2015-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

15.07.2015

Ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-iyun aylarında 26,3 milyard manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 5,7 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Əlavə dəyərin 36,0 faizi sənayedə, 13,4 faizi ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahələrində, 12,5 faizi tikinti kompleksində, 5,8 faizi nəqliyyatda, 5,6 faizi kənd təsərrüfatında, 1,9 faizi rabitədə, 16,4 faizi digər sahələrdə yaradılmışdır. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil etmişdir. Hər nəfərə düşən ümumi daxili məhsul istehsalı 2765,1 manat olmuşdur.
2014-cü ilin birinci yarısı ilə müqayisədə qeyri-neft sektorunda əlavə dəyər 9,2 faiz artmışdır. Sənaye məhsulu üzrə qeyri-neft sahəsində məhsul istehsalında 14,1 faiz artım olmuşdur. Neft-qaz sektorunda isə əlavə dəyər 1,3 faiz artmışdır.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-iyun aylarında 13,3 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Mədənçıxarma bölməsində məhsul istehsalı 2,1 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 10,9 faiz artmış, neft hasilatı isə 1,2 faiz azalmışdır.
Sənaye məhsulunun 63,3 faizi mədənçıxarmada, 28,7 faizi emal bölməsində, 7,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Emal bölməsində qida məhsullarının istehsalı 3,7 faiz, neft məhsullarının istehsalı 7,4 faiz, kimya sənayesi 2,2 dəfə, rezin və plastmas məmulatların istehsalı 4,5 faiz, tikinti materialları istehsalı 19,4 faiz, metallurgiya sənayesi 21,9 faiz, hazır metal məmulatların istehsalı və elektrik avadanlıqlarının istehsalı sahələrinin hər biri 2,0 dəfə artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 5,1 faiz artmışdır.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 6,3 faiz artmışdır.
Neft-qaz sektorunda məhsul istehsalı 0,7 faiz artmışdır.
İstehsal edilmiş məhsulun 99,2 faizi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2015-ci il vəziyyətinə 376,4 milyon manatlıq hazır məhsul olmuşdur.
Kənd təsərrüfatında yaz tarla işləri başa çatmışdır. Cari ilin iyun ayının 24-nə kimi 362,1 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq 28,8 min hektar sahədə dənli və dənli paxlalılar, 36,4 min hektar sahədə dən üçün qarğıdalı, 77,0 min hektar sahədə tərəvəz, 61,0 min hektar sahədə kartof, 18,8 min hektar sahədə pambıq, 27,9 min hektar sahədə bostan bitkiləri, 4,9 min hektar sahədə şəkər çuğunduru, 10,2 min hektar sahədə dən üçün günəbaxan, 1,4 min hektar sahədə tütün və s. bitkilər əkilmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 4,2 min hektar, dənli və dənli paxlalıların əkin sahəsi 0,8 min hektar, tərəvəzin əkin sahəsi 1,1 min hektar, tütünün əkin sahəsi 253 hektar artmış, eyni zamanda pambığın əkin sahəsi 4,1 min hektar, dən üçün günəbaxanın əkin sahəsi 1,5 min hektar, şəkər çuğundurunun əkin sahəsi 0,8 min hektar, dən üçün qarğıdalının əkin sahəsi 0,5 min hektar, kartofun əkin sahəsi 0,7 min hektar, bostan bitkilərinin əkin sahəsi 169 hektar azalmışdır.
Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlamışlar. İyul ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla 2,1 milyon ton payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərdən məhsul toplanmış, keçən ilin müvafiq dövrü ilə müqayisədə 320,9 min ton çox məhsul yığılmışdır.
Yığım başlanandan tarlalardan 288,7 min ton kartof, 382,9 min ton tərəvəz, 93,1 min ton meyvə və giləmeyvə, 37,4 min ton bostan məhsulları,76,5 ton tütün, 273,4 ton yaşıl çay yarpağı toplanmışdır.
Cari ilin yanvar ayının 1-i ilə müqayisədə son 6 ayda iri buynuzlu mal-qaranın baş sayı 0,4 faiz artaraq 2708,2 min başa, qoyun və keçilərin sayı 1,9 faiz artaraq 8807,6 min başa çatmışdır. Hesabat dövründə 2,0 faiz çox və ya diri çəkidə 225,1 min ton ət, 3,7 faiz çox, yaxud 963,7 min ton süd, 1,4 faiz çox, yaxud 779,4 milyon ədəd yumurta, 2,1 faiz çox, yaxud 15,3 min ton yun istehsal edilmişdir.
Ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 14,0 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, kənd təsərrüfatının ümumi məhsulu 7,3 faiz artmışdır.
