2013-cü ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

22.01.2014


İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan Ümumi Daxili Məhsul istehsalı 2013-cü il ərzində ötən illə müqayisədə 5,8 faiz artaraq 57,7 milyard manata çatmışdır. Əlavə dəyərin 46,3 faizi sənaye sahələrində, 11,8 faizi tikinti kompleksində, 5,3 faizi kənd təsərrüfatında, 4,8 faizi nəqliyyatda, 8,9 faizi ticarət və pullu xidmət sahələrində, 1,8 faizi rabitədə, 14,7 faizi digər sahələrdə istehsal olunmuşdur.
Əhalinin hər nəfərinə 6207,3 manatlıq (7912,5 ABŞ dolları) əlavə dəyər istehsal olunmuşdur.
Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 10,0 faiz, neft sektorunda isə 1,0 faiz artmışdır.
Sənaye məhsulu istehsalı 2012-ci illə müqayisədə 1,8 faiz artaraq 33,7 milyard manata çatmış, onun 74,0 faizi və ya 24,9 milyard manatı mədənçıxarma bölməsində, 20,1 faizi, yaxud 6,8 milyard manatı emal bölməsində, 5,3 faizi və ya 1,8 milyard manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi və ya 218,7 milyon manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Sənayenin neft sektorunda məhsul istehsalı 1,1 faiz, qeyri-neft sektorunda isə 4,8 faiz artmışdır.
Mədənçıxarma bölməsinin məhsullarından 43,1 milyon ton və ya 0,2 faiz çox xam neft, 17,9 milyard kub metr, yaxud 3,6 faiz çox əmtəəlik qaz, 1619 kq və ya 3,6 faiz çox qızıl hasil olunmuşdur.
Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 4,2 faiz, içki istehsalı 13,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 30,9 faiz, poliqrafiya məhsulları istehsalı 43,4 faiz, neft məhsulları istehsalı 6,2 faiz, kimya sənayesi məhsulları istehsalı 19,5 faiz, əczaçılıq məhsulları istehsalı 12,8 faiz, tikinti materialları istehsalı 21,0 faiz, metallurgiya məhsulları istehsalı 1,5 faiz, elektrik avadanlıqlarının istehsalı 14,6 faiz, maşın və avadanlıqların istehsalı 25,1 faiz, avtomobil və qoşquların istehsalı 28,9 faiz, sair nəqliyyat vasitələri istehsalı 2,3 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 11,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri xidmətləri 31,3 faiz artmışdır.
2013-cü ildə ölkənin elektrik stansiyalarında 20,6 milyard kVt.saat elektrik enerjisi (0,6 faiz çox) istehsal olunmuşdur.
Aqrar bölmədə bitkiçilik məhsullarının yığımı başa çatmışdır. 2013-cü ildə qarğıdalı da daxil olmaqla 2961,9 min ton taxıl, 992,7 min ton kartof, 1232,8 min ton tərəvəz, 44,8 min ton pambıq, 852,9 min ton meyvə və giləmeyvə, 429,7 min ton bostan məhsulları, 154,1 min ton üzüm, 181,4 min ton şəkər çuğunduru, 18,1 min ton dən üçün günəbaxan, 3,5 min ton tütün, 567,7 ton yaşıl çay yarpağı toplanmış, diri çəkidə 514,4 min ton ət, 1820,5 min ton süd, 1401,5 milyon ədəd yumurta və 16,8 min ton yun istehsal olunmuşdur.
Dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı 4,2 faiz, heyvandarlıq məhsulları istehsalı 5,5 faiz və kənd təsərrüfatının ümumi məhsulu 4,9 faiz artmışdır.
2014-cü ilin məhsulu üçün 1088,2 min hektar sahədə şum qaldırılmış, 979,1 min hektar sahədə dən üçün taxıl, o cümlədən 646,3 min hektar sahədə buğda, 332,7 min hektar sahədə arpa səpilmişdir.
İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17,9 milyard manat həcmində vəsait yönəldilmiş, 11,9 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. 2012-ci illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 15,1 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 25,0 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasının aparılmasına investisiyanın 48,3 faizi, yaxud 8,6 milyard manat sərf olunmuşdur. Vəsaitin 76,7 faizini və ya 13,7 milyard manatını daxili investisiyalar təşkil etmişdir.
İl ərzində ümumi sahəsi 2138,8 min kv.metr olan yaşayış evləri, 34512 şagird yerlik ümumtəhsil məktəbləri, 1338 çarpayılıq xəstəxana, növbədə 638 nəfərə xidmət etməyə imkan verən ambulator-poliklinika müəssisələri, 2466 yerlik məktəbəqədər təhsil müəssisələri, 1124 yerlik klub, Bakı şəhərində Gəmi təmiri İstehsalat bazası, Gəmiqayırma zavodu, Qaz turbinli İstilik Elektrik stansiyası, "Alov qüllələri" kompleksindəki "Fairmont Baku" oteli, Naxçıvan MR-da Arpaçay Su Elektrik stansiyası, Sumqayıt şəhərində "Gilan" Tekstil parkı, Polad Boru zavodu, Şirvan şəhərində "Cənub" Elektrik stansiyası, Abşeron rayonunda Plastik qablar və priforminqlər istehsalı və "Milla" süd məhsulları və Dondurma istehsalı zavodları, Qazax rayonunda Sement zavodu, Yevlax rayonunda Hava Limanı, Gədəbəy rayonunda qızıl emalı zavodu, Qəbələ rayonunda Üzüm emalı zavodu, Heyvandarlıq-südçülük kompleksi, Hacıqabul rayonunda Seramik plitələr zavodu, Şirvan, Xaçmaz, Qax və Saatlıda Olimpiya İdman kompleksləri, Şabran rayonunda Vəlvələçay-Taxtakörpü kanalı, Taxtakörpü Su anbarı, Taxtakörpü Su Elektrik stansiyası, İsmayıllı rayonunda Tikiş fabriki, "İsmayıllı-1" Su Elektrik stansiyası, Ağcabədi rayonunda "Aqat-Aqro" Heyvandarlıq kompleksi və diğər obyektlər istismara verilmişdir.
Dövlət büdcəsində tikinti üçün nəzərdə tutulmuş vəsaitin 2013-cü il ərzində 7506,8 milyon manatından istifadə olunmuşdur.
Nəqliyyat. Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən il ərzində 218 milyon ton yük və 1,7 milyard nəfər sərnişin daşınmış, 2012-ci ilə nisbətən yük daşınması 3,4 faiz, sərnişin daşınması isə 8,0 faiz artmışdır. Yüklərin 10,7 faizi dəmir yolu, 57,4 faizi avtomobil nəqliyyatı, 26,6 faizi boru kəməri vasitəsilə, sərnişinlərin 87,9 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metropolitenlə daşınmışdır.
İnformasiya və rabitə. Rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara 1528,1 milyon manatlıq rabitə xidməti göstərmiş və 2012-ci illə müqayisədə 10,7 faiz artmışdır. Rabitə xidmətlərinin 902,5 milyon manatı və ya 59,1 faizi mobil rabitənin payına düşmüşdür.
