Dövlət əhəmiyyətli mühüm tədbir - Kənd təsərrüfatının siyahıyaalınması

18.03.2014

Son illər ölkə Prezidentinin rəhbərliyi ilə aqrar sahədə islahatların həyata keçirilməsi, dövlətin bu sahəyə diqqət və qayğısı nəticəsində dinamik inkişaf təmin edilmiş, heyvandarlıq və bitkiçilikdə mühüm struktur dəyişiklikləri baş vermiş, məhsul istehsalının artırılmasında əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Məhz bu səbəbdən aqrar bölmədə həyata keçirilən islahatların informasiya təminatının yaxşılaşdırılması məqsədi ilə kənd təsərrüfatında baş verən proseslər haqqında aktual məlumatların əldə edilməsini təmin etmək üçün Ümumdünya kənd təsərrüfatı siyahıyaalınması çərçivəsində Azərbaycanda da bu tədbirin həyata keçirilməsinin əhəmiyyəti olduqca böyükdür.
Kənd təsərrüfatı siyahıyaalınmasının əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 2621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nın Tədbirlər Planında bu məsələ ilə əlaqədar xüsusi bənd nəzərə alınmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “2015-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi haqqında” 28 dekabr 2013-cü il tarixli 357 nömrəli Qərarı qəbul edilmişdir.
Qərara əsasən Kənd təsərrüfatı siyahıyaalınmasına hazırlıq işlərinin aparılması, onun keçirilməsi, materialların işlənib yekunlaşdırılması və nəticələrinin nəşr edilməsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və yerli statistika orqanlarına həvalə edilmişdir. Belə mühüm dövlət əhəmiyyətli tədbirin Dövlət Statistika Komitəsinə tapşırılması bu sahədə DSK-nın zəngin təcrübəyə malik olmasına əsaslanır. Burada kənd təsərrüfatı siyahıyaalınması ilə əlaqədar qısa bir tarixi arayışa nəzər yetirmək kifayətdir. Belə ki, kənd təsərrüfatının siyahıyaalınması Azərbaycanda ilk dəfə 1921-ci ildə keçirilmişdir. Sonrakı illərdə isə kənd təsərrüfatının ayrı-ayrı sahələrinə dair sorğu və uçotlar keçirilmişdir. 1932-ci ildən sonra kənd təsərrüfatı sahəsində kollektivləşmə və sovxoz quruculuğu ilə əlaqədar iri təsərrüfatlar meydana gəldiyindən genişmiqyaslı kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsinə ehtiyac qalmamış, kolxoz və sovxozlar üzrə kənd təsərrüfatına dair müvafiq statistik məlumatlar bu təsərrüfatların təqdim etdikləri dövlət statistika hesabatlarının əsasında əldə edilmiş, əhalinin şəxsi yardımçı təsərrüfatları üzrə məlumatlar isə müəyyən seçmə müşahidə və ucdantutma uçot məlumatları əsasında toplanmışdır. Bununla belə, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə uçot və siyahıyaalmaların keçirilməsi davam etdirilmişdir. Bunlara misal olaraq hər il yanvarın 1-i vəziyyətinə mal-qaranın uçot və ya siyahıyaalınmasının keçirilməsini, əhali təsərrüfatlarında kənd təsərrüfatı bitkilərinin əkin sahələrinə dair vaxtaşırı keçirilən ucdantutma uçotu, 1945, 1952, 1970, 1984-cü illərdə bağlar və giləmeyvə əkmələrinin, 1940, 1947, 1953, 1970, 1980, 1984-cü illərdə üzümlüklərin siyahıyaalınmasını göstərmək olar.
2005-ci ilin iyun ayının 1-dən 30-dək olan dövrdə isə müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq ümumi kənd təsərrüfatı siyahıyaalınması keçirilmişdir. Həmin siyahıyaalmanın hazırlanıb keçirilməsi işi də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və onun yerli orqanları tərəfindən yerinə yetirilmiş, nəticələr 8 cilddən ibarət olmaqla məcmuələr toplusu şəklində nəşr edilərək istifadəçilərə təqdim olunmuşdur.
2005-ci ildən 10 il sonra növbəti siyahıyaalmanın keçirilməsinin vacibliyi və əhəmiyyətindən bəhs edərkən kənd təsərrüfatı sahəsində baş verən prosesləri xarakterizə etməmək olmaz.
İqtisadiyyatın bazar münasibətlərinə keçirilməsi ilə əlaqədar qanunverici və icra hakimiyyəti orqanları tərəfindən mühüm həyati əhəmiyyət kəsb edən bir sıra normativ-hüquqi aktlar, müxtəlif Dövlət Proqramları qəbul edilmişdir.
