2014-cü ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

14.11.2014

Ümumi Daxili Məhsul. Yanvar-oktyabr ayları ərzində ölkədə 49.2 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.8 faiz, yaxud müqayisəli qiymətlərlə 1.4 milyard manat artmışdır. ÜDM-in 30.1 milyard manatı və ya 61.1 faizi məhsul istehsalı sahələrində, 15.6 milyard manatı, yaxud 31.7 faizi xidmət sahələrində yaradılmış, 3.5 milyard manatı (7.2 faizi) isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda əlavə dəyər istehsalı 6.4 faiz artmış, neft sektorunda isə 1.8 faiz azalmışdır.
Əhalinin hər bir nəfərinə 5233.2 manat (6672.5 ABŞ dolları) əlavə dəyər istehsal olunmuş və 1.5 faiz artmışdır.
Sənaye. Əlavə dəyərin 43.6 faizi yaradılmış sənaye sahəsində ev təsərrüfatlarının və sənaye sahəsində fəaliyyət göstərən fiziki şəxslərin istehsal etdikləri məhsul da nəzərə alınmaqla 27.8 milyard manatlıq məhsul istehsal olunmuş və 0.4 faiz azalmışdır.
Sənaye məhsulunun 71.2 faizi mədənçıxarma bölməsində, 22.8 faizi emal bölməsində, 5.3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində və 0.7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Mədənçıxarma bölməsində 35.6 milyon ton neft, 15.5 milyard kub metr əmtəəlik qaz hasil edilmişdir.
Emal bölməsində qida məhsulları istehsalı 1.9 faiz, içki istehsalı 10.0 faiz, geyim istehsalı 53.2 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 9.8 faiz, kimya sənayesi məhsulları istehsalı 27.2 faiz, tikinti materialları istehsalı 20.9 faiz, hazır metal məmulatlarının istehsalı 11.4 faiz, elektrik avadanlıqları istehsalı 20.3 faiz, avtomobil və qoşquların istehsalı 58.0 faiz, sair nəqliyyat vasitələri istehsalı 3.4 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 88.5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 66.0 faiz artmışdır.
Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində ötən ildə olduğundan 6.2 faiz çox və ya 17.8 milyard kVt.saat elektrik enerjisi istehsal edilmişdir.
Sənaye məhsulu istehsalı qeyri-neft sektorunda 6.3 faiz artmış, neft sektorunda isə 1.7 faiz azalmışdır.
Kənd təsərrüfatı. Aqrar bölmədə məhsul yığımı başa çatmaq üzrədir. Noyabrın 1-nə kimi tarlalardan qarğıdalı ilə birlikdə 2361,8 min ton taxıl, 819,3 min ton kartof, 1167,9 min ton tərəvəz, 701,0 min ton meyvə və giləmeyvə , 440,8 min ton bostan məhsulları, 137,5 min ton üzüm, 2,7 min ton tütün, 82,5 min ton şəkər çuğunduru, 436,2 ton yaşıl çay yarpağı, 34,9 min ton pambıq toplanmışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə günəbaxan istehsalı 12,1 faiz, pambıq istehsalı 10,9 faiz, bostan məhsulları istehsalı 2,6 faiz, meyvə və giləmeyvə istehsalı 1,4 faiz və üzüm istehsalı 0,2 faiz artmış, dənli və dənli paxlalılar istehsalı 19,6 faiz, kartof istehsalı 17,4 faiz, tərəvəz istehsalı 2,0 faiz, şəkər çuğunduru istehsalı 5,2 faiz, tütün istehsalı 16,9 və çay istehsalı 20,7 faiz azalmışdır.
İlin əvvəlindən keçən vaxt ərzində diri şəkidə 378,3 min ton ət, 1566,1 min ton süd, 1299,4 milyon ədəd yumurta və 16,5 min ton yun istehsal olunmuşdur. 2013-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz, süd istehsalı 3,8 faiz yumurta istehsalı 12,0 faiz, yun istehsalı 1,8 faiz artmışdır
Beləliklə, kənd təsərrüfatının ümumi məhsulu 3,0 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 8,1 faiz azalmış, heyvandarlıq məhsulları isə 3,1 faiz ötən ilki səviyyədən yüksək olmuşdur.
Kənd əməkçiləri gələn ilin məhsulu üçün 745,4 min hektar sahədə şum qaldırmış, 388,8 min hektar sahədə dən üçün taxıl, o cümlədən 220,6 min hektar sahədə buğda, 168,2 min hektar sahədə arpa səpmişlər.
Tikinti. İnşaat kompleksində bütün maliyyə mənbələrindən əsas kapitala 13.2 milyard manat həcmində, yaxud 0.6 faiz çox vəsait yönəldilmişdir. Vəsaitin 6.5 milyard manatı (49.5 faizi) qeyri-dövlət bölməsinə məxsus, 6.7 milyard manatı isə dövlət bölməsinə məxsus idarə və təşkilatlar tərəfindən qoyulmuşdur. Bilavasitə tikinti-quraşdırma işlərinə 9.7 milyard manat sərf olunmuş və ümumi vəsaitin 73.5 faizini təşkil etmişdir. İstifadə edilmiş vəsaitin 67.0 faizi və ya 8.8 milyard manatı məhsul istehsalı obyektlərin inşasına sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin 9.2 milyard manatını və ya 70.0 faizini daxili vəsait, 4.0 milyard manatını xarici vəsait təşkil etmişdir.
