2014-cü ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

13.06.2014

Ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfindən 2014-cü ilin ötən beş ayı ərzində 23.4 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.8 faiz çox Ümumi Daxili Məhsul istehsal edilmişdir. Ümumi daxili məhsulun 61.2 faizi məhsul istehsalı sahələrində, 31.7 faizi xidmət sahələrində yaradılmış, 7.1 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Əhalinin hər nəfərinə ümumi daxili məhsul istehsalı 2499.8 manat (3187.4 ABŞ dolları) təşkil etmişdir.
Əlavə dəyərin 55.4 faizi qeyri-neft sektorunda istehsal olunaraq müqayisə edilən dövrdə 8.3 faiz artmış, neft sektorunda isə 3.6 faiz azalmışdır.
Ev təsərrüfatlarının və hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri sənaye məhsulu da nəzərə alınmaqla yanvar-may aylarında 14.1 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövründəkindən 2.1 faiz az sənaye məhsulu istehsal edilmişdir. Məhsulun 73.3 faizi mədənçıxarma bölməsində, 20.5 faizi emal bölməsində, 5.6 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3.4 faiz artmış, neft sektorunda isə 3.0 faiz azalmışdır.
Mədənçıxarma bölməsində məhsul istehsalı ötən ilin beş ayının göstəricisi ilə müqayisədə 2.2 faiz azalmış, 17.7 milyon ton neft, 7.6 milyard kub metr əmtəəlik qaz hasil olunmuşdur.
Emal bölməsində məhsul buraxılışı 6.7 faiz azalsada, qida məhsullarının istehsalı 2.1 faiz, geyim istehsalı 17.4 faiz, tikinti materialları istehsalı 16.7 faiz, maşın və avadanlıqların istehsalı 4.7 faiz, avtomobil və qoşquların istehsalı 2.6 dəfə, sair nəqliyyat vasitələri istehsalı 2.8 dəfə, mebel istehsalı 29.7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 18.1 faiz artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulu istehsalı 1.7 faiz artmış, istehsal edilmiş 9.2 milyard kv.saat elektrik enerjisi ötən ilki səviyyədən 3.0 faiz çox olmuşdur.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 6.6 faiz artmışdır.
İyun ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 363.3 milyon manatlıq hazır məhsul olmuş və son bir ay ərzində hazır məhsul ehtiyatı 17.7 milyon manat artmışdır.
Aqrar bölmədə yaz-tarla işləri başa çarmaq üzrədir. İyun ayının 1-nə kimi 342.5 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmış, 26.6 min hektar sahədə dənli və dənli paxlalılar, 34.7 min hektar sahədə dən üçün qarğıdalı, 61.5 min hektar sahədə kartof, 73.3 min hektar sahədə tərəvəz, 21.1 min hektar sahədə pambıq, 26.8 min hektar sahədə bostan bitkiləri, 5.5 min hektar sahədə şəkər çuğunduru, 9.8 min hektar sahədə dən üçün günəbaxan, 1107 hektar sahədə tütün əkilmişdir.
Yaz-tarla işlərinin aparılması ilə yanaşı, kənd əməkçiləri yetişdirdikləri məhsulları toplamağa başlamışlar. İyun ayının 1-nə kimi tarlalardan 40.1 min ton dənli və dənli paxlalılar, 52.6 min ton kartof, 77.9 min ton tərəvəz, 8.6 min ton meyvə və giləmeyvə, 220.4 ton yaşıl çay yarpağı toplanmışdır.
İlin əvvəlindən 174.7 min ton diri çəkidə ət, 753.0 min ton süd, 638.1 milyon ədəd yumurta, 12.6 min ton yun istehsal olunmuş, 2013-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2.1 faiz, süd istehsalı 2.8 faiz, yumurta istehsalı 12.6 faiz, yun istehsalı 1.5 faiz artmışdır.
Beləliklə, beş ay ərzində ötən ilin müvafiq düvrü ilə müqayisədə 2.7 faiz çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.
Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən beş ay ərzində əsas kapitala 6.1 milyard manat məbləğində vəsait yönəldilmiş, 4.4 milyard manat məbləğində tikinti-quraşdırma işləri görülmüşdür. İnvestisiya qoyuluşu 2013-cü ilin müvafiq dövrünə nisbətən 6.0 faiz, tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsaitin həcmi 18.3 faiz artmışdır.
