2014-cü ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

14.08.2014

2014-cü ilin yeddi ayının makroiqtisadi göstəricilərinin əvvəlki ilin yanvar-iyul aylarının nəticələri ilə müqayisəsi ölkənin həm iqtisadi və həm də sosial sahələrinin dinamik inkişaf etdiyini göstərir.
Ümumi Daxili Məhsul istehsalı 2013-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 2.4 faiz artaraq 34.0 milyard manat təşkil etmişdir. Əlavə dəyərin 45.5 faizi sənaye sahələrində, 11.4 faizi tikinti kompleksində, 9.8 faizi ticarət və pullu xidmət sahələrində, 5.0 faizi nəqliyyatda, 1.7 faizi informasiya və rabitə müəssisələrində, 4.9 faizi aqrar bölmədə, 14.6 faizi digər sahələrdə yaradılmışdır. Əhalinin hər nəfərinə orta hesabla 3621.3 manat məbləğində (4617.3 ABŞ dolları) əlavə dəyər istehsal olunmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.1 faiz artmışdır.
Əlavə dəyərin 56.8 faizi qeyri-neft sektorunda istehsal olunaraq əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 6.8 faiz artmış, neft-qaz sektorunda isə 3.1 faiz azalmışdır. İqtisadiyyatın qeyri-enerji sektorunda 6.9 faiz artım müşahidə olunub.
2014-cü ilin yeddi ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 19.8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.7 faiz az sənaye məhsulu istehsal olunmuşdur. Məhsulun 14.4 milyard manatı və ya 72.5 faizi mədənçıxarma bölməsində istehsal olunmuş, 24.9 milyon ton neft və 10.8 milyard kub metr əmtəəlik qaz hasil edilmişdir.
Sənayenin emal bölməsində 4.3 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Bölmədə qida məhsulları istehsalı 3.1 faiz, tütün məmulatları istehsalı 71.9 faiz, geyim istehsalı 42.9 faiz, hazır metal məmulatların istehsalı 14.4 faiz, tikinti materiallarının istehsalı 22.6 faiz, elektrik avadanlıqları istehsalı 17.1 faiz, avtomobil və qoşquların istehsalı 66.2 faiz, sair nəqliyyat vasitələri istehsalı 3.4 dəfə, mebel istehsalı 13.4 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 62.5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 20.6 faiz artmışdır. Qeyri-neft emal sənayesində 2.8 milyard manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 3.3 faiz çox sənaye məhsulu istehsal olunmuşdur.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsullarının 5.3 faizi və ya 1051.9 milyon manat istehsal olunmuşdur. İstehsal olunmuş 12.5 milyard kVt.saat elektrik enerjisi əvvəlki ilin yeddi ayının səviyyəsini 3.5 faiz üstələmişdir.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 2.9 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4.4 faiz artmış, neft-qaz sektorunda isə 2.7 faiz azalmışdır.
Aqrar bölmədə avqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 95.2 faizi, yaxud 952.2 min hektarı biçilmiş və həmin sahələrdən 2176.3 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul keçən ilə nisbətən 3.8 sentner azalaraq 22.9 sentnerə düşmüşdür. Bundan əlavə, məhsulu toplanmış 3.7 min hektar qarğıdalı sahəsindən 13.7 min ton məhsul götürülmüşdür.
Yığım başlanandan sahələrdən 466.1 min ton kartof, 717.8 min ton tərəvəz, 325.1 min ton bostan məhsulları, 176.6 min ton meyvə və giləmeyvə, 3.2 min ton üzüm, 316.7 ton yaşıl çay yarpağı, 3.6 min ton dən üçün günəbaxan və 1.2 min ton tütün toplanmışdır.
Bu dövrdə 252.4 min ton, yaxud 2013-cü ilin yanvar-iyul aylarına nisbətən 1.7 faiz çox diri çəkidə ət, 1103.6 min ton (3.5 faiz çox) süd, 889.1 milyon ədəd (11.3 faiz cox) yumurta, 15.4 min ton (1.6 faiz çox) yun istehsal olunmuşdur.
Beləliklə, keçən illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4.2 faiz azalmışdır.
Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9075.5 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 3.0 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala cəlb olunmuş vəsaitin 6596.7 milyon manatından tikinti-quraşdırma işlərində istifadə olunmuş və müqayisə olunan dövrdə 13.0 faiz artmışdır. Əsaslı vəsaitin 67.7 faizi və ya 6140.7 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuş, əsas kapitala yönəldilmiş vəsaitin 6.4 milyard manatını və ya 70.8 faizini daxili investisyalar təşkil etmiş və ötən ilki səviyyədən 2.4 faiz az, xarici investisiya 18.9 faiz yüksək olmuşdur.
Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilmişdir. Yeddi ay ərzində 986.5 min kv.metr sahəsi olan yaşayış evləri, 3300 şagird yerlik ümumtəhsil məktəbləri, 672 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, Bakı şəhərində “Norm” sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində Metaltökmə və fasiləsiz yayma, Təzyiqlə emal və boyama zavodları, Ağdaş rayonunda Yem və Meyvə emalı zavodları, “Ağdaş” Elektrik yarımstansiyası, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Lənkəran rayonunda Çörək istehsalı zavodu, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli və s. obyektlər istifadəyə verilmişdir.
Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 5413.6 milyon manat vəsaitin 3065.0 milyon manatından istifadə olunmuşdur.
2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar 2014-cü ilin birinci yarısında ölkədə 65.1 min yeni, o cümlədən 52.8 min daimi iş yeri açılmışdır ki, bu da işsizlik səviyyəsinin aşağı salınmasına təsir edən əsas amillərdən biridir. Yaradılmış iş yerlərinin 69.3 faizi regionlarda, 83.9 faizi qeyri-dövlət sektorunda açılmışdır.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyul aylarında 124.9 milyon ton, yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 2.5 faiz çox yük, 1004.9 milyon nəfər və ya 5.0 faiz çox sərnişin daşınmışdır. Yüklərin 9.8 faizi dəmir yolu nəqliyyatı, 56.2 faizi avtomobil nəqliyyatı, 4.6 faizi dəniz nəqliyyatı, 29.4 faizi boru kəmərləri ilə, sərnişinlərin 87.4 faizi avtomobil, 12.3 faizi metropolitenlə daşınmışdır
İlin əvvəlindən keçən yeddi ay ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 862.3 milyon manatlıq xidmət göstərmişlər. 2013-cü ilin yanvar-iyuluna nisbətən informasiya və rabitə xidmətlərinin həcmi 12.4 faiz artmış, xidmətlərin 72.5 faizi əhaliyə göstərilmiş və əldə edilmiş gəlirin 78.6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən yanvar-iyun aylarında 134 xarici ölkə ilə 15.3 milyard dollar məbləğində ticarət əməliyyatları həyata keçirilmişdir. Ticarət əlaqələrinin 9.2 faizi, yaxud 1411.3 milyon dollarlığı MDB üzvü dövlətləri ilə, 90.8 faizi və ya 13.9 milyard dollarlığı digər ölkələrlə aparılmışdır.
Altı ay ərzində 11.2 milyard dollarlıq məhsul ixrac olunmuş, onun 424.3 milyon dollarlığı MDB üzvü dövlətlərinə göndərilmiş, 96.2 faizi və ya 10.8 milyard dollarlığı isə digər xarici ölkələrin alıcılarının payına düşmüşdür.
Qeyri-neft məhsullarının ixracı altı ay ərzində 6.6 faiz azalmışdır.
Bu dövrdə ölkəmizə idxal edilmiş məhsulların həcmi 4124.6 milyon dollar təşkil etmişdir. Digər xarici dövlətlərdən idxal olunmuş malların dəyəri 3137.6 milyon dollar, MDB üzvü ölkələrindən isə 987.0 milyon dollar olmuşdur.
Xarici ticarət dövriyyəsinin 46.5 faizi Avropa İttifaqına daxil olan ölkələrlə, 9.2 faizi MDB-yə üzv dövlətləri ilə, 44.3 faizi digər ölkələrlə aparılmışdır.
Beləliklə, altı ay ərzində ölkəmizdən ixrac olunmuş malların həcmi ölkəyə gətirilmiş malların dəyərindən 2.7 dəfə çox olmuş və 7121.7 milyon dollar müsbət saldo yaranmışdır.
