2014-cü ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

16.12.2014

İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan Ümumi Daxili Məhsul istehsalı 2014-cü ilin on bir ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 53,7 milyard manata çatmışdır. Əlavə dəyərin 42,6 faizi sənaye sahələrində, 12,6 faizi tikinti kompleksində, 5,1 faizi kənd təsərrüfatında, 4,9 faizi nəqliyyatda, 10,0 faizi ticarət və pullu xidmət sahələrində, 1,8 faizi informasiya və rabitədə, 15,8 faizi digər sahələrdə istehsal olunmuşdur.
Əhalinin hər nəfərinə 5710,7 manatlıq (7281,3ABŞ dolları) əlavə dəyər istehsal olunmuşdur.
Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 6,5faiz artmış, neft sektorunda isə 3,4 faiz azalmışdır.
Sənaye sahəsində məhsul istehsalı keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,5 faiz azalaraq 29,8 milyard manata çatmış, onun 70,4 faizi və ya 21,0 milyard manatı mədənçıxarma bölməsində, 23,4 faizi, yaxud 7,0 milyard manatı emal bölməsində, 5,5 faizi və ya 1,6 milyard manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,7 faizi və ya 211,3 milyon manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Mədənçıxarma bölməsinin məhsullarından yanvar-noyabr aylarında 38,4 milyon ton xam neft, 17,0 milyard kub metr əmtəəlik qaz hasil olunmuşdur.
Emal bölməsində qida məhsulları istehsalı 0,9 faiz, içki istehsalı 9,1 faiz, geyim istehsalı 65,0 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 6,7 faiz, kimya sənayesi məhsulları istehsalı 28,3 faiz, tikinti materialları istehsalı 19,8 faiz, hazır metal məmulatlarının istehsalı 10,4 faiz, elektrik avadanlıqları istehsalı 21,8 faiz, avtomobil və qoşquların istehsalı 48,7 faiz, sair nəqliyyat vasitələri istehsalı 3,3 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 90,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 47,4 faiz artmışdır.
İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 19,8 milyard kVt.saat elektrik enerjisi (7,2 faiz çox) istehsal olunmuşdur.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 6,6 faiz artmış, neft sektorunda isə 3,0 faiz azalmışdır.
Aqrar bölmədə bitkiçilik məhsullarının yığımı başa çatmaq üzrədir. Dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 2379,4 min ton taxıl, 819,3 min ton kartof, 1181,6 min ton tərəvəz, 40,6 min ton pambıq, 844,6 min ton meyvə və giləmeyvə, 440,9 min ton bostan məhsulları, 147,6 min ton üzüm, 166,4 min ton şəkər çuğunduru, 20,3 min ton dən üçün günəbaxan, 2,9 min ton tütün, 459,2 ton yaşıl çay yarpağı toplanmış, diri çəkidə 421,1 min ton ət, 1705,2 min ton süd, 1425,6 milyon ədəd yumurta və 16,6 min ton yun istehsal olunmuşdur.
Dəyər ifadəsində heyvandarlıq məhsulları istehsalı 3,0 faiz artmış, bitkiçilik məhsulları istehsalı 8,1 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 2,9 faiz azalmışdır.
2014-cü ilin məhsulu üçün 969,2 min hektar sahədə şum qaldırılmış, 806,6 min hektar sahədə dən üçün taxıl, o cümlədən 502,8 min hektar sahədə buğda, 303,8 min hektar sahədə arpa səpilmişdir.
İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14,7 milyard manat həcmində vəsait yönəldilmiş, 10,8 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Əsaslı vəsaitin 70,0 faizini və ya 10,3 milyard manatını daxili investisiyalar təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 0,3 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 11,4 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasının aparılmasına investisiyanın 67,2 faizi, yaxud 9,9 milyard manatı sərf olunmuşdur.