Ticarət və pullu xidmət. 2013-cü ildə əhaliyə 19,7 milyard manatlıq istehlak malları satılmış və 9,9 faiz artmış, pullu xidmətlərin həcmi isə 8,2 faiz artaraq 6,5 milyard manata çatmışdır. İstehlak bazarından alınmış məhsulların 51,7 faizini ərzaq məhsulları, 48,3 faizini qeyri-ərzaq malları təşkil etmiş, ərzaq məhsullarının satışı 2,3 faiz, qeyri-ərzaq mallarının satışı isə 20,2 faiz artmışdır. İstehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 51,7 faizi qida məhsulları və içkilərin, 1,7 faizi tütün məmulatlarının, 19,3 faizi toxuculuq malları, geyim və ayaqqabının, 4,4 faizi elektrik malları və mebelin, 1,2 faizi kompyuter avadanlıqları, kitab və digər çap məmulatlarının, 1,2 faizi əczaçılıq və tibb mallarının, 6,4 faizi avtomobil yanacaqlarının, 14,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2013-cü ildə ölkənin hər bir sakini ticarət şəbəkəsindən orta hesabla 2114,3 manatlıq və ya 2012-ci illə müqayisədə 200,7 manat çox müxtəlif istehlak malları almışdır.
Xarici ticarət. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən yanvar-noyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 31,7 milyard dollar təşkil etmişdir. Əmtəə dövriyyəsinin 69,3 faizini və ya 22,0 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 30,7 faizini (9,7 milyard dollarını) isə idxal məhsulları təşkil etmiş, 12,3 milyard dollar məbləğində müsbət saldo yaranmışdır. Əmtəə mübadiləsinin 88,2 faizi uzaq xarici ölkələrlə, 11,8 faizi MDB üzvü dövlətləri ilə aparılmışdır.
Ölkəyə idxal olunmuş malların 76,2 faizi (7,4 milyard dolları) uzaq xarici dövlətlərdən, 23,8 faizi (2,3 milyard dolları) MDB üzvü ölkələrindən daxil olmuşdur.
İxrac olunmuş malların 93,6 faizi, yaxud 20,6 milyard dolları uzaq xarici ölkələrə, 6,4 faizi və ya 1,4 milyard dolları MDB üzvü dövlətlərinə göndərilmişdir. 2012-ci ilin müvafiq dövründəkindən daha çox çay, bitki yağları, şəkər, mineral və qazlı sular, meyvə-tərəvəz konservləri, təbii qaz və s. ixrac olunmuşdur.
Xarici ticarət əməliyyatları İtaliya, İndoneziya, Rusiya, Almaniya, Türkiyə, Tailand, Böyük Britaniya, Fransa, ABŞ, İsrail, Hindistan, Ukrayna dövlətləri ilə daha intensiv olmuşdur.
Yanvar-noyabr aylarında ölkəmizə 29,9 milyon dollarlıq humanitar və texniki yardım daxil olmuşdur.
Xam neftin ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-in məlumatları nəzərə alınmaqla yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 39,7 milyard dollara, o cümlədən ixrac 30,0 milyard dollara bərabər olmuş və 20,3 milyard dollar məbləğində müsbət saldo yaranmışdır. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin 4,0 faiz artması ilə yanaşı qeyri-neft məhsullarının ixracı da 7,4 faiz artmışdır.
İstehlak qiymətləri və xidmət tarifləri. İstehlak mallarının qiymətləri və xidmət tarifləri dekabr ayında noyabrla müqayisədə 1,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,7 faiz, xidmət tarifləri isə 0,4 faiz bahalaşmışdır. 2013-cü ildə 2012-ci ilə nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 2,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,8 faiz, xidmət tarifləri 3,5 faiz bahalaşmışdır.
Əmək haqqı. Ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2012-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 6,6 faiz çoxalaraq 419,0 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əmək haqqı daha yüksək olmuş və sənayedə 645,7 manat, tikinti kompleksində 616,8 manat, nəqliyyatda 532,2 manat, informasiya və rabitə sahəsində 671,3 manat təşkil etmişdir.
Əhalinin gəlirləri əvvəlki illə müqayisədə 8,0 faiz artaraq 37,6 milyard manata, hər nəfərə düşən məbləği isə 6,6 faiz artaraq 4039,6 manata çatmışdır. Gəlirlərin 64,3 faizi son istehlaka, 8,3 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 25,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunmuşdur.
Əhalinin əmanətləri. Əhalinin banklardakı əmanətləri 2012-ci ilin on bir ayının göstəriciləri ilə müqayisədə 34,8 faiz artaraq 6,4 milyard manata çatmışdır. Əmanətlərin 3,9 milyard manatını və ya 61,6 faizini milli valyuta, 2,5 milyard manatını isə xarici valyuta təşkil etmiş, vəsaitin 4,8 milyard manatı özəl banklara qoyulmuşdur.
Kredit qoyuluşu. Yanvar-noyabr aylarında maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş kreditlərin məbləği 30,0 faiz artaraq əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla 15,2 milyard manata çatmışdır. Kreditlərin 77,6 faizi uzun müddətə verilmiş, 5,2 faizinin ödəmə vaxtı keçmişdir.
2014-cü ilin əvvəlinə ölkə əhalisinin sayı 9477,1 min nəfər təşkil edərək 2013-cü ilin əvvəlinə nisbətən 120,6 min nəfər və yaxud 1,3 faiz artmışdır.
Manatın məzənnəsi. 2013-cü ilin dekabr ayında manatın 1 ABŞ dollarına orta aylıq məzənnəsi 0,78 manat, 1 Avroya 1,07 manat, 100 Rusiya rubluna 2,39 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0,78, 1,04 və 2,47 manat olmuşdur.

Makroiqtisadi göstəricilər

Göstəricilər 2013-cü ildə faktiki, milyon manat 2013-cü il 2012-сi ilə nisbətən, faizlə Məlumat üçün:
2012-ci il 2011-сi ilə nisbətən, faizlə
Ümumi daxili məhsul 57 708.2 105.8 102.2
o cümlədən qeyri-neft ÜDM-si 32 637.9 110.0 109.7
Sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumi həcmi 33 696.7 101.8 97.7
o cümlədən qeyri-neft sənayesi 6 776.6 104.8 107.8
Əsas kapitala yönəldilmiş vəsaitlər 17 872.1 115.1 118.0
o cümlədən qeyri-neft sektoruna 13 047.3 112.1 118.3
Kənd təsərrüfatı məhsulu 5 244.6 104.9 106.6
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton 218.0 103.4 103.5
o cümlədən qeyri-neft yüklərinin daşınması 153.8 107.0 107.5
İnformasiya və rabitə xidmətlərinin həcmi 1 528.1 110.7 115.9
Pərakəndə ticarət dövriyyəsi 19 655.9 109.9 109.6
Əhaliyə göstərilən pullu xidmətlər 6 527.3 108.2 108.0
Əhalinin gəlirləri 37 555.5 108.0 113.9
Hər nəfərə düşən gəlirlər, manat 4 039.6 106.6 112.4
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat 419.0x) 106.6xx) 109.5xxx)
İstehlak qiymətlərinin indeksi x 102.4 101.1
Statistika məlumatı1):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 39 702.9x) 104.03) х
o cümlədən:
ixrac 29 974.3x) 101.03) х
ondan qeyri-neft məhsulu ixracı 1 615.2x) 107.43) 110.04)
idxal 9 728.6x) 113.23) 97.24)
Gömrük məlumatı2):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 31 721.8x) 107.43) 88.74)
o cümlədən:
ixrac 21 993.2x) 104.93) 85.54)
idxal 9 728.6x) 113.23) 97.24)
Qeyd:
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla.
2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3) 2013-cü ilin yanvar-noyabrı 2012-ci ilin yanvar-noyabrına nisbətən, müqayisəli qiymətlərlə;
4) 2012-ci ilin yanvar-noyabrı 2011-ci ilin yanvar-noyabrına nisbətən, müqayisəli qiymətlərlə;
x) 2013-cü ilin yanvar-noyabrı;
xx) 2013-cü ilin yanvar-noyabrı 2012-ci ilin yanvar-noyabrına nisbətən;
xxx) 2012-ci ilin yanvar-noyabrı 2011-ci ilin yanvar-noyabrına nisbətən.