AZ    EN
logo
2021-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 692,3 manat olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında əsas kapitala 2365,2 milyon manat məbləğində, vəsait yönəldilmişdir. 2021-ci ilin yanvar-mart aylarında 11,0 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkədə 18 921,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2021-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-mart aylarına nisbətən 103,9 faiz təşkil etmişdir. 2021-ci ilin yanvar-mart aylarında istehlakçılara 9,5 milyard manatlıq məhsul satılmışdır. 2021-ci ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 4515,0 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci il mart ayının 1-nə əhalinin sayı 10127127 nəfər olmuşdur. 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi ümumilikdə 809,5 min ton təşkil etmişdir. 2020-ci ildə mehmanxanaların gəlirləri 116,8 milyon manat olmuşdur Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

2014-cü ilin birinci rübündə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

14.04.2014

Ölkənin iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri əks etdirən əsas makroiqtisadi göstəricilər cari ilin birinci rübündə də bir qədər yüksəlmiş, əhalinin rifah halını göstərən əmək haqqı və gəlirlər artmış, inflyasiya minimum səviyyədə qalmışdır.
Ümumi Daxili Məhsul istehsalı 2013-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2.5 faiz artaraq 13.2 milyard manat təşkil etmişdir. Əlavə dəyərin 48.4 faizi sənaye sahələrində, 9.6 faizi tikinti kompleksində, 11.4 faizi ticarət və pullu xidmət sahələrində, 6.1 faizi nəqliyyatda, 1.8 faizi informasiya və rabitə müəssisələrində, 2.4 faizi aqrar bölmədə, 13.4 faizi digər sahələrdə yaradılmışdır. Əhalinin hər nəfərinə orta hesabla 1403.4 manat məbləğində (1789.2 ABŞ dolları) əlavə dəyər istehsal olunmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.1 faiz artmışdır.
Əlavə dəyərin 54.8 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvar-mart ayları ilə müqayisədə 8.8 faiz artmış, neft-qaz sektorunda isə 4.1 faiz azalmışdır.
2014-cü ilin birinci rübündə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 8.2 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4 faiz az sənaye məhsulu istehsal olunmuşdur. Azalmanın əsas səbəbi neft hasilatında geriləmə ilə bağlıdır. Məhsulun 71.8 faizi mədənçıxarma bölməsində istehsal olunmuş, 10.4 milyon ton neft və 4.5 milyard kub metr əmtəəlik qaz hasil edilmişdir.
Sənayenin emal bölməsində üç ay ərzində 1.7 milyard manatlıq və ya 0.8 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Bölmədə qida məhsulları istehsalı 2.5 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 8.7 faiz, geyim istehsalı 7.0 faiz, kimya sənayesi məhsulları istehsalı 12.3 faiz, metallurgiya sənayesi 17.5 faiz, tikinti materialları istehsalı 17.8 faiz, maşın və avadanlıqların istehsalı 10.8 faiz, elektrik avadanlıqları istehsalı 58.4 faiz, avtomobil və qoşquların istehsalı 2.8 dəfə, sair nəqliyyat vasitələri istehsalı 3.5 dəfə, mebel istehsalı 43.7 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 61.7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 35.1 faiz artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsullarının 6.5 faizi və ya 532.4 milyon manat istehsal olunmuşdur. İstehsal olunmuş 6.0 milyard kVt.saat elektrik enerjisi ötən ilki səviyyədən 4.1 faiz çox olmuşdur.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 17.0 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 6.8 faiz artmış, neft-qaz sektorunda isə 3.6 faiz azalmışdır.
Üç ay ərzində istehsal olunmuş məhsulun 99.4 faizi istehlakçılara göndərilmişdir. Bununla yanaşı, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 295.3 milyon manatlıq hazır məhsul olmuş və əvvəlki ayla müqayisədə 27.5 milyon manat azalmışdır.
Aqrar sahədə yaz-tarla işləri sürətlə aparılır və aprel ayının 1-nə kimi 120.0 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu dövrdə 8.1 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 3.2 min hektar sahədə dən üçün qarğıdalı, 29.5 min hektar sahədə kartof, 25.1 min hektar sahədə tərəvəz, 70 hektar sahədə pambıq, 3.7 min hektar sahədə bostan bitkiləri, 2.1 min hektar sahədə dən üçün günəbaxan, 1.8 min hektar sahədə şəkər çuğunduru, 46.2 min hektar sahədə çoxillik otlar əkilmişdir.
Heyvandarlıq sahəsində mal-qaranın baş sayının artması ilə yanaşı heyvandarlıq məhsulları istehsalı dinamik olaraq artır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə birinci rübdə iri buynuzlu mal-qaranın baş sayı 1.1 faiz çoxalaraq 2718.9 min və qoyun və keçilərin sayı 1.0 faiz artaraq 8852.8 min başa çatmışdır. Bu dövrdə diri çəkidə ət istehsalı 2.4 faiz artaraq 107.1 min ton, süd istehsalı 2.8 faiz artaraq 405.4 min ton, yumurta istehsalı 13.6 faiz artaraq 371.3 milyon ədəd olmuşdur.
İlin əvvəlindən tarlalardan 11.9 min ton və ya keçən ildəkindən 9.4 faiz çox tərəvəz toplanmışdır.
Beləliklə, keçən ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3.4 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 5.5 faiz, heyvandarlıq məhsulları istehsalı 3.3 faiz artmışdır.
Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3125.9 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 7.0 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala cəlb olunmuş vəsaitin 2106.8 milyon manatından tikinti-quraşdırma işlərində istifadə olunmuş və müqayisə olunan dövrdə 25.4 faiz artmışdır. Əsaslı vəsaitin 70.0 faizi və ya 2189.5 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuş, 67.5 faizini (2109.7 milyon manatını) daxili investisiyalar təşkil etmişdir.
Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına üç ay ərzində 373.6 min kv.metr yaşayış evləri, 1820 şagird yerlik ümumtəhsil məktəbləri, 390 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, Bakı şəhərində Sağlamlıq Mərkəzi, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Göygöl rayonunda Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzi istifadəyə verilmişdir.
Yük və sərnişin daşınması ilə məşğul olan nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən yanvar-mart ayları ərzində 49.2 milyon ton yük daşınmış, 414.2 milyon nəfər sərnişinə xidmət göstərilmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 faiz çox yük, 6.2 faiz çox sərnişin daşınmışdır.
Ötən ildə olduğu kimi cari ildə də informasiya və rabitə sahəsi sürətlə inkişaf edir. İlin əvvəlindən keçən üç ay ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 364.4 milyon manatlıq xidmət göstərmişlər. 2013-cü ilin yanvar-martına nisbətən informasiya və rabitə xidmətlərinin həcmi 12.4 faiz artmış, xidmətlərin 72.3 faizi əhaliyə göstərilmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən yanvar –fevral aylarında xarici ölkələrlə 5.0 milyard ABŞ dolları məbləğində ticarət, o cümlədən 1.2 milyard dollarlıq idxal və 3.8 milyard dollarlıq ixrac əməliyyatları aparılmış, 2.6 milyard dollarlıq müsbət saldo yaranmışdır.
2013-cü ilin yanvar-fevralına nisbətən əmtəə mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 8.9 faiz, o cümlədən ixracın həcmi 6.1 faiz, idxalın həcmi isə 17.8 faiz azalmışdır. Ticarət əlaqələrinin 91.9 faizi və ya 4.6 milyard dolları MDB üzvü dövlətləri istisna olmaqla digər dövlətlərlə, 8.1 faizi, yaxud 402.3 milyon dolları MDB üzvü dövlətləri ilə həyata keçirilmiş və ticarət əməliyyatlarının həcmi müqayisəli qiymətlərlə müvafiq olaraq 6.4 faiz və 29.4 faiz azalmışdır.
2013-cü ilin yanvar-fevral aylarına nisbətən ölkədən MDB üzvü olmayan dövlətlər istisna olmaqla digər dövlətlərə ixrac olunmuş malların dəyəri müqayisəli qiymətlərlə 4.0 faiz azalmış və 3.7 milyard dollar həcmində məhsul göndərilmişdir. Eyni zamanda, MDB ölkələrinə ixrac olunmuş malların həcmi 44.8 faiz azalaraq 114.0 milyon dollar təşkil etmişdir.
Yanvar-fevral aylarında ölkəmizə idxal olunmuş malların 901.6 milyon dollarlığı MDB üzvü dövlətlər istisna olmaqla digər ölkələrdən, 288.3 milyon dollarlığı isə MDB üzvü dövlətlərindən daxil olmuş, müvafiq olaraq 16.0 faiz və 23.3 faiz azalmışdır.
Xam neftin və qazın ixracına dair Dövlət Neft Şirkətindən və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 6.4 milyard dollar, o cümlədən ixrac 5.2 milyard dollar təşkil etmiş və 4.0 milyard dollar məbləğində müsbət saldo yaranmışdır.
2014-cü ilin birinci rübündə ölkə əhalisinin hər bir nəfərinin gəlirləri 3.2 faiz artaraq 969.2 manata çatmışdır. Gəlirlərin 70.9 faizi son istehlaka, 8.6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18.3 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Gəlirlərin artmasında məşğul əhalinin əmək haqqının artması mühüm əhəmiyyət kəsb edir. Yanvar-fevral ayları ərzində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6.7 faiz artaraq 426.4 manat təşkil etmişdir. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və yanvar-fevral ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 652.9 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 615.1 manat, nəqliyyatda muzdlu işçilərin əmək haqqı 521.8 manat, informasiya və rabitədə çalışanların əmək haqqı 661.1 manat təşkil etmişdir.
Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır. Üç ay ərzində əhali istehlak bazarından 5083.7 milyon manatlıq istehlak malları almış və göstərilmiş xidmətlərin müqabilində 1566.2 milyon manat ödəmişdir. 2013-cü ilin yanvar-mart ayları ilə müqayisədə əmtəə dövriyyəsi 9.2 faiz, o cümlədən ərzaq məhsullarının satışı 1.2 faiz, qeyri-ərzaq mallarının satışı 19.9 faiz, pullu xidmətlərin həcmi 7.0 faiz artmışdır.
2014-cü ilin birinci rübündə elektron ticarət vasitəsilə alıcılara 626.0 min manatlıq qeyri-ərzaq malları və 57.7 min manatlıq ərzaq məhsulları satılmışdır.
Mart ayında fevral ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.6 faiz, xidmət tarifləri 0.1 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə fevral ayının səviyyəsində qalmışdır. 2013-cü ilin müvafiq dövrünə nisbətən yanvar-mart aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2.0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3.5 faiz, xidmət tarifləri 0.3 faiz bahalaşmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-fevral aylarında dövlət büdcəsinə 3112.1 milyon manat vəsait daxil olmuş, büdcədən 3062.6 milyon manat xərclənmiş, ayrılmış vəsaitin 1888.7 milyon manatı iqtisadiyyatın inkişafına, 370.7 milyon manatı sosial müdafiə və sosial təminata, 209.4 milyon manatı təhsil və səhiyyəyə yönəldilmişdir. Büdcənin profisiti 49.5 milyon manat və ya ümumi daxili məhsulun 0.6 faizi səviyyəsində olmuşdur.
2014-cü il mart ayının 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 15.7 milyard manat məbləğində kredit ayırmışlar. Verilmiş kreditlərin həcmi 2013-cü ilin mart ayının 1-i ilə müqayisədə 28.3 faiz artmış, onun 78.2 faizi və ya 12.2 milyard manatı uzunmüddətli olmuşdur. Kreditlərin 831.6 milyon manatının, yaxud 5.3 faizinin ödəmə vaxtı keçmişdir.
Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 21.7 faiz artaraq mart ayının 1-i vəziyyətinə 6.6 milyard manata çatmışdır. Əmanətlərin 61.1 faizi milli valyuta ilə, 38.9 faizi isə xarici valyuta ilə qoyulmuşdur.
Mart ayında 1 ABŞ dolları 0.78 manata, 1 Avro 1.09 manata, 100 Rusiya rublu 2.17 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0.78, 1.08 və 2.15 manata bərabər olmuşdur.