Əsas kapitala yönəldilmiş vəsaitin 4.3 milyard manatını və ya 70.4 faizini daxili investisyalar təşkil etmiş və ötən ilki səviyyədən 1.7 faiz, xarici investisiya 18.1 faiz yüksək olmuşdur.
Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilmişdir. Beş ay ərzində 622.7 min kv.metr sahəsi olan yaşayış evləri, 2000 şagird yerlik ümumtəhsil məktəbləri, 672 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, Bakı şəhərində Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində Metaltökmə və fasiləsiz yayma, Təzyiqlə emal və boyama zavodları, Ağdaş rayonunda Yem və Meyvə emalı zavodları, “Ağdaş” Elektrik yarımstansiyası, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli və s. obyektlər istifadəyə verilmişdir.
Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 5339.0 milyon manat vəsaitin 2156.2 milyon manatından istifadə olunmuşdur.
Nəqliyyat kompleksinin əməkçiləri tərəfindən beş ay ərzində daşınmış yüklərin həcmi ötən illə müqayisədə 2.1 faiz artaraq 87.4 milyon tona, daşınmış sərnişinlərin sayı isə 5.8 faiz artaraq 709.8 milyon nəfərə bərabər olmuşdur.
Rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara 594.5 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 12.0 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 72.5 faizi bilavasitə əhaliyə göstərilmiş və 12.6 faiz artmışdır.
İlin əvvəlindən ötən vaxt ərzində istehlak və xidmət bazarlarında əhaliyə 11.1 milyard manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 8.8 faiz artaraq 8.3 milyard manata, pullu xidmətlərin həcmi isə 6.7 faiz artaraq 2.4 milyard manata çatmışdır. İstehlak mallarının 11.7 faizi hüquqi şəxslər, 36.8 faizi yarmarkalar və bazarlar, 51.5 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən yanvar-aprel aylarında 122 xarici ölkə ilə 9.9 mılyard dollar məbləğində ticarət əməliyyatları həyata keçirilmişdir. Ticarət əlaqələrinin 9.3 faizi, yaxud 916.2 milyon dollarlığı MDB üzvü dövlətləri ilə, 90.7 faizi və ya 9.0 milyard dollarlığı digər ölkələrlə aparılmışdır.
Dörd ay ərzində 7156.2 milyon dollarlıq məhsul ixrac olunmuş, onun 222.8 milyon dollarlığı MDB üzvü dövlətlərinə göndərilmiş, 96.9 faizi və ya 6933.4 milyon dollarlığı isə digər xarici ölkələrin alıcılarının payına düşmüşdür.
Bu dövrdə ölkəmizə idxal edilmiş məhsulların həcmi 2734.7 milyon dollar təşkil etmişdir. Digər xarici dövlətlərdən idxal olunmuş malların dəyəri 2041.3 milyon dollar, MDB üzvü ölkələrindən isə 693.4 milyon dollar olmuşdur.
Xarici ticarət dövriyyəsinin 43.5 faizi Avropa İttifaqına daxil olan ölkələrlə, 9.3 faizi MDB-yə üzv dövlətləri ilə, 47.2 faizi digər ölkələrlə aparılmışdır.
Beləliklə, dörd ay ərzində ölkəmizdən ixrac olunmuş malların həcmi ölkəyə gətirilmiş malların dəyərindən 2.6 dəfə çox olmuş və 4421.5 milyon dollar müsbət saldo yaranmışdır.
Xam neft və qaz ixracı barədə ABƏŞ və Dövlət Neft Şirkəti tərəfindən təqdim olunmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 13.4 milyard dollar, o cümlədən ixrac 10.7 milyard dollar təşkil etmiş, saldo 8.0 milyard dollar olmuşdur.
Yanvar-aprel aylarında ölkəyə 28.4 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
İqtisadi və sosial sahələrdə muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-aprel aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 6.7 faiz artaraq 436.7 manata, hər bir nəfərə düşən gəlirlər isə 3.1 faiz çoxalaraq 1603.9 manata çatmışdır.