2014-cü ildə inşası davam etdirilən və yeni tikilən obyektlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 4804.5 milyon manatından istifadə olunmuş və ilin əvvəlindən ötən vaxt ərzində ümumi sahəsi 1645.2 min kv.metr yaşayış evləri, 25350 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 142 nəfərin qəbulu üçün nəzərdə tutulmuş ambulator-poliklinika müəssisəsi, 230 çarpayılıq xəstəxana, 1092 yerlik məktəbəqədər təhsil müəssisəsi, 147 yerlik klub, Bakı şəhərində “Norm” sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, müxtəlif səviyyəli yol qovşaqları, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində Metaltökmə və fasiləsiz yayma zavodu, Təzyiqlə emal və boyama zavodu, Şirvan şəhərində Kür çayı üzərində körpü, Ağdaş rayonunda Yem zavodu və Meyvə emalı zavodu, “Ağdaş” Elektrik yarımstansiyası, Beyləqan rayonunda Şahmat məktəbi, Şəhər stadionu, Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərarası avtomobil yolu, Füzuli rayonunda Tikiş fabriki, Əhmədalılar - Mollaməhərrəmli – Arayatlı - Babı kəndlərarası avtomobil yolu, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, İmişli rayonunda Hacıqabul - Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, “Qafqaz Yengicə Termal Hotel və SPA” otel kompleksi, Lənkəran rayonunda Çörək istehsalı zavodu, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli və s. obyektlər istifadəyə verilmişdir.
Nəqliyyat. Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən on ay ərzində 183.1 milyon ton və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1.8 faiz çox yük daşınmışdır. Sərnişin daşınması 5.0 faiz artaraq 1.5 milyard nəfər təşkil etmişdır.
İnformasiya və rabitə. Rabitə müəssisələri tərəfindən ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 1.3 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründəkindən 13.3 faiz çox rabitə xidməti göstərilmişdir. Mobil telefon rabitəsinin xidmət növündən əldə olunmuş gəlirlərin həcmi 7.7 faiz artaraq 761.0 milyon manata çatmış və ümumi gəlirlərin 58.1 faizini təşkil etmişdir.
Əmtəə dövriyyəsi və pullu xidmət. Yanvar-oktyabr ayları ərzində əhaliyə 17.5 milyard manatlıq istehlak malları satılmış və 9.6 faiz artmışdır. Pullu xidmətlərin həcmi isə 6.6 faiz artaraq 5.4 milyard manata çatmışdır. Əhalinin istehlak bazarından aldığı malların 8728.5 milyon manatını və ya 50.0 faizini ərzaq məhsulları, 8742.5 milyon manatını qeyri-ərzaq malları təşkil etmiş və müvafiq olaraq 3.3 faiz və 16.1 faiz artmışdır. Bu dövrdə elektron ticarət dövriyyəsi 2.5 dəfə artaraq 5.1 milyon manatı ötmüşdür.
Xarici ticarət. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən doqquz ay ərzində xarici ölkələrlə 23.9 milyard dollar məbləğində ticarət əməliyyatları aparılmışdır. Əmtəə dövriyyəsinin 72.7 faizini və ya 17.3 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 27.3 faizini (6.6 milyard dollarını) isə idxal məhsulları təşkil etmiş, 10.7 milyard dollar məbləğində müsbət ticarət saldosu yaranmışdır.
Ticarət əməliyyatlarının 8.7 faizi MDB-yə üzv dövlətləri ilə, 91.3 faizi isə digər ölkələrlə aparılmışdır.
Xam neft və təbii qazın ixracı barədə Azərbaycan Dövlət Neft Şirkətindən və ABƏŞ-dən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsi 31.0 milyard dollar, o cümlədən ixrac 24.4 milyard dollar təşkil etmiş, 17.8 milyard dollar məbləğində müsbət saldo yaranmışdır.
Doqquz ay ərzində ölkəmizə 44.6 milyon ABŞ dolları məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
İstehlak qiymətləri və xidmət tarifləri. İstehlak mallarının qiymətləri və xidmət tarifləri oktyabr ayında əvvəlki ayla müqayisədə 0.3 faiz, on ay ərzində isə keçən ilin müvafiq dövrünə nisbətən 1.6 faiz bahalaşmışdır. Ərzaq məhsullarının qiymətləri göstərilən dövrlərdə müvafiq olaraq 0.6 faiz və 1.1 faiz, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri keçən ayın səviyyəsində qalmış, ötən ilin yanvar-oktyabr aylarına nisbətən isə müvafiq olaraq 3.6 faiz və 0.4 faiz bahalaşmışdır.
Əhalinin gəlirləri. 2014-cü ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin gəlirləri 5.4 faiz artaraq 30.4 milyard manat təşkil etmişdir. Bu vaxt ərzində əhalinin hər nəfərinə düşən gəlirlər 4.1 faiz yüksələrək 3229.5 manata və ya orta hesabla ayda 322.9 manata çatmışdır.