Makroiqtisadi göstəricilər

Göstəricilər 2014-cü ilin yanvar-martı faktiki, milyon manat 2014-cü ilin yanvar-martı 2013-сü ilin yanvar-martına nisbətən, faizlə Məlumat üçün:
2013-cü ilin yanvar-martı 2012-сi ilin yanvar-martına nisbətən, faizlə
Ümumi daxili məhsul 13 150.7 102.5 103.1
o cümlədən qeyri-neft ÜDM-si 7 204.3 108.8 111.4
Sənaye məhsulu 8 154.0 97.6 98.2
o cümlədən qeyri-neft sənayesi 1 709.5 106.8 102.9
Əsas kapitala yönəldilmiş vəsaitlər 3 125.9 107.0 136.1
o cümlədən qeyri-neft sektoruna 1 756.3 95.7 134.0
Kənd təsərrüfatı məhsulu 551.8 103.4 104.4
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton 49.2 101.5 104.1
o cümlədən qeyri-neft yüklərinin daşınması 33.7 105.7 109.0
İnformasiya və rabitə xidmətlərinin həcmi 364.4 112.4 108.0
Pərakəndə ticarət dövriyyəsi 5 083.7 109.2 109.5
Əhaliyə göstərilən pullu xidmətlər 1 566.2 107.0 107.5
Dövlət büdcəsinin gəlirləri 3 112.1x) 97.2xx) 129.4 xxx)
Dövlət büdcəsinin xərcləri 3 062.6x) 105.8xx) 2,2 d.xxx)
Dövlət büdcəsinin profisiti 49.5 - -
Əhalinin gəlirləri 9 081.8 104.5 107.0
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 969.2 103.2 105.6
Orta aylıq əmək haqqı, manat 426.4x) 106.7xx) 108.0 xxx)
İstehlak qiymətlərinin indeksi x 102.0 101.2
Statistika məlumatı1):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 6 378.8x) 92.63) х
o cümlədən:
ixrac 5 188.9x) 95.03) х
ondan qeyri-neft məhsulu ixracı 226.1x) 90.33) 114.24)
idxal 1 189.9x) 82.23) 105.94)
Gömrük məlumatı2):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 4 968.4x) 91.13) 107.04)
o cümlədən:
ixrac 3 778.5x) 93.93) 107.44)
idxal 1 189.9x) 82.23) 105.94)
Qeyd:
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla.
2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3) 2014-cü ilin yanvar-fevralı 2013-cü ilin yanvar-fevralına nisbətən, müqayisəli qiymətlərlə;
4) 2013-cü ilin yanvar-fevralı 2012-ci ilin yanvar-fevralına nisbətən, müqayisəli qiymətlərlə;
x) 2014-cü ilin yanvar-fevralı;
xx) 2014-cü ilin yanvar-fevralı 2013-cü ilin yanvar-fevralına nisbətən;
xxx) 2013-cü ilin yanvar-fevralı 2012-ci ilin yanvar-fevralına nisbətən.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim