya və Gənclər Nazirliyi və Sosial Fondun rəsmi nümayəndələri, Beynəlxalq Əmək Təşkilatının (BƏT), Beynəlxalq Miqrasiya Təşkilatının (BMT), Avrasiya İqtisadi Komissiyasının, MDB İcraiyyə Komitəsi Aparatının və MDB Dövlətlərarası Statistika Komitəsinin mütəxəssisləri iştirak etmişdir.
Görüşün əsas məqsədi MDB ölkələri üzrə əmək miqrasiyasına dair məlumatların əldə edilməsində mövcud problemlər və gələcək perspektivlər, əhali və mənzil fondunun siyahıyaalınmasının 2020-ci il mərhələsinə hazırlıq işlərinin aparılması, Əmək Statistiklərinin 19-cu Beynəlxalq Konfransının əmək fəaliyyəti, məşğulluq və işçi qüvvəsindən tam istifadə olunmamasına dair Qətnaməsindən irəli gələn yeni standartların MDB ölkələrinin əmək bazarında qiymətləndirilməsi və “Əmək statistikasının inkişaf etdirilməsi” layihəsinin həyata keçirilməsi ilə bağlı mövzuların müzakirəsi olmuşdur.
Müxtəlif sessiyalardan təşkil olunmuş tədbirdə iştirak edən ölkələrin milli statistika orqanlarının mütəxəssislərinin müvafiq çıxışları, o cümlədən Dövlətstatkomun mütəxəssisi tərəfindən “Azərbaycan Respublikasında miqrasiya statistikası” haqqında məruzəsi təqdim olunmuşdur.
Bununla yanaşı, bütün məruzə və təqdimatlar MDB Dövlətlərarası Statistika Komitəsinin rəsmi saytında (http://www.cisstat.com/CIS Labourstat/) yerləşdirilmişdir.
Tədbir zamanı əməkçi miqrantlar haqqında məlumatları əldə etmək üçün ölkələrin müxtəlif mənbələrdən - əhalinin siyahıyaalınması, müəssisələrin siyahıyaalınması, müəssisələr statistikasına dair statistika müşahidəsi, ev təsərrüfatlarında keçirilən statistika müşahidələri (işçi qüvvəsi, əhalinin gəlir və xərclərinə dair statistika müşahidələrinə xüsusi modulların əlavə edilməsi və s.), əmək miqrasiyasına dair xüsusi statistika müşahidələri, ölkənin sərhəd keçid məntəqələrində keçirilən müşahidələr və inzibati mənbələr - istifadə etməsi qeyd edilmişdir.
Tədbirdə əmək miqrasiyasına dair istifadə olunan mövcud metodologiyanın hazırki tələblərə cavab verməməsi və yeni standartlara uyğun vahid metodologiyanın hazırlanmasının vacibliyi vurğulanmış və BƏT tərəfindən əmək miqrasiyasına dair yaradılmış İşçi qrupunun hazırda bu istiqamətdə fəaliyyət göstərdiyi tədbir iştirakçıların nəzərinə çatdırılmışdır. Göstərilən məsələlər ilə bağlı geniş müzakirələr aparılmışdır.
Görüşün sonunda Əmək Statistiklərinin 19-cu Beynəlxalq Konfransının müvafiq Qətnaməsindən irəli gələn yeni standartların tətbiqi zamanı yarana biləcək problemlər, əmək miqrasiyasının qiymətləndirilməsi də daxil olmaqla miqrasiya statistikasının təkmilləşdirilməsi kimi mövzuların aktuallığı, gələcəkdə bu mövzular ilə bağlı müzakirələrin davam etdirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyi bir daha qeyd edilmiş və tədbir iştirakçıları tərəfindən bəyənilmişdir.
Avqust ayının 6-da MDB-yə üzv ölkələrin milli statistika orqanlarının rəhbərlər Şurasının 53-cü iclası keçirilmişdir. Şuranın iclasında Moldova, Belarus, Rusiya, Qırğızıstan, Tacikistan və Ermənistanın milli statistika orqanlarının rəhbərləri, Azərbaycan və Qazaxıstanın milli statistika orqanlarının səlahiyyətli nümayəndələri və MDB Dövlətlərarası Statistika Komitəsinin sədri və onun müavini iştirak etmişdir.
Tədbirdə bir çox məsələlər müzakirə olunmuş və rəhbərlər Şurasının 53-cü iclasında hazırlanmış sənədlər qəbul edilmişdir. Yekun olaraq, MDB-yə üzv ölkələrin milli statistika orqanlarının rəhbərlər Şurasının 54-cü iclasının 15 oktyabr 2015-ci il tarixində Tacikistan Respublikasının Düşənbə şəhərində keçirilməsi razılaşdırılmış, eyni zamanda MDB-nin Dövlətlərarası Statistika Komitəsinin sədri vəzifəsinə cənab V.L.Sokolinin və onun müavini vəzifəsinə V.A.Naydunovun namizədlikləri iştirakçılar tərəfindən bəyənilmişdir.