Cənubi Koreya Respublikasının Daejeon şəhərində “Statistik potensialın gücləndirilməsi: Əhali statistikasının təkmilləşdirilməsi” mövzusunda təlim kursu keçirilmişdir

25.11.2014

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Əhali və gender statistikası şöbəsinin aparıcı məsləhətçisi Sitarə Babayeva 2014-cü il 3-14 noyabr tarixlərində Cənubi Koreya Respublikasının Daejeon şəhərində Statistika üzrə Təlim İnstitutu (STİ) tərəfindən təşkil edilmiş “Statistik potensialın gücləndirilməsi: Əhali statistikasının təkmilləşdirilməsi” mövzusunda keçirilmiş təlim kursunda iştirak etmişdir.
Təlim kursunda Azərbaycan, Qazaxıstan, İran, Şri-Lanka, Vyetnam, Boliviya, Çin, İndoneziya, Tailand, Misir, Kamboca, Banqladeş, Monqolustan, Timor-Lest və Pakistan və Cənubi Koreyanın Statistika (KOSTAT) xidmətlərinin nümayəndələri iştirak etmişlər. Təlim kursunun keçirilməsinin əsas məqsədi iştirakçıları əhali statistikası sahəsində Cənubi Koreyanın təcrübəsi və beynəlxalq təcrübə ilə tanış etməkdən ibarət olmuşdur.
Hər bir iştirakçı təlim kursunun əvvəlində təmsil etdiyi ölkə və çalışdığı təşkilat barədə 15 dəqiqəlik məruzə ilə çıxış etmişdir. Nümayəndəmiz S.Babayeva ölkəmiz haqqında hazırlanmış məruzədə Azərbaycan Respublikasının statistika sistemi, həmçinin əhali və gender statistikası sahəsində əldə edilən və hesablanan göstəricilər haqqında ümumi məlumat vermişdir.
Təlim kursunu “Giriş”, “Əhali”, “Təbii hərəkət”, “Miqrasiya”, “Formal demoqrafiya” və “Proqnozlar” mövzusunda mühazirələri ilə Avropa İttifaqının Statistika Bürosunun (Avrostat) demoqrafiya üzrə baş statistiki cənab Campaolo Lanzieri davam etmişdir. O, əhalinin təbii hərəkəti, siyahıyaalınması, siyahiyaalmalararası dövrdə əhali haqqında məlumatların yenidən qiymətləndirilməsinin metodları, nəsilvermə əmsalı, gözlənilən ömür uzunluğunun hesablanması və proqnozlaşdırılması metodları haqqında məlumat vermişdir.
Bundan əlavə, kursda Cənubi Koreya Respublikasının tarixi, dili, əhalisi, sosial həyatı, iqtisadiyyatı və inkişaf mərhələləri haqqında ümumi xarakterli məlumatlar iştirakçıların nəzərinə çatdırılmışdır.
Təlimin sonuncu günü hər qrupdan bir nümayəndə bu ölkənin demoqrafik vəziyyətini və gələcəkdə artım perspektivlərini xarakterizə edən təqdimatla çıxış etmişdir.
Statistika üzrə KOSTAT-ın Statistik Əməkdaşlıq üzrə beynəlxalq şöbəsinin müdiri cənab Yanqtae Son tədris kursunun sonunda iştirakçılara öz minnətdarlığını bildirərək, bu sahədə onlara uğurlar arzulamış və hər bir ölkə iştirakçısına tədris kursunu müvəffəqiyyətlə bitirdiyi üçün sertifikat təqdim etmişdir.