Tikinti. 2015-ci ilin yanvar-iyun aylarında əsas kapitala 7925,6 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 5096,2 milyon manatı və ya 64,3 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 4707,8 milyon manatını daxili vəsaitlər təşkil etmişdir. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 2014-cü ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz artaraq 5833,5 milyon manat təşkil etmişdir.
Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar-iyun aylarında 870,4 min kvadrat metr yaşayış evləri, növbədə 180 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 4908 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 280 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, “Qafqaz Baku Sport Hotel” mehmanxana kompleksi, “Bulvar Hotel” oteli, “Dalga Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Astara rayonunda Deqədi-Pəlikəş avtomobil yolu, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, Qusar rayonunda “Park Chalet Shahdag” oteli və s. obyektlər istifadəyə verilmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına başlanılan 2004-cü ildən bu günə qədər ölkədə 1424,5 min yeni, o cümlədən 1059,7 min daimi iş yeri yaradılmışdır. 2014-cü ildən başlayaraq üçüncü Dövlət Proqramının icrası ilə əlaqədar 187,2 min yeni, o cümlədən 153,9 min daimi iş yeri açılmışdır. Təkcə 2015-ci ilin birinci yarısında ölkədə yaradılmış yeni iş yerlərinin sayı 59,9 min, o cümlədən daimi iş yerlərinin sayı 48,8 min olmuşdur.
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-iyun aylarında 109,6 milyon ton yük və 900,2 milyon nəfər sərnişin daşınmış, 2014-cü ilin eyni dövrünə nisbətən yük daşınması 1,5 faiz, sərnişin daşınması 3,8 faiz artmışdır. Yük daşınması hava nəqliyyatı ilə 11,5 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 3,8 faiz, metro ilə 3,7 faiz, hava nəqliyyatı ilə 1,8 faiz artmışdır.
İlin əvvəlindən keçən altı ay ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 771,8 milyon manatlıq xidmət göstərmişlər. 2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 10,7 faiz artmış, xidmətlərin 72,5 faizi əhaliyə göstərilmiş və əldə edilmiş gəlirin 80,0 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
Pərakəndə ticarət şəbəkəsindən əhaliyə 11962,5 milyon manatlıq istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən 3202,5 milyon manatlıq pullu xidmət göstərilmişdir. 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə əmtəə dövriyyəsi 13,4 faiz, pullu xidmətlərin həcmi isə 6,0 faiz artmış, ticarət şəbəkəsində 5924,9 milyon manatlıq qida məhsulları, içki və tütün məmulatı, 6037,6 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-may aylarında ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 9350,0 milyon dollar məbləğində ticarət əməliyyatları aparmışdır. Əmtəə dövriyyəsinin 56,5 faizini və ya 5282,2 milyon dollarını ölkədən ixrac olunmuş mallar, 43,5 faizini (4067,8 milyon dollarını) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 1214,4 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 5,7 faiz, o cümlədən ixrac 2,3 faiz, idxal isə 14,9 faiz artmışdır. Əmtəə mübadiləsinin 11,3 faizi və ya 1053,8 milyon dollarlığı MDB üzvü ölkələri ilə, 47,6 faizi və ya 4446,1 milyon dollarlığı Avropa İttifaqı ölkələri ilə, 41,1 faizi (3850,1 milyon dolları) digər dövlətlərlə aparılmışdır.
İdxal olunmuş malların 21,7 faizi və ya 882,8 milyon dollarlığı MDB üzvü ölkələrinin, 28,1 faizi və ya 1142,5 milyon dollarlığı Avropa İttifaqı ölkələrinin, 50,2 faizi (2042,5 milyon dolları) digər dövlətlərin payına düşür.
İxrac edilmiş malların 3,2 faizi və ya 171,0 milyon dollarlığı MDB üzvü ölkələrinə, 62,5 faizi və ya 3303,6 milyon dollarlığı Avropa İttifaqı ölkələrinə, 34,3 faizi (1807,6 milyon dolları) digər dövlətlərə göndərilmişdir.
Yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı keçən ilin eyni dövrünün göstəricisini 24,4 faiz üstələyərək 732,1 milyon dollar təşkil etmişdir.
Qeyri-neft məhsullarından kənd təsərrüfatı mallarının ixracı 5,1 faiz, sənaye mallarının ixracı isə 27,1 faiz artmışdır.
May ayı ilə müqayisədə iyun ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,7 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə əvvəlki ayla eyni səviyyədə qalmışdır.
2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-iyun aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 3,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,8 faiz, xidmət tarifləri isə 1,3 faiz artmışdır.
Yanvar-may aylarında muzdla işləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 454,8 manat təşkil etmişdir.