Əmək haqqı. Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-sentyabr aylarında 2013-cü ilin müvafiq dövrünə nisbətən 5.7 faiz artaraq 441.6 manat olmuşdur.
Dövlət büdcəsi. Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-sentyabr aylarında dövlət büdcəsinə 14.1 milyard manat məbləğində vəsait daxil olmuş, büdcədən 12.7 milyard manat vəsait xərclənmişdir. Büdcə xərclərinin 43.2 faizi və ya 5.5 milyard manatı iqtisadiyyatın inkişafına, 11.0 faizi, yaxud 1.4 milyard manatı səhiyyə və təhsilə, 11.5 faizi və ya 1.5 milyard manatı sosial müdafiə və sosial təminata yönəldilmişdir.
Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 1.4 milyard manatlıq profisit ÜDM-də 3.1 faiz təşkil etmişdir.
Kredit qoyuluşu. 2014-cü il oktyabr ayının 1-nə kimi ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş 17.6 milyard manat kreditin məbləği 19.2 faiz artmış, onun 79.4 faizi uzunmüddətli olmuş, 5.5 faizinin ödəmə vaxtı keçmişdir.
Əhalinin əmanətləri. Oktyabr ayının 1-nə olan məlumatlara görə əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.6 faiz artaraq 7.0 milyard manat təşkil etmişdir. Əmanətlərin 2.6 milyard manatı xarici valyuta ilə, 4.4 milyard manatı isə milli valyuta ilə qoyulmuşdur.
Manatın məzənnəsi. Oktyabr ayında manatın 1 ABŞ dollarına orta aylıq məzənnəsi 0.78 manat, 1 Avroya 1.0 manat, 100 Rusiya rubluna 1.93 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0.78, 1.06 və 2.19 manat təşkil etmişdir.

Makroiqtisadi göstəricilər

Göstəricilər 2014-cü ilin yanvar-oktyabr ayları faktiki, milyon manat 2014-cü ilin yanvar-oktyabr ayları 2013-сü ilin yanvar-oktyabr aylarına nisbətən, faizlə Məlumat üçün:
2013-cü ilin yanvar-oktyabr ayları 2012-сi ilin yanvar-oktyabr aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul 49 225,2 102,8 105,7
o cümlədən qeyri-neft ÜDM-si 28 865,2 106,4 109,8
Sənaye məhsulu 27 803,1 99,6 101,5
o cümlədən qeyri-neft sənayesi 5 887,4 106,3 102,0
Əsas kapitala yönəldilmiş vəsaitlər 13 219,8 100,6 116,6
o cümlədən qeyri-neft sektoruna 8 304,9 90,4 110,0
Kənd təsərrüfatı məhsulu 4 637,5 97,0 104,7
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton 183,1 101,8 103,2
o cümlədən qeyri-neft yüklərinin daşınması 130,4 103,1 106,8
İnformasiya və rabitə xidmətləri 1 309,6 113,3 108,5
Pərakəndə ticarət dövriyyəsi 17 471,0 109,6 109,7
Əhaliyə göstərilən pullu xidmətlər 5 402,7 106,6 106,9
Dövlət büdcəsinin gəlirləri 14 070,6 x) 98,2 xx) 114,4 xxx)
Dövlət büdcəsinin xərcləri 12 693,5 x) 99,8 xx) 114,9 xxx)
Dövlət büdcəsinin profisiti 1 377,1 - -
Əhalinin gəlirləri 30 377,2 105,4 107,7
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 3 229,5 104,1 106,4
Orta aylıq əmək haqqı, manat 441,6 x) 105,7 xx) 107,2 xxx)
İstehlak qiymətlərinin indeksi x 101,6 102,3
Statistika məlumatı1):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 30 962,0 x) 95,1 3) x
o cümlədən:
ixrac 24 440,0 x) 99,8 3) x
ondan qeyri-neft məhsulu ixracı 1 235,5 x) 98,8 3) 113,0 4)
idxal 6 522,0 x) 80,5 3) 117,2 4)
Gömrük məlumatı2):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 23 878,8 x) 91,8 3) 110,0 4)
o cümlədən:
ixrac 17 356,8 x) 96,8 3) 107,2 4)
idxal 6 522,0 x) 80,5 3) 117,2 4)
Qeyd:
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla.
2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3) 2014-cü ilin yanvar-sentyabr ayları 2013-cü ilin yanvar-sentyabr aylarına nisbətən, müqayisəli qiymətlərlə;
4) 2013-cü ilin yanvar-sentyabr ayları 2012-ci ilin yanvar-sentyabr aylarına nisbətən, müqayisəli qiymətlərlə;
x) 2014-cü ilin yanvar-sentyabr ayları;
xx) 2014-cü ilin yanvar-sentyabr ayları 2013-cü ilin yanvar-sentyabr aylarına nisbətən;
xxx) 2013-cü ilin yanvar-sentyabr ayları 2012-ci ilin yanvar-sentyabr aylarına nisbətən.