Yanvar-iyun aylarında ölkəyə 32.2 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
Xam neft və qaz ixracı barədə ABƏŞ və Dövlət Neft Şirkəti tərəfindən təqdim olunmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 20.6 milyard dollar, o cümlədən ixrac 16.5 milyard dollar təşkil etmiş, müsbət saldo 12.4 milyard dollar olmuşdur.
2014-cü ilin yanvar-iyul aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 4.7 faiz artaraq 21.0 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 3.4 faiz artaraq 2239.1 manata (orta hesabla ayda 319.9 manata) çatmışdır. Gəlirlərin 70.3 faizi son istehlaka, 9.1 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18.0 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
2014-cü ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6.3 faiz artaraq 439.8 manat təşkil etmişdir. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və yanvar-iyun ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 705.6 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 622.3 manat, nəqliyyat sahəsində işləyənlərin orta aylıq əmək haqqı 539.0 manat, informasiya və rabitə sektorunda isə 726.4 manat təşkil etmişdir. Əmək haqqı neft sektorunda 1777.6 manat, qeyri-neft sektorunda 406.0 manat, dövlət bölməsində 354.3 manat, özəl bölmədə 566.5 manat təşkil etmişdir
Ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir. 2014-cü il iyul ayının 1-i vəziyyətinə ölkədə pensiyaçıların sayı 1285.0 min nəfər olmuş və ölkə əhalisinin 13.6 faizini təşkil etmişdir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 172.2 manata çatmış və orta əmək haqqının 39.2 faizini təşkil etmişdir.
Cari il iyul ayının 1-i vəziyyətinə 332.2 min nəfər sosial müavinət, 60.9 min nəfər birdəfəlik müavinət, 50.2 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 126.6 min ailənin 555.2 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı almışdır.
Yeddi ay ərzində əhali istehlak bazarından 11.8 milyard manatlıq istehlak malları almış və göstərilmiş xidmətlərin müqabilində 3532.4 milyon manat ödəmişdir. 2013-cü ilin yanvar-iyul ayları ilə müqayisədə əmtəə dövriyyəsi 9.1 faiz, o cümlədən ərzaq məhsullarının satışı 3.5 faiz, qeyri-ərzaq mallarının satışı 15.0 faiz, pullu xidmətlərin həcmi 6.6 faiz artmışdır. 2014-cü ilin yanvar-iyul aylarında elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 1350.0 min manatlıq qeyri-ərzaq malları və 145.6 min manatlıq ərzaq məhsulları satılmışdır.
İyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.0 faiz, ucuzlaşmış, xidmət tarifləri 0.2 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə dəyişməmişdir. 2013-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-iyul aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3.6 faiz, xidmət tarifləri 0.4 faiz bahalaşmışdır.
2014-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.9 faiz azalaraq 9338.9 milyon manat, xərcləri 0.1 faiz azalaraq 8723.9 milyon manat təşkil etmişdir. Büdcənin profisiti 615 milyon manat və ya ümumi daxili məhsulun 2.1 faizi səviyyəsində olmuşdur. Büdcə gəlirlərinin 12.7 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 16.4 faizi əlavə dəyər vergisindən, 4.9 faizi fiziki şəxslərin gəlir vergisindən, 4.3 faizi aksiz vergisindən, 3.9 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən, 2.6 faizi digər vergilərdən daxil olmuş, 55.2 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilmişdir.
Büdcə vəsaitlərinin 4087.2 milyon manatı (46.8 faizi) iqtisadiyyatın inkişaf etdirilməsinə, 987.4 milyon manatı (11.3 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına, 904.0 milyon manatı (10.4 faizi) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə xərclənmişdir. Xərclərin 21.2 faizini (1853.1 milyon manatını) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil etmişdir.
2014-cü il iyul ayının 1-i vəziyyətinə ölkə iqtisadiyyatında istifadə olunan yerli kreditlərin həcmi 16.8 milyard manat olmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 21.6 faiz artmışdır. Kredit qoyuluşunun 34.5 faizi dövlət, 62.7 faizi özəl banklar, 2.8 faizi isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilmişdir. Verilmiş kreditlərin 78.9 faizini uzunmüddətli kreditlər təşkil etmiş, 5.2 faizinin ödənilmə vaxtı keçmişdir.
2014-cü il iyul ayının 1-nə əhalinin banklardakı əmanətlərinin qalığı 6.7 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13.5 faiz artmışdır. Əmanətlərin 4.2 milyard manatı və ya 62.5 faizi milli, 2.5 milyard manatlıq ekvivalenti xarici valyuta şəklində qoyulmuş və əvvəlki ilə nisbətən müvafiq olaraq 17.1 faiz və 7.9 faiz artmışdır.
İyul ayında 1 ABŞ dolları 0.78 manata, 1 Avro 1.06 manata, 100 Rusiya rublu 2.26 manata, yanvar-iyul aylarında isə müvafiq olaraq 0.78, 1.07 və 2.25 manata bərabər olmuşdur.
Ölkə əhalisinin sayı ilin əvvəlindən 51.8 min nəfər və ya 0.5 faiz artaraq 2014-cü ilin iyul ayının 1-i vəziyyətinə 9528.9 min nəfərə çatmışdır.

Makroiqtisadi göstəricilər

Göstəricilər 2014-cü ilin yanvar-iyul ayları faktiki, milyon manat 2014-cü ilin yanvar-iyul ayları 2013-сü ilin yanvar-iyul aylarına nisbətən,faizlə Məlumat üçün:
2013-cü ilin yanvar-iyul ayları 2012-сi ilin yanvar-iyul aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul 33 994,8 102,4 105,0
o cümlədən qeyri-neft ÜDM-si 19 315,0 106,8 110,5
Sənaye məhsulu 19 845,5 98,3 100,4
o cümlədən qeyri-neft sənayesi 4 029,5 104,4 103,4
Əsas kapitala yönəldilmiş vəsaitlər 9 075,5 103,0 123,3
o cümlədən qeyri-neft sektoruna 5 622,2 91,2 119,6
Kənd təsərrüfatı məhsulu 2 990,0 95,8 104,8
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton 124,9 102,5 102,3
o cümlədən qeyri-neft yüklərinin daşınması 87,6 103,6 105,2
İnformasiya və rabitə xidmətləri 862,3 112,4 106,9
Pərakəndə ticarət dövriyyəsi 11 843,0 109,1 109,2
Əhaliyə göstərilən pullu xidmətlər 3 532,4 106,6 106,8
Dövlət büdcəsinin gəlirləri 9 338,9 x) 98,1 xx) 117,1 xxx)
Dövlət büdcəsinin xərcləri 8 723,9 x) 99,9 xx) 122,8 xxx)
Dövlət büdcəsinin profisiti 615,0 - -
Əhalinin gəlirləri 21 019,3 104,7 107,3
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 2 239,1 103,4 105,9
Orta aylıq əmək haqqı, manat 439,8 x) 106,3 xx) 107,1 xxx)
İstehlak qiymətlərinin indeksi x 101,5 102,1
Statistika məlumatı1):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 20 585,2 x) 93,8 3) х
o cümlədən:
ixrac 16 460,6 x) 98,4 3) х
ondan qeyri-neft məhsulu ixracı 828,7 x) 93,4 3) 113,5 4)
idxal 4 124,6 x) 79,4 3) 114,1 4)
Gömrük məlumatı2):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 15 370,9 x) 88,3 3) 104,8 4)
o cümlədən:
ixrac 11 246,3 x) 92,2 3) 101,6 4)
idxal 4 124,6 x) 79,4 3) 114,1 4)
Qeyd:
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla.
2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3) 2014-cü ilin yanvar-iyun ayları 2013-cü ilin yanvar-iyun aylarına nisbətən, müqayisəli qiymətlərlə;
4) 2013-cü ilin yanvar-iyun ayları 2012-ci ilin yanvar-iyun aylarına nisbətən, müqayisəli qiymətlərlə;
x) 2014-cü ilin yanvar-iyun ayları;
xx) 2014-cü ilin yanvar-iyun ayları 2013-cü ilin yanvar-iyun aylarına nisbətən;
xxx) 2013-cü ilin yanvar-iyun ayları 2012-ci ilin yanvar-iyun aylarına nisbətən.