2015-ci ilin birinci yarısında əhalinin gəlirləri 6,2 faiz artaraq 19,8 milyard manata çatmışdır. Gəlirlərin 74,2 faizi son istehlaka, 9,4 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 14,0 faizi əmanətlərin və kapitalın artırılmasına, 2,4 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-may aylarında dövlət büdcəsinə 6,4 milyard manat vəsait daxil olmuş, büdcədən 7,3 milyard manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 905,8 milyon manatlıq kəsir ümumi daxili məhsulun 4,2 faizinə bərabər olmuşdur. Büdcə xərclərinin 3,7 milyard manatı iqtisadiyyatın inkişafına, 817,0 milyon manatı sosial müdafiə və sosial təminata, 753,0 milyon manatı isə təhsilə və səhiyyəyə yönəldilmişdir.
2015-ci il iyun ayının 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,5 milyard manat ekvivalenti məbləğində kredit ayırmışlar. Verilmiş kreditlərin həcmi 2014-cü il iyun ayının 1-i ilə müqayisədə 23,3 faiz artmış, onun 77,9 faizi və ya 16,0 milyard manatı uzunmüddətli olmuşdur. Kreditlərin 1,3 milyard manatının, yaxud 6,4 faizinin ödəmə vaxtı keçmişdir.
Əhalinin banklardakı əmanətlərinin məbləği məzənnə korreksiyası nəzərə alınmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artaraq 2015-ci il iyun ayının 1-nə 7,6 milyard manata çatmışdır.
İyun ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 1,05 manata, 1 Avroya 1,18 manata, 100 Rusiya rubluna 1,92 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0,97 manata, 1,08 manata və 1,72 manata bərabər olmuşdur.

Makroiqtisadi göstəricilər

Göstəricilər 2015-ci ilin yanvar-iyun ayları faktiki, milyon manat 2015-ci ilin yanvar-iyun ayları 2014-сü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Məlumat üçün:
2014-cü ilin yanvar-iyun ayları 2013-сü ilin yanvar-iyun aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul 26 265,1 105,7 102,1
o cümlədən qeyri-neft ÜDM-si 17 568,1 109,2 107,0
Sənaye məhsulu 13 276,5 103,8 97,6
o cümlədən qeyri-neft sənayesi 3 669,4 114,1 104,2
Əsas kapitala yönəldilmiş vəsaitlər 7 925,6 103,7 103,4
o cümlədən tikinti-quraşdırma işlərinə 5 833,5 111,5 110,7
Kənd təsərrüfatı məhsulu 2 648,6 107,3 105,8
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton 109,6 101,5 101,8
o cümlədən qeyri-neft yüklərinin daşınması 78,0 102,1 103,6
İnformasiya və rabitə xidmətləri 771,8 110,7 112,6
Pərakəndə ticarət dövriyyəsi 11 962,5 113,4 108,9
Əhaliyə göstərilən pullu xidmətlər 3 202,5 106,0 106,9
Dövlət büdcəsinin gəlirləri 6 424,4 x) 80,1 xx) 97,3 xxx)
Dövlət büdcəsinin xərcləri 7 330,2 x) 99,5 xx) 99,1 xxx)
Dövlət büdcəsinin kəsiri 905,8 - -
Əhalinin gəlirləri 19 826,3 106,2 104,0
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 2 087,2 104,9 102,7
Orta aylıq əmək haqqı, manat 454,8 x) 103,8 xx) 106,5 xxx)
İstehlak qiymətlərinin indeksi x 103,5 101,6
Statistika məlumatı1):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 11 723,6 x) 105,3 3) x
o cümlədən:
ixrac 7 655,8 x) 102,8 3) x
idxal 4 067,8 x) 114,9 3) 80,1 4)
Gömrük məlumatı2):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 9 350,0 x) 105,7 3) 87,7 4)
o cümlədən:
ixrac 5 282,2 x) 102,3 3) 90,9 4)
ondan qeyri-neft məhsulu ixracı 732,1 x) 124,4 3) 89,1 4)
idxal 4 067,8 x) 114,9 3) 80,1 4)
Qeyd:
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla.
2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3) 2015-ci ilin yanvar-may ayları 2014-cü ilin yanvar-may aylarına nisbətən, müqayisəli qiymətlərlə;
4) 2014-cü ilin yanvar-may ayları 2013-cü ilin yanvar-may aylarına nisbətən, müqayisəli qiymətlərlə;
x) 2015-ci ilin yanvar-may ayları;
xx) 2015-ci ilin yanvar-may ayları 2014-cü ilin yanvar-may aylarına nisbətən;
xxx) 2014-cü ilin yanvar-may ayları 2013-cü ilin yanvar-may aylarına nisbətən.