2014-cü ildə inşası davam etdirilən və yeni tikilən obyektlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 5543,7 milyon manatından istifadə olunmuş və ilin əvvəlindən ötən vaxt ərzində ümumi sahəsi 1806,4 min kv.metr yaşayış evləri, 25650 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 186 nəfərin qəbulu üçün nəzərdə tutulmuş ambulator-poliklinika müəssisəsi, 230 çarpayılıq xəstəxana, 1092 yerlik məktəbəqədər təhsil müəssisəsi, 147 yerlik klub, Bakı şəhərində “Norm” sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Asfalt zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, müxtəlif səviyyəli yol qovşaqları, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində Metaltökmə və fasiləsiz yayma zavodu, Təzyiqlə emal və boyama zavodu, Şirvan şəhərində Kür çayı üzərində körpü, Naftalan şəhərində “Qarabağ SPA and Resort” Otel Kompleksi, Abşeron rayonunda Şahmat və Musiqi məktəbləri, Stadion, Ağdaş rayonunda Yem zavodu və Meyvə emalı zavodu, “Ağdaş” Elektrik yarımstansiyası, Beyləqan rayonunda Şahmat məktəbi, Şəhər stadionu, Birinci Şahsevən - Əhmədli -Dünyamalılar kəndlərarası avtomobil yolu, Daşkəsən rayonunda Avtovağzal Kompleksi, Füzuli rayonunda Tikiş fabriki,Əhmədalılar-Mollaməhərrəmli-Arayatlı-Babı kəndlərarası avtomobil yolu, Goranboy rayonunda Goranboy-Yuxarı Ağcakənd avtomobil yolu, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, İmişli rayonunda Hacıqabul - Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsi, İsmayıllı rayonunda Çörək istehsalı zavodu, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, “Qafqaz Yengicə Termal Hotel və SPA” otel kompleksi, Lənkəran rayonunda Çörək istehsalı zavodu, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli, Şəmkir rayonunda Çörək zavodu, Şəmkirçay üzərində Su anbarı və Su Elektrik Stansiyası və s. obyektlər istifadəyə verilmişdir.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 202,6 milyon ton yük və 1,7 milyard nəfər sərnişin daşınmış və keçən illə müqayisədə yük daşınması 1,6 faiz, sərnişin daşınması isə 4,9 faiz artmışdır.
Ölkənin iqtisadi və həm də sosial həyatında sürətlə inkişaf edən sahələrdən biri də informasiya və rabitədir. Sahənin əməkçiləri ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 1,5 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 14,2 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 72,5 faizi və ya 1,1 milyard manatı əhaliyə göstərilmiş və 14,3 faiz artmışdır.
Yanvar-noyabr ayları ərzində 19,2 milyard manat məbləğində və ya keçən ilin müvafiq dövründə olduğundan 9,5 faiz çox istehlak malları satılmış, 6,5 faiz çox, yaxud 6,1 milyard manatlıq pullu xidmət göstərilmişdir. Satılmış malların 9,6 milyard manatını və ya 50,1 faizini ərzaq məhsulları, 49,9 faizini isə qeyri-ərzaq malları təşkil etmişdir.
Əmtəə dövriyyəsinin 11,9 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 36,7 faizi bazarlar və yarmarkalar, 51,4 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən həyata keçirilmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri yanvar-oktyabr aylarında 146 dövlətlə 26,6 milyard ABŞ dolları məbləğində xarici ticarət əməliyyatları aparmışlar.
Xarici ticarət dövriyyəsinin 19,2 milyard dollarını və ya 72,3 faizini ölkədən ixrac olunmuş mallar, 7,4 milyard dollarını (27,7 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir. Ticarət əlaqələrinin 91,1 faizi və ya 24,2 milyard dolları MDB-dən kənar ölkələrlə, 8,9 faizi (2,4 milyard dolları) MDB üzvü dövlətləri ilə aparılmışdır.
Ölkəmizdən göndərilmiş malların 96,3 faizi MDB-dən kənar dövlətlərə, 3,7 faizi isə MDB üzvü ölkələrinə ixrac olunmuş, ölkəmizə idxal olunmuş məhsulların çox hissəsi (77,5 faizi) MDB-dən kənar ölkələrdən daxil olmuşdur.
Beləliklə, on ay ərzində aparılmış idxal-ixrac əməliyyatları nəticəsində 11,8 milyard dollarlıq, o cümlədən MDB-dən kənar ölkələrlə 12,8 milyard dollar məbləğində müsbət, MDB üzvü dövlətləri ilə isə 941,1 milyon dollar məbləğində mənfi ticarət saldosu yaranmışdır.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 0,7 faiz artmışdır.
Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 34,2 milyard dollar (o cümlədən ixrac 26,8 milyard) dollar təşkil etmiş, 19,4 milyard dollar məbləğində müsbət saldo yaranmışdır.
Yanvar-oktyabr aylarında ölkəmizə 45,7 milyon dollarlıq humanitar və texniki yardım daxil olmuşdur.
İstehlak mallarının qiymətləri və xidmət tarifləri noyabr ayında oktyabr ayı ilə müqayisədə 0,1 faiz, on bir ay ərzində keçən ilin müvafiq dövrünə nisbətən isə 1,5 faiz bahalaşmışdır. Oktyabr ayına nisbətən noyabr ayında ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə əvvəlki ayla eyni səviyyədə qalmışdır. İlin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 1,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,5 faiz, xidmət tarifləri isə 0,4 faiz bahalaşmışdır.
Yanvar-noyabr aylarında əhalinin gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 33,6 milyard manata, onun əhalinin hər nəfərinə düşən məbləği isə 3,4 faiz çoxalaraq 3573,3 manata çatmışdır. Gəlirlərin 69,5 faizi son istehlaka, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,8 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunmuşdur. Əhalinin sərəncamında 30,6 milyard manat məbləğində gəlirləri qalmış və keçən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artmışdır.
Ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,5 faiz çoxalaraq 441,8 manata çatmışdır. Sənaye sahələrində çalışanların əmək haqqı 710,0 manat, tikinti kompleksində 626,1 manat, nəqliyyatda 537,8 manat, informasiya və rabitədə 735,8 manat təşkil etmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinə 15,8 milyard manat daxil olmuş, büdcədən 13,9 milyard manat vəsait xərclənmişdir. Büdcə xərclərinin 42,0 faizi və ya 5,8 milyard manatı iqtisadiyyatın inkişafına, 11,3 faizi (1,6 milyard manatı) səhiyyə və təhsilə, 11,7 faizi (1,6 milyard manatı) sosial müdafiə və sosial təminata yönəldilmişdir.
Büdcənin gəlirləri ilə xərcləri arasında ümumi daxili məhsulun 3,9 faizinə bərabər və ya 1,9 milyard manatlıq profisit yaranmışdur.
Noyabr ayının 1-nə əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrünə nisbətən 11,1 faiz artaraq 7,0 milyard manat olmuş, onların 4,4 milyard manatı milli valyuta ilə, 2,6 milyard manatı isə xarici valyuta ilə qoyulmuşdur.
Ölkənin maliyyə-kredit təşkilatları noyabrın 1-nə kimi 17,8 milyard manat məbləğində kredit vermiş, kreditlərin 79,2 faizi uzunmüddətli olmuş, 5,3 faizinin ödəmə vaxtı keçmişdir.
Noyabr ayında manatın 1 ABŞ dollarına orta məzənnəsi 0,78 manat, 1 Avroya 0,98 manat, 100 Rusiya rubluna 1,71 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0,78, 1,05 və 2,15 manata bərabər olmuşdur.

Makroiqtisadi göstəricilər

Göstəricilər 2014-cü ilin yanvar-noyabr ayları faktiki, milyon manat 2014-cü ilin yanvar-noyabr ayları 2013-сü ilin yanvar-noyabr aylarına nisbətən, faizlə Məlumat üçün:
2013-cü ilin yanvar-noyabr ayları 2012-сi ilin yanvar-noyabr aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul 53 743,6 102,2 105,7
o cümlədən qeyri-neft ÜDM-si 32 118,3 106,5 109,5
Sənaye məhsulu 29 830,7 98,5 101,7
o cümlədən qeyri-neft sənayesi 6 499,9 106,6 103,2
Əsas kapitala yönəldilmiş vəsaitlər 14 693,1 100,3 114,8
Kənd təsərrüfatı məhsulu 4 932,5 97,1 104,8
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton 202,6 101,6 103,3
o cümlədən qeyri-neft yüklərinin daşınması 145,1 103,3 106,8
İnformasiya və rabitə xidmətləri 1 460,9 114,2 109,4
Pərakəndə ticarət dövriyyəsi 19 239,5 109,5 109,7
Əhaliyə göstərilən pullu xidmətlər 6 059,6 106,5 107,3
Dövlət büdcəsinin gəlirləri 15 786,7 x) 97,2 xx) 114,1 xxx)
Dövlət büdcəsinin xərcləri 13 860,8 x) 98,9 xx) 114,8 xxx)
Dövlət büdcəsinin profisiti 1 925,90 - -
Əhalinin gəlirləri 33 627,9 104,7 107,9
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 3 573,3 103,4 106,5
Orta aylıq əmək haqqı, manat 441,8 x) 105,5 xx) 106,9 xxx)
İstehlak qiymətlərinin indeksi x 101,5 102,3
Statistika məlumatı1):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 34 234,1 x) 95,9 3) x
o cümlədən:
ixrac 26 872,2 x) 100,2 3) x
ondan qeyri-neft məhsulu ixracı 1 422,8 x) 100,7 3) 109,5 4)
idxal 7 361,9 x) 82,6 3) 113,9 4)
Gömrük məlumatı2):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 26 556,8 x) 93,3 109,0 4)
o cümlədən:
ixrac 19 194,9 x) 98,1 3) 107,1 4)
idxal 7 361,9 x) 82,6 3) 113,9 4)
Qeyd:
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla.
2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3) 2014-cü ilin yanvar-oktyabrı 2013-cü ilin yanvar-oktyabrına nisbətən, müqayisəli qiymətlərlə;
4) 2013-cü ilin yanvar-oktyabrı 2012-ci ilin yanvar-oktyabrına nisbətən, müqayisəli qiymətlərlə;
x) 2014-cü ilin yanvar-oktyabrı;
xx) 2014-cü ilin yanvar-oktyabrı 2013-cü ilin yanvar-oktyabrına nisbətən;
xxx) 2013-cü ilin yanvar-oktyabrı 2012-ci ilin yanvar-oktyabrına nisbətən.