Son 10 ildə “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacağa və motor yağlarına görə, habelə buğda və çəltik istehsalının stimullaşdırılması məqsədilə büdcə vəsaiti hesabına yardımların verilməsi, həmçinin istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla yarısının dövlət tərəfindən ödənilməsi, onlara Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi, “Aqrolizinq” ASC vasitəsilə kənd təsərrüfatı texnikasının, cins mal-qaranın güzəştli şərtlərlə satılması, toxumçuluq və damazlıq işləri üzrə müəyyən tədbirlərin həyata keçirilməsi və s. kənd təsərrüfatı istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsini təmin edən amillərdən olmuşdur. Bunların nəticəsidir ki, 2013-cü ildə 2003-cü ilə nisbətən kənd təsərrüfatının ümumi məhsulu 1.5 dəfə artmış, bir sıra məhsulların istehsalının artırılmasında mühüm nailiyyətlər qazanılmış, taxıl, kartof, tərəvəz, bostan məhsulları, habelə meyvə və giləmeyvə istehsalı sahəsində yüksək göstəricilər əldə edilmişdir.
2013-cü ildə 3,0 milyon ton taxıl, 992,8 min ton kartof, 1236,3 min ton tərəvəz, 429,8 min ton bostan məhsulları, 853,8 min ton meyvə və giləmeyvə, 154,1 min ton üzüm istehsal edilmişdir. 2013-cü ildə 2003-cü ilə nisbətən taxıl istehsalı - 43,9 faiz, kartof istehsalı 29,1 faiz, tərəvəz – 18,2 faiz, bostan məhsulları – 20,5 faiz, meyvə və giləmeyvə - 49,2 faiz, üzüm istehsalı isə 2,4 dəfə artmışdır.
Heyvandarlıq məhsullarının istehsalı da dinamik olaraq artmaqda davam edir. 2013-cü ildə kəsilmiş çəkidə 297,9 min ton ət, 1820,5 min ton süd, 1401,5 milyon ədəd yumurta və 16,8 min ton yun istehsal edilmiş və müqayisə edilən dövrdə kəsilmiş çəkidə ət istehsalı 60,5 faiz, süd istehsalı 55,9 faiz, yumurta istehsalı 2,1 dəfə, yun istehsalı 38,8 faiz artmışdır.
2013-cü ildə istehsal edilən kənd təsərrüfatının ümumi məhsulunun 99,8 faizi özəl təsərrüfatların payına düşmüşdür. Kənd təsərrüfatının ümumi məhsulunda fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının xüsusi çəkisi 93,1 faiz, kənd təsərrüfatı müəssisələrinin xüsusi çəkisi isə 6,9 faiz təşkil etmişdir.
Kənd təsərrüfatı ölkəmizin iqtisadiyyatında mühüm yer tutur. Ümumi Daxili Məhsulun 5,3 faizi bu bölmədə istehsal olunur. Kənd təsərrüfatında çalışan işçilər ümumi məşğul əhalinin 37,1 faizini təşkil edir. Odur ki, kənd təsərrüfatının mövcud vəziyyəti və onun gələcək inkişafı mühüm sosial-iqtisadi, habelə siyasi əhəmiyyətə malikdir və bu sahə daim respublika rəhbərliyinin diqqət mərkəzindədir.
Kənd təsərrüfatı istehsalının strukturunda baş verən dəyişikliklər, digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı statistikası sisteminin də yeniləşdirilməsini və onun beynəlxalq praktikada qəbul edilmiş uçot və statistika sisteminə uyğunlaşdırılmasını tələb edir. Son illər bu sahədə xeyli işlər görülmüşdür. Xüsusilə, öz əhəmiyyətini itirmiş bir sıra statistik hesabatlar ləğv edilmiş, mövcud hesabatların göstəricilərinə yenidən baxılmış və yaranmış şəraitin tələblərinə uyğun olaraq yeni statistik hesabat və müayinə formaları işlənib təsdiq edilmiş, əvvəlki ucdantutma uçotdan seçmə statistik müşahidələrə keçilmişdir.
Amma nəzərə alsaq ki, ərzaq və kənd təsərrüfatı statistikasının iqtisadiyyatın idarə edilməsində mühüm əhəmiyyəti vardır və bunun üçün geniş, həm də etibarlı statistik məlumatlara malik olmaq lazımdır, onda belə informasiyaların əldə edilməsində kənd təsərrüfatı siyahıyaalmalarının keçirilməsinin necə böyük əhəmiyyət kəsb etdiyini anlamaq olar. Siyahıyaalma nəticəsində əldə ediləcək məlumatlar ölkənin kənd təsərrüfatının gələcək inkişafı istiqamətlərinin düzgün müəyyənləşdirilməsinə, sahə üzrə siyasətin işlənib hazırlanmasına, ərzaq və kənd təsərrüfatı bölməsinə və kənd rayonlarına aid inkişaf planları və layihələrin yoxlanılıb qiymətləndirilməsinə, habelə statistik işlərin yerinə yetirilməsi ilə əlaqədar olaraq müvafiq informasiya bazasının yaradılmasına imkan verir.