May ayında əvvəlki ayla müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.9 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla eyni səviyyədə qalmışdır. Yanvar-may ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3.6 faiz, xidmət tarifləri 0.3 faiz bahalaşmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-aprel aylarında dövlət büdcəsinə 6.5 milyard manat vəsait daxil olmuş, büdcədən 6.1 milyard manat vəsait xərclənmiş və 402.6 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 2.2 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 3.0 milyard manatı və ya 49.7 faizi iqtisadiyyatın inkişafına, 680.4 milyon manatı (11.2 faizi) sosial müdafiə və sosial təminata, 544.2 milyon manatı (9.0 faizi) təhsilə və səhiyyəyə yönəldilmişdir.
Maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin məbləği may ayının 1-nə 16.2 milyard manata çataraq ötən ilin may ayının 1-nə nisbətən 24.8 faiz artmışdır. Verilmiş kreditlərin 12.7 milyard manatı uzunmüddətli olmuş, 895.6 milyon manatının ödəmə vaxtı keçmişdir.
Əhalinin banklardakı əmanətlərinin həcmi keçən illə müqayisədə 13.9 faiz artaraq may ayının 1-nə 6.6 milyard manata çatmışdır. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 4.1 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlər isə 2.5 milyard manat olmuşdur.
May ayında 1 ABŞ dolları 0.78 manata, 1 Avro 1.08 manata, 100 Rusiya rublu 2.24 manata, yanvar-may aylarında isə müvafiq olaraq 0.78, 1.08 və 2.24 manata bərabər olmuşdur.

Makroiqtisadi göstəricilər

Göstəricilər 2014-cü ilin yanvar-may ayları faktiki, milyon manat 2014-cü ilin yanvar-may ayları 2013-сü ilin yanvar-may aylarına nisbətən, faizlə Məlumat üçün:
2013-cü ilin yanvar-may ayları 2012-сi ilin yanvar-may aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul 23 444,8 102,8 104,5
o cümlədən qeyri-neft ÜDM-si 12 993,1 108,3 111,0
Sənaye məhsulu 14 095,0 97,9 99,8
o cümlədən qeyri-neft sənayesi 2 819,5 103,4 102,4
Əsas kapitala yönəldilmiş vəsaitlər 6 121,2 106,0 127,4
o cümlədən qeyri-neft sektoruna 3 660,2 93,3 126,1
Kənd təsərrüfatı məhsulu 1 128,2 102,7 105,2
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton 87,4 102,1 102,2
o cümlədən qeyri-neft yüklərinin daşınması 60,5 103,7 99,0
İnformasiya və rabitə xidmətləri 594,5 112,0 107,9
Pərakəndə ticarət dövriyyəsi 8 332,8 108,8 108,8
Əhaliyə göstərilən pullu xidmətlər 2 445,4 106,7 107,3
Dövlət büdcəsinin gəlirləri 6 471,3 x) 97,3 xx) 123,5 xxx)
Dövlət büdcəsinin xərcləri 6 068,7 x) 97,2 xx) 160,3 xxx)
Dövlət büdcəsinin profisiti 402,6 - -
Əhalinin gəlirləri 15 042,4 104,4 107,2
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 1 603,9 103,1 105,8
Orta aylıq əmək haqqı, manat 436,7 x) 106,7 xx) 107,6 xxx)
İstehlak qiymətlərinin indeksi x 101,7 101,7
Statistika məlumatı1):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 13 465,8 x) 95,4 3) х
o cümlədən:
ixrac 10 731,1 x) 97,9 3) х
ondan qeyri-neft məhsulu ixracı 491,0 x) 85,5 3) 116,0 4)
idxal 2 734,7 x) 86,4 3) 106,8 4)
Gömrük məlumatı2):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 9 890,9 x) 85,9 3) 109,8 4)
o cümlədən:
ixrac 7 156,2 x) 85,7 3) 110,9 4)
idxal 2 734,7 x) 86,4 3) 106,8 4)
Qeyd:
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla.
2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3) 2014-cü ilin yanvar-aprel ayları 2013-cü ilin yanvar-aprel aylarına nisbətən, müqayisəli qiymətlərlə;
4) 2013-cü ilin yanvar-aprel ayları 2012-ci ilin yanvar-aprel aylarına nisbətən, müqayisəli qiymətlərlə;
x) 2014-cü ilin yanvar-aprel ayları;
xx) 2014-cü ilin yanvar-aprel ayları 2013-cü ilin yanvar-aprel aylarına nisbətən;
xxx) 2013-cü ilin yanvar-aprel ayları 2012-ci ilin yanvar-aprel aylarına nisbətən.