Buna görə, kənd təsərrüfatı siyahıyaalınmasının təşkili və keçirilməsi Dövlət Statistika Komitəsinin rəhbərliyinin və rayon (şəhər) icra hakimiyyəti orqanlarının daim diqqət mərkəzindədir. Siyahıyaalma ilə bağlı məsələlər vaxtaşırı Dövlət Statistika Komitəsinin kollegiyasında müzakirə edilir və işin sürətləndirilməsi üçün müvafiq qərarlar qəbul edilir.
Qeyd edildiyi kimi, 2015-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsinin əsas məqsədi ölkənin aqrar bölməsinin inkişafına dair qərarların qəbulu üçün kənd təsərrüfatının mövcud vəziyyətinə dair dolğun və hərtərəfli məlumatların əldə edilməsindən ibarətdir.
Bunu nəzərə alaraq Dövlət Statistika Komitəsi tərəfindən tədbirin həyata keçirilməsi üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən hazırlanmış “Ümumdünya kənd təsərrüfatı siyahıyaalınması proqramının 2010-cu il raundu və MDB ölkələrində keçirilən kənd təsərrüfatı siyahıyaalmaları nəzərə alınmaqla kənd təsərrüfatı siyahıyaalınması proqramının təkmilləşdirilməsinə dair tövsiyələr”, bir sıra dünya ölkələrinin bu sahədəki təcrübəsi öyrənilmiş, ölkədə mövcud olan yerli xüsusiyyət nəzərə alınmışdır. Kənd təsərrüfatı siyahıyaalmasının keçirilməsində qarşıya əsas hədəf kimi iki əsas qrup (birinci qrup – kollektiv-birgə istehsal fəaliyyətinə malik kənd təsərrüfatı ilə məşğul olan bütün kənd təsərrüfatı müəssisələri və sair təşkilatlar, ikinci qrup – tək, fərdi-ailə istehsal fəaliyyətinə malik əhali) təsərrüfat kateqoriyaları üzrə: təsərrüfatın mənsubiyyəti; təsərrüfatın əsas gəlir mənbəyi; icarə münasibətləri və torpaqdan istifadə; mineral və üzvü gübrələrdən istifadə; kənd təsərrüfatı bitkilərinin əkin sahələri; çoxillik əkmələrin növləri üzrə ağac və kolların sayı; mal-qara və quşların cins və yaş tərkibinə görə mövcudluğu; göl və nohur balıqçılığı; kənd təsərrüfatı məhsullarının emalı üçün avadanlıqlar; kənd təsərrüfatı binaları və tikililərinin mövcudluğu; kənd təsərrüfatı texnikası və avadanlıqların mövcudluğu; kənd təsərrüfatında işçi qüvvəsi; gender məsələləri barədə məlumatların əldə edilməsi qoyulmuşdur.
Bu məqsədlə, siyahıyaalmanın keçirilməsi üzrə həm müəssisə, həm də əhali kateqoriyası üçün nəzərdə tutulmuş 1 və 2 nömrəli sorğu formalarının, onların doldurulmasına dair göstərişlərin layihələri hazırlanmış, 17 fevral 2014-cü il tarixdə Dövlət Statistika Komitəsinin Elmi-Metodoloji Şurasında müzakirə edilmişdir. Hazırlanmış sorğu formaları, onların doldurulmasına dair göstərişlər rəy və təkliflərin bildirilməsi üçün yerli statistika orqanlarına, eyni zamanda, Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna, Azərbaycan Dövlət İqtisad Universitetinə, Azərbaycan Dövlət Aqrar Universitetinə və Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutuna göndərilmişdir.
2015-ci ildə keçiriləcək Kənd təsərrüfatı siyahıyaalınması mülkiyyət formasından asılı olmayaraq ölkədə mövcud olan bütün yaşayış məntəqələrinin ərazisində kənd təsərrüfatı istehsalı ilə məşğul olan müxtəlif təsərrüfat kateqoriyalarını əhatə edəcəkdir. Kənd təsərrüfatı siyahıyaalınması müvafiq uçot formaları üzrə Dövlətstatkomun və onun yerli orqanlarının – rayon, şəhər statistika idarələrinin rəhbərliyi ilə bu işə cəlb ediləcək sayıcılar tərəfindən aparılacaqdır. Uçot formalarına yazılacaq məlumatlar yalnız ümumi məlumatların əldə edilməsi üçün istifadə ediləcəkdir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa görə bu məlumatların kənar şəxslərə və yaxud təşkilatlara verilməsi qadağandır.
Əhali arasında kütləvi izahat işlərinin aparılması məqsədilə Dövlət Statistika Komitəsi tərəfindən kənd təsərrüfatı siyahıyaalınmasının əhəmiyyətini və məqsədini xarakterizə edən 30 min tirajla bir neçə adda plakat hazırlanaraq siyahıyaalmaya bir ay qalmış bütün yaşayış məntəqələrində, əhalinin toplaşdığı kütləvi yerlərdə divarlara yapışdırılacaqdır. Bundan əlavə, rayon (şəhər) statistika idarələrinin məsul şəxsləri yerli qəzetlərdə, televiziya verilişlərində siyahıyaalmanın keçirilməsi ilə bağlı vaxtaşırı çıxışlar edəcəklər. Paralel olaraq, Dövlət Statistika Komitəsinin inzibati binasında istifadəçilərlə mütəmadi görüşlərin keçirilməsi də nəzərdə tutulur.
Siyahıyaalmanın mütəşəkkil və keyfiyyətlə keçirilməsində, sorğu aparılan məlumatların dolğunluğunun təmin edilməsində inzibati ərazi vahidlərinin sərhədlərinin dəqiqləşdirilməsinin və kənd ərazi vahidlərində təsərrüfatbaşına uçot sənədlərində məlumatların dürüstləşdirilməsinin, yaşayış məntəqələrinin ərazisində yerləşən bütün kateqoriyalardan olan təsərrüfatların reyestr üzrə dəqiqləşdirilmiş siyahısının hazırlanmasının və s. bu kimi işlərin vaxtında yerinə yetirilməsinin böyük əhəmiyyəti vardır.
2015-ci ildə siyahıyaalmanın keçirilməsi qaydalarını, tətbiq olunacaq sənədləri və məlumatların işlənməsi üzrə proqramı sınaqdan keçirmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “2015-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi haqqında” 28 dekabr 2013-cü il tarixli 357 nömrəli Qərarına uyğun olaraq Quba rayonunda 2014-cü il iyunun 1-i vəziyyətinə sınaq siyahıyaalmanın keçirilməsi nəzərdə tutulmuşdur.
Sınaq siyahıyaalınması maliyyə imkanları nəzərə alınmaqla rayon üzrə 2000 təsərrüfatda keçiriləcəkdir. Bu zaman, sınaq siyahıyaalınmasının gedişi ilə tanış olmaq üçün siyahıyaalma sahəsində təcrübəsi olmayan yerli statistika orqanlarının nümayəndələrinin iyun ayında üç gün müddətinə Quba rayonuna ezam edilməsi nəzərdə tutulmuşdur.
Quba rayonunda sınaq siyahıyaalınmasının keçirilməsi ilə əlaqədar bütün təşkilati tədbirlərin vaxtında yerinə yetirilməsi və müvafiq metodoloji köməklik göstərilməsi məqsədilə aprel ayından başlayaraq Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin işçilərinin mütəmadi olaraq rayona ezam edilməsi və təbliğat kampaniyasını gücləndirmək məqsədilə yerli televiziyada çıxışı planlaşdırılır.
Respublika üzrə ümumi kənd təsərrüfatının siyahıyaalınmasının həyata keçirilməsi zamanı əldə edilmiş nəticələr ölkə üzrə kənd təsərrüfatının inkişaf meyllərinin düzgün qiymətləndirilməsində və bu sahədə qərarların qəbul edilməsində əhəmiyyətli rola malik olacaq, eyni zamanda, kənd təsərrüfatı statistikasının beynəlxalq tələb və tövsiyələrə uyğunluğunu təmin edəcəkdir.
Siyahıyaalmada əldə olunacaq nəticələrin aqrar sahədəki proseslərə uyğunluğunun təmin edilməsində istər müəssisə, istərsə də təsərrüfat rəhbərləri (və ya nümayəndələri) də məsuliyyət daşıyır. Belə ki, alınacaq nəticələr birbaşa onların cavabları ilə əlaqədar olduğundan onlar cavablarında səmimi olmalı, hər hansı faktı gizlətməkdən və ya şişirtməkdən çəkinməlidirlər. Reallığı əks etdirən nəticələr eyni zamanda aqrar sahənin inkişafı üzrə dövlət proqramlarının və müvafiq tədbirlərin keyfiyyətlə işlənib hazırlanmasına möhkəm zəmin yaradacaq ki, bu da nəticə etibarilə həm onların mənafeyinə xidmət edəcək, həm də iqtisadiyyatın inkişafına təkan verəcək. Bütün bunlar öz növbəsində bu dövlət əhəmiyyətli tədbirin – kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsində müəssisə və təsərrüfat rəhbərlərinin öz məsuliyyətlərini dərk edəcəklərinə, öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə ümid etməyə əsas yaradır.

Dövlət Statistika